Qudurğan məmur övladları

Nurəddin İSMAYIL

Məmur övladlarının harın və qudurğanlığı, qarşısı alınmaz prosesə çevrilib. Ölkə prezidentinin qudurğan, xuliqan məmur övladlarının ciddi cəzalandırılması, övladlarının hərəkətlərinə görə atalarının işdən azad olunacağı barədə səsləndirdiyi bəyanatlar da yetərli görünmür. Görünən odur ki, təkcə inzibati qaydalarla, sərt tədbirlərlə bu bəlanın aradan qaldırılması, azğınlığa, qudurğanlığa meyilli məmur övladlarının islah edilməsi heç də asan məsələ deyil.

Ictimai həyatımızda baş verən neqativlərin səbəblərini dərindən analiz etmədən, milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edən hadisələrin səbəb-nəticə əlaqələrini izləmədən, təlimin, tərbiyənin, tədrisin, ictimai mühitin, genoloji faktorların vəhdətindən doğan kamil insan problemini ortaya gətirmədən bu sahədə pozitiv nailiyyətlər əldə edilməsini düşünmək sadəlöhvlükdən başqa bir məsələ deyil.

Axı, ayaq tutub yeriyəndən ta həddi buluğa çatana qədər ərköyünlüklə bəslənən, hər şıltaq istəyi dərhal yerinə yetirilən, etdiyi naqis hərəkətlərinə valideynləri tərəfindən göz yumulan, anasının gül balası, atasının qoçu öladı omasından qürrələnən, müəlliminə hötü gedən, ağsaqqalına kəllə atan, on yaşından “ino marka” avtomobil minməyə, on beş yaşından restoranlarda dədəsinin harınlıqla əldə etdiyi pulları dağıtmağa meyilli olan və sonda avtoşluq edib xalqı saya salmayan övladdan bunlardan başqa nə gözləmək olar?

Adam evdə tərbiyədən məhrum, əməlli başlı təhsil almağa marağı yox, telekanallardakı zövqsüz, ət tökən verilişlərə aludə, ilahi duyğuları, mənəvi keyfiyyətləri, Allahsevərliyi aşılayan verilişlərin yoxluğundan da nəsibini almışdır. Cəmiyyət hər kəs üçün kurallarını, nizamını qorumağa, ədalətinə sığınmağa güvəndiyi böyük bir ailə rolunu oynamalıdır. Kiçik ailədən almadığını, götürə bilmədiyini nizamla, ölçü ilə, ədalətli qanunlarla tənzimlənən cəmiyyət ailəsindən bəhrələnməlidir.

Nə yazıqlar ki, bizdə fərdi mən, traybal təfəkkür ictimai məni, dövləti istəyi üstələyir və cəmiyyətin ailə rolunu arxa plana keçirir. Təbii ki, evində valideyinlərindən düzgün tərbiyə almayan, daxil olduğu cəmiyyətdə qanuna, dəyərlərə, milli adət-ənənələrə sayqını müşahidə etməyən, neqativlərə qarşı ictimai qınağı görməyən və yalnız pulun, vəzifənin insanlıq üzərində at oynatdığını izləyən övlad yolundan azacaq, onu mənəvi uçuruma sürükləyən hərəkətlərə meyillənəcəkdir. Pulun, sərvətin insan üzərindəki pozucu təsirini də nəzərə alsaq, zəhmətsiz gəlirlə böyüyən, əli pula öyrəşmiş, səfil, avara həyatı özünə kredo seçən məmur övladının özünün deyil valideynlərinin naqis hərəkətləri barədə düşünməliyik.

Biz müsəlman-türk dünyasının ayrılmaz tərkib hissəsiyik. Avropaya inteqrasiya olunmağımız da, Asiyada qalmağımız da bizi bu bağlardan ayırmamalıdır. Türk olan, türkçülük içində yer alan insan ədalətsiz, qaba, harın, qudurğan olması zatən türk soyuna xilaf olmaq demək. Qədim türk törəsində nəinki yolundan azmış sadə insanları, hətta, qudurub el-oba təəssübünü itirən el bəylərini də törə qanunları ilə cəzalandırmış və onu daha ədalətli bəylə əvəzləmişlər.

Ədalətin, bərabərliyin, insani yardımlaşmanın, əxlaqi ölçülərin, dininə, Allahına sarılmanın bariz örnəyi olan müsəlmanlıq da bizi mənfi keyfiyyətlərdən uzaq durmağa səsləyir. Di gəl ki, bu dəyərlərin qardaş Türkiyədə olduğu kimi nə televiziyalarda, nə gündəlik həyatımızda qədərincə insanlarımıza aşılanmasının şahidi olmuruq. Əsgəri mükəlləfiyyətin qan borcu, can borcu olduğu, şərəf hissi ilə qarşılandığı bir cəmiyyətdə bu şərəfli vəzifənin nə məmur, nə də qeyri-məmur övladı tərəfindən könülsüz qarşılanmasını kimsə düşünürsə, əlbəttə yanılır. Bayraq sevgisindən, himnin səslənədirilməsindən vəcdə gəlmək təkcə idman otunlarına hesablanmamalıdır. Könüllərdə ucalmayan, sızıltıya çevrilməyən nə bayraq, nə də himn insanı vətən sevgisinə, milli birliyə səsləyə bilməz.

Başqa bir yöndən yanaşsaq korrupsiyanın, rüşvətin çiçəkləndiyi, məddahlığa, yaltaqlığa meydan verildiyi, məmurların vətəndaşların başında qoz sındırdığı bir toplumda vətən sevgisi də, bayraq, himn sevgisi də, əstagfürullah, lap Allah cevgisi də arxa plana keçir və insanlıq öz yerini paranı, sərvəti Allahından çox sevən harınlamış məmur zümrəsinə və onların nəzarət edə bilmədiyi qudurğan övladlarının ixtiyarına buraxır.

Əslində bu yazını heç bir məmur övladının adını hallandırmadan, ümumi formada yazmaq istəsəm də etiraf etməliyəm ki, yazının baiskarı Səhiyyə Nazirliyi Səbail rayon Məhkəmə Tibb Ekspertiza İdarəsinin rəisi M.Məmədovun xuliqanlıqda, harınlıqda, qudurğanlıqda çox məmur övladını geridə qoyan oğlu Munis Məmmədovun sağlam düşüncəyə sığmayan üzdən iraq hərəkətləri oldu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar