İSA QƏMBƏRİN MİLLİ ŞURADA QALAN MÜŞAVİRİNƏ QARŞI ŞOK İTTİHAMLAR – Tofiq Hüseynli Abbas Abbasova işləyir?

Müsavat başqanı kimin vasitəsilə Abbas Abbasovla danışıb?

Məlum olduğu kimi, Müsavat Partiyasının Ali Məclis üzvü, partiya başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli Müsavat Partiyasının Milli Şura ilə bağlı qərarına əməl etməyərək, bu qurumda fəaliyyətini davam etdirəcəyini bəyan edib.

Tofiq Hüseynli İsa Qəmbərin ən yaxın dostlarından biridir. Onun bu qərarı Müsavatın Milli Şura ilə bağlı mövqeyinə, hələlik partiya daxilindən ən ciddi etiraz hesab olunur.

Belə görünür ki, onun partiyanın qərarına qarşı çıxması Müsavat başqanını qəzəbləndirib. Təsadüfi deyil ki, “Yeni Müsavat” qəzetinin bu günkü sayında həm də İsa Qəmbərlə Tofiq Hüseynlinin ikili danışıqlarına, razılaşmalarına istinad olunmaqla, başqan Müşavirinə qarşı ciddi ittihamlar irəli sürülüb, onun Rusiyaya – Abbas Abbasova işlədiyi iddia olunub. Bütün bu ittiham və iddialar isə İsveçrədə mühacirətdə olan jurnalist Elbəyi Həsənlinin imzası altında tirajlanıb...

Müəllif yazır:

“Əvvəla onu deyim ki, müsavatçıların “Qara Tofiq” kimi tanıdığı bu şəxs İsa Qəmbərin ən çox etibar etdiyi dostlarından biridir. O, Müsavatda olduğuna görə hələ sovet dönəmində qazandığı iri kapitalı əldən verməli olub. İş o yerə çatıb ki, zamanında ən bahalı maşınlara sahib olan Tofiq bəy sonda piyada da gəzib. Və günlərin birində o, Moskvaya üz tutub. Xeyli müddətdir ki, Rusiya paytaxtında bizneslə məşğuldur...

Milli Şura söhbəti ortaya atılanda Tofiq bəy qısa müddət birgə işlədiyi (Nazirlər Kabinetində) və yaxşı münasibətdə olduğu Abbas Abbasovu təmsilən Bakıya gəldi. Çünki Milli Şuranın əsas qurucusu üzdə Rüstəm İbrahimbəyov idisə, onun qədər, hətta bir az da artıq, Abbas Abbasov idi. Polkovnik İsa Sadıqovun Moskva görüşlərinə dair yazdığı yazılarda da görünməyən sima məhz Abbas Abbasovdur. Rüstəm İbrahimbəyova, onun vasitəsilə Azərbaycan müxalifətinə İlham Əliyevi devirmək üçün 20 milyon dollar vəd edən, bunun da bir qismini Bakıya göndərən də məhz odur! Rusiya adından danışan, vəd verən, Putinin Əliyev iqtidarını dəyişəcəyini əminliklə hər fürsətdə və hər toplantıda söyləyən də o - Abbas Abbasov olub. İsa Sadıqovun da iştirak etdiyi Moskva görüşlərinin birində “Mən istəyirəm Milli Şuranın sədri Eldar Namazov olsun”, deyən Rüstəm İbrahimbəyovun üstünə çəmkirən də Abbas Abbasov cənabları idi.

Nə demişdi həmin məqamda? “Eldar kimdi, onun başına adam yığmaq olar? Sən özün olacaqsan Milli Şuranın sədri ” - hökmünü də məhz Əsas Patron - Abbas Abbasov verib...

Milli Şuraya ilk gündən şübhə ilə və soyuq yanaşan Müsavat Partiyasının başqanı İsa Qəmbəri, sizcə, kim və necə razı saldı həmin quruma gəlməyə?

İsa Qəmbərlə təmas üçün Abbas Abbasov “Qara Tofiqi” göndərdi Bakıya. İstəsələr təsdiq, ya da təkzib edərlər, lakin bu, faktı və gerçəyi dəyişməz: Müsavat başqanını Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynov dəvət edib və İsa Qəmbər həm də onun personasını zamin bilərək, razılaşıb...”

Məqalədə daha sonra iddia olunur ki, Tofiq Hüseynlinin ilk dəfə olaraq Müsavatın qərarına qarşı çıxaraq Milli Şurada qalması da Abbas Abbasovun təlimatıdır:

“Milli Şura avantürasını ilk öncədən dağıtmalı olan Müsavat oradan çıxıb. Bununla da Milli Şura və bütünlüklə ölkə müxalifəti böhrana girib...

Müsavatın əfsanəsi “Qara Tofiq” isə həyatında ilk dəfə olaraq öz partiyasına qarşı çıxıb. Məsələ birmənalı olaraq aydındır - Abbas Abbasov ona deyib ki, hələ qal...”

Fikrimizcə, Bakıda hazırlandığı şübhə doğurmayan bu yazıdakı iddialar, ittiham və məlumatlar ilk növbədə Elə İsa Qəmbərin özünü pis vəziyyətdə qoya bilər. Belə çıxır ki, indi tamam başqa mövqe sərgiləməsinə baxmayaraq, Milli Şuranın yaranması, yəni seçki dövründə Müsavat partiyasının rəhbərliyi, konkret olaraq İsa Qəmbər Abbas Abbasovun timsalında Moskva ilə ciddi təmaslarda olub. Putinin bir nömrəli “canişini” ilə Müsavat başqanının vasitəçiliyini isə Tofiq Hüseynli edib.

Ortaya çoxlu suallar çıxır: Tofiq Hüseynli İsa Qəmbərə Abbas Abbasovun hansı vədlərini çatdırıb? İsa Qəmbəri, Milli Şuranın Rusiya proyekti olduğunu bildiyi halda, burda iştiraka necə razı salmaq mümkün olub? “Qara Tofiq” Müsavatın qərarına qarşı çıxıb Milli Şurada qalmasaydı, bu gizlinlər açılacaqdımı? Və nəhayət, İsa Qəmbər Rusiya xüsusi xidmətinə işləyən, yəni Vətənə xəyanət içində olan bir şəxsi - Tofiq Hüseynlini hələ də Müsavatda niyə saxlayır?

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar