Bakıda mənzillər sürətlə ucuzlaşır

Bakının mənzil bazarında qiymətlər ötən ay da sabit qalmayıb. “MBA Consulting Group” şirkətindən fins.az-a verilən məlumata görə, iyun ayında paytaxtda 1 m2 mənzil sahəsinin qiyməti may ayı ilə müqayisədə 1% aşağı düşərək 1612 dollar təşkil edib. İlin əvvəlinə nisbətən ucuzlaşma isə 22%-dən çoxdur. Bakıda ən çox qiymət azalması Qaradağ (-12%), Suraxanı (-9,9%) və Sabunçu (-8,2%) rayonlarında müşahidə olunub. Ən çox qiymət artımı isə Abşeron (5,7%) və Yasamal (4,8%) rayonlarında qeydə alınıb.

Mənzillərin hər kavadratına görə ən yüksək qiymətlər Səbail (2131 dollar/m2), Yasamal (1684 dollar/m2) və Nərimanov (1661 dollar/m2) rayonlarında, ən aşağı qiymətlər isə Qaradağ (920 dollar/m2), Abşeron (1014 dollar/m2) və Xəzər (1034 dollar/m2) rayonlarındadır.

“MBA Consulting Group” şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir ki, mənzil bazarında ucuzlaşma tələbatın azalması ilə bağlıdır. Bu məsələdə isə ipoteka kreditlərinin məhdudlaşdırılması həlledici rol oynayıb: “Ucuz evlər əsasən ipoteka kreditləri ilə alınıb-satılırdı. Son bir neçə ayda ipoteka kreditlərinin verilməsində müəyyən məhdudiyyətlər var. Nəticədə, mənzil bazarında tələb azalır və qiymətlər düşür. Əvvəllər bahalı evlərin qiymətləri azalırdı, indi bahalı evlərin qiymətinin düşməsi dayanıb, ucuz evlərin qiymətləri isə daha da düşür. Yəni, bazarda hansı evlər “işləyirsə” onların qiyməti düşür. Qiymətlər artanda da onların qiyməti daha çox artır”.

Maraqlıdır ki, arxitektura və Minsk layihəli binalarda 15%-lik ucuzlaşma olduğu halda, “novostroyka”larda əskinə 2,4%-lik bahalaşma var. Mütəxəssis deyir ki, bu subyektiv səbəblərlə bağlıdır: “Göründüyü kimi, təkrar mənzil bazarında qiymətlər azalır, lakin “novostroyka”larda qiymətlər düşmür, bu da onunla bağlıdır ki, həmin binaların sahiblərinin pula bir o qədər də ehtiyacı yoxdur. Satılmırsa, gözləyirlər nə vaxt istədikləri qiymət verən olsa onda satırlar. Burada monopoliya var, lakin təkrar mənzil bazarında monopoliya yoxdur deyə qiymətlər azalır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar