MANAT NEFTƏ MƏĞLUB OLACAQ - Yeni devalvasiya gözlənilir

bankDünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycan milli valyutasına təsirsiz ötüşməyəcək

Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 60 dollardan aşağı düşüb. Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən ANS PRESS-ə verilən məlumata görə, London Fond Birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 3,06% və ya 1,88 dollar azalaraq 59,41 dollar olub. Dövlət büdcəsində 90 dollardan hesablanan Azərbaycan neftinin 60 dollardan aşağı düşməsi arzuolunan hal deyil.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov ANS PRESS-ə neftin qiymətinin dövlət büdcəsinə təsirindən danışıb. İqtisadçı hesab edir ki, neftin qiymətindəki ucuzlaşma davam edərsə, ölkə iqtisadiyyaı üçün mənfi təsirlər yarana bilər: “HazırdaYunanıstanda maliyyə böhranı ilə bağlı aparılan danışıqlar və İranın yenidən neft bazarına daxil olması “qara qızıl”ın qiymətinə psixoloji təsir göstərir. Bununla belə, Azərbaycan üçün psixoloji hədd 40 dollardır. Əgər neftin qiyməti 40 dollar və aşağı olarsa, Azərbaycanıntədiyyə balansı (bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistem) mənfi olur. Bununlada ölkəyə daxil olan valyuta ölkədən çıxan valyutadan daha az olur ki, nəticədə manata olan təsir artır. Eyni zamanda, bu proses dövlət gəlirlərinin də ciddi azalmasına gətirib çıxarır”.

V.Bayramovun fikrincə, indiki vəziyyətdə Maliyyə Nazirliyi gəlirlərlə xərclər arasındakı fərqi qoruyub saxlamağa çalışacaq. Ancaq arzuolunmaz proqnoz reallaşarsa ölkə iqtisadiyyatına qarşı təzyiq artacaq: “Güman edilir ki, neftin qiyməti kəskin ucuzlaşarsa, yəni 40 dollara qədər düşərsə Mərkəzi Bankın (MB) intervensiya xərcləri artacaq. Bununla yanaşı, MB manatı tənzimlənən valyuta rejimindən üzən valyuta rejiminə keçirə bilər. Bu isə manatın məzənnəsinə təsir edə, milli valyutanın ucuzlaşmasına səbəb ola bilər”, - deyə V.Bayramov əlavə edib.

Bir müddət öncə “Rossia 24” telekanalına müsahibə verən prezident İlham Əliyev neftin ucuzlaşmasında “yeganə mənfi hal”ı açıqlamışdı. Prezident, hökümətin il ərzində etməyi planlaşdırdığı işləri iki ilə görə biləcəyini söyləmişdi. Onun sözlərinə görə, neftin qiyməti 60 dollar olsa belə, Azərbaycan iqtisadiyyatı sabit inkişaf edəcək:“Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik”, - deyə İ.Əliyev qeyd edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dünyada neftin qiyməti kəskin ucuzlaşıb. Bunu xam neftin bazar qiymətlərinə nəzər salmaqla da görmək olar. 2014-cü ilin iyul ayında "Brent" markalı neft 110 dollar olduğu halda, hazırda bu neft 57 dollar civarındadır. Aradakı fərq isə nə az, nə çox tam 53 dollardır.May ayından bu yana isə neftin qiyməti təxminən 10 dollar ucuzlaşıb. Dioqrama diqqət yetirərək neftin son iki aydakı qiymətini müşahidə etmək olar.

Son bir il ərzində neftin dünya bazarındakı qiyməti

May ayından bu yana isə neftin qiyməti təxminən 10 dollar ucuzlaşıb. Dioqrama diqqət yetirərək neftin son iki aydakı qiymətini müşahidə etmək olar.

Neftin son iki ayda dünya bazarındakı qiyməti

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev də ANS PRESS-ə açıqlamasında neftin qiymətinin kəskin ucuzlaşmasının Azərbaycana təsirindən danışıb. İqtisadçı hesab edir ki, dünya bazarında neftin qiymətinin dəyişməsinə Azərbaycanın müdaxiləsi sıfıra bərabərdir. Oqtay Haqverdiyev İranın da bu bazara daxil olmasından sonra neft qiymətlərinin bir az da aşağı düşəcəyini güman edir: “Çünki təklif tələbdən çox olacaq və neftin qiyməti ucuzlaşacaq. Amma Çin və Braziliya kimi ölkələrin iqtisadiyyatının sürətli inkişafı və neftə tələbat “qara qızıl”ın ilin sonuna kimi 50-60 dollar civarında qalacağına əsas verir. Ancaq dünyada baş verən proseslər də neftin qiymətinə ciddi təsir edir. Gürürsünüz ki, Yunanıstanda baş verən maliyyə böhranı neftin qiymətinin ucuzlaşmasına səbəb oldu. ABŞ-ın neft hasilatını artırıb-azaltması da neftin qiymətini müəyyən edən amillərdəndir. Amerika dünya iqtisadiyyatına kifayət qədər təsir gücünə malikdir. Ona görə də neftin qiyməti ilə bağlı konkret proqnoz vermək çətindir”.

İqtisadçının fikrincə, Azərbaycan üçün neftin qiymətinin 60 dollardan aşağı düşməsi ölkə iqtisadiyyatı üçün elə də ciddi təsir etməyəcək. O.Haqverdiyev Azərbaycanın 50 milyard dollarlıq valyuta ehtiyatının olduğunu və bu vəsaitin prosesləri tənzimləməsinə imkan verəcəyini bildirib.

Dünya bazarında neftin qiymətinin illərə görə dəyişməsinə nəzər salsaq görərik ki, son 10 ildə neft minimum 40 dollar səviyyəsinə düşüb. Ancaq keçmişdə (1990-cı illərdə) neftin qiymətinin hətta 8 dollara qədər düşdüyü müşahidə edilib. 2008-2009-cu illərdə isə neft maksimum həddə (145 dollar) çatmışdı.

Dünya bazarında neftin qiymətinin illərə görə dəyişməsi

Azərbaycan neftinin yanvar-iyun ayları ərzində ixrac cədvəli aşağıda göstərilib.

Novorossiysk (678 min 46 ton), Supsalimanı (1 milyon 524 min 900 ton), Ceyhan limanı (9 milyon 203 min 947 ton)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar