“ŞUŞADAYAM...!”

Bunu Dilqəm Əsgərov deyir, bəs bizlər hardayıq?

“Hər kəsə salam deyin. Vəziyyətim yaxşıdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Tomas mənə gəlib baş çəkdi. Həftədə bir dəfə hamam olur. Gündə bir saat gəzinti olur. Köhnə tanışlarıma salam deyin. Hazırda Şuşadayam. Kamerada yanımda su kranı var. “Məhkəmə”lərim tamamlanıb. Yuxumda meşəçi Əlləddini görmüşəm. Vəziyyəti necədir?”

Bunlar, Dilqəm Əsgərovun yaxınlarına göndərdiyi məktubda yazdıqlarıdır. Həmin məktub dərc olunanda bir anda düşündük ki, nə qədər əli qələm tutan, vətən və ruh əhli olan yazarlar varsa, hamısı kükrəyəcək!

Ancaq nə oldu? Heç nə - biri mətişdən yazdı, biri hansısa yazarla başqa bir mətişin davasından yazdı, əxlaq, mənəviyyat dərsi keçdi və sair.

Görün bu “mətişləşmə” nə qədər qanımıza, canımıza hopub ki, vətən, ruh və ən nəhayət, can savaşı verən və MƏTANƏTİNİ sınmağa qoymayan ahıl yaşlı bir vətən oğlunun öz vətənindəki məhbəsdən yazdlığı məktuba heç kəs əhəmiyyət vermədi.

Əslində, bu məktubdakı təkcə “Şuşadayam!” kəlməsi minləri, milyonları riqqətə gətirməli idi. Görəsən, nə qədər insan ona həsəd apardı, ümumiyyətlə apardımı? Deyir gündə bir saat gəzinti olur, yanımda su kranı var... vəssalam! Amma adam bəlkə də bununla demək istəyir ki, yer üzündəki cənnətini tapıb!

Bəli, tapıb! Axı o Şuşadadır! O, bu dəqiqə həmin zindanda özünü hamıdan daha çox əsl şuşalı, kəlbəcərli, qarabağlı və nəhayət azərbaycanlı kimi hiss edir, axı o Şuşadadır!

Görün nə qədər ruhu sağlamdır ki, sonda meşəçi Ələddini soruşur – yuxumda meşəçi Ələddini görmüşəm, vəziyyəti necədir? Doğrusu, bilmirik meşəçi Ələddinin vəziyyəti necədir, ancaq hər halda heç kəs də bununla maraqlanmır, bizi daha çox “həci başqadu” deyən və onun aqibəti maraqlandırır...

O da məlum oldu ki, Dilqəm Əsgərov ermənilərdən əfv istəməyib və əfv məktubu yazmaqdan imtina edib. Görəsən, bu məmləkətdə belə vəziyyətə düşsə, bu məzmunda məktub yaza biləcək ruha sahib nə qədər insan var – axı bizi uzun illərdir əfv məktubu yazmağa öyrəşdiriblər...

Bir sözlə, qarşısında baş əyəcək qədər ruh adamıdır – bəs b(s)izlər necə, Şuşanı, Kəlbəcəri və diğər ata-baba yurdlarımızı o kişi qədər arzulayırıqmı, istəyirikmi?

Heç kəs bizdən inciməsin, yəqin ki, yox ! Necə deyərlər, biz də sizin tayınız - əgər istəsəydik orda - Şuşada olardıq – Dilqəm müəllim kimi!

Allah onun qapısını, bizlərinsə gözünü açsın, Amin!

Tahir M.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar