"Abbas Abbasov təklif etdi ki, Müsavatın sıralarını tərk edim" - Tofiq Hüseynli danışdı

"Barəmdə yazını yazanlar həm də İsa Qəmbərə qarşı çıxmış olublar"

"Mənim Abbas Abbasovun göstərişilə Milli Şuraya qoşulmağım və onun tapşırığı ilə İsa Qəmbəri Şuraya üzv olmağa razı salmağım barədə deyilənlər cəfəngiyatdır. Sonunci dəfə Abbas Abbasovla 7-8 ay öncə Moskvada görüşmüşəm. Bizim münasibətlərimiz siyasi maraqlar üzərində qurulmayıb".

Bunu Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli "Yeni Müsavat" qəzetinin bu günkü sayında barəsində yazılanlara münasibət bildirərkən bildirib.

Qeyd edək ki, müəllifi mühacirətdə yaşayan Elbəyi Həsənli olan yazıda iddia olunur ki, İsa Qəmbər baş nazirin sabiq müavini Abbas Abbasovun istəyi ilə T.Hüseynli vasitəsilə Müsavat Partiyasının Milli Şuraya üzv olmasına razılıq verib:

"Əvvəla onu deyim ki, müsavatçıların “Qara Tofiq” kimi tanıdığı bu şəxs İsa Qəmbərin ən çox etibar etdiyi dostlarından biridir...Milli Şura söhbəti ortaya atılanda Tofiq bəy qısa müddət birgə işlədiyi (Nazirlər Kabinetində) və yaxşı münasibətdə olduğu Abbas Abbasovu təmsilən Bakıya gəldi. Çünki Milli Şuranın əsas qurucusu üzdə Rüstəm İbrahimbəyov idisə, onun qədər, hətta bir az da artıq, Abbas Abbasov idi. İsa Qəmbərlə təmas üçün Abbas Abbasov “Qara Tofiqi” göndərdi Bakıya. İstəsələr təsdiq, ya da təkzib edərlər, lakin bu, faktı və gerçəyi dəyişməz: Müsavat başqanını Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynov dəvət edib və İsa Qəmbər həm də onun personasını zamin bilərək, razılaşıb…”

T.Hüseynli bildirdi ki, Milli Şuranın Abbas Abbasov tərəfindən yaradıldığını iddia edənlər yanılırlar: "Abbas Abbasov dəfələrlə bəyan edib ki, prezidentə sadiqdir, onun kursunu dəstəkləyir. Mənimlə söhbətində Abbas Abbasov təklif etdi ki, müxalif mövqeyimdən əl çəkim. Təklif etdi ki, Müsavatın sıralarını tərk edim. Mən də ona mədəni şəkildə dedim ki, gəl siyasi söhbətlərə son qoyaq. Amma o, mənimlə bu səpkili söhbətlərini davam etdirəcəyini bildirdi. Hamı bilir ki, mən anadangəlmə müsavatçıyam və müsavatçılıqdan heç vaxt imtina etmərəm. Barəmdə bu yazını yazanlar həm də İsa Qəmbərə qarşı çıxmış olublar. İsa bəy elə insan deyil ki, kiminsə xahişilə qərar qəbul etsin, siyasi birliyə qoşulsun və ya oradan çıxsın. Təsəvvür etməzdim ki, nə vaxtsa Müsavat Partiyasına yaxın bir qəzetdə barəmdə belə yazı yazıla".

T.Hüseynli qeyd etdi ki, cəbhə hakimiyyəti dövründə nazir olanda A.Abbasovla əlaqələri olmayıb, görüşməyib: "Mənim onunla təmasım ilk dəfə Moskvada olub. İsa Qəmbərin də Abbas Abbasovla əlaqəsinin olduğunu düşünmürəm".

***

"Yeni Müsavat" qəzetində belə bir yazının dərcə olunması məndə təəssüf hissi doğurur". Bu sözləri "Azadlıq" Müsavat başqanının müşaviri Tofiq Hüseynli "Yeni Müsavat" qəzetində barəsində yazılanlara münasibət bildirərkən deyib. "Yeni Müsavat" qəzeti yazıb ki, İsa Qəmbər baş nazirin sabiq müavini Abbas Abbasovun istəyilə Tofiq Hüseynli vasitəsilə Müsavat Partiyasının Milli Şuraya üzv olmasına razılıq verib: "...Müsavatçıların "Qara Tofiq" kimi tanıdığı bu şəxs İsa Qəmbərin ən çox etibar etdiyi dostlarından biridir... Milli Şura söhbəti ortaya atılanda Tofiq bəy qısa müddət birgə işlədiyi (Nazirlər Kabinetində) və yaxşı münasibətdə olduğu Abbas Abbasovu təmsilən Bakıya gəldi. Çünki Milli Şuranın əsas qurucusu üzdə Rüstəm İbrahimbəyov idisə, onun qədər, hətta bir az da artıq, Abbas Abbasov idi. İsa Qəmbərlə təmas üçün Abbas Abbasov "Qara Tofiq"i göndərdi Bakıya. İstəsələr təsdiq, ya da təkzib edərlər, lakin bu, faktı və gerçəyi dəyişməz: Müsavat başqanını Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynov dəvət edib və İsa Qəmbər həm də onun personasını zamin bilərək, razılaşıb".

Tofiq Hüseynov isə bizimlə söhbətində bildirib ki, o səhhətindəki problemlərlə əlaqədar bir ildir aktiv siyasətlə məşğul olmur. Həmçinin bir ilə yaxındır Abbas Abbasovla görüşmür: "Abbas Abbasovla görüşəndə də heç vaxt siyasi söhbətimiz olmayıb. Digər tərəfdən Abbas Abbasov dəfələrlə açıq şəkildə bəyan edib ki, İlham Əliyev hakimiyyətini dəstəkləyir. O kölgəsindən qorxan adamdır. İndi necə ola bilər ki, hakimiyyəti dəstəkləyən bir şəxs Milli Şuranın yaranmasında hər hansı formada iştirak etsin? Bunlar hamısı cəfəngiyyatdır".

Tofiq Hüseynov əlavə edib ki, "Yeni Müsavat"da dərc edilən bu yazı bloggerlər Adnan Hacızadə və Emin Milli barədəki materialı xatırladır: "Adnan Hacızadə və Emin Milli həbs ediləndə də "Yeni Müsavat" qəzeti yazmışdı ki, Qərb bu gəncləri Azərbaycanda inqilab etmək üçün maliyyələşdirir. O zaman Hikmət Hacızadə bu yazıya belə cavab vermişdi: Bu iftiradır, böhtandır və əclaflıqdır. İndi mən də eyni cavabı verirəm: Bu iftiradır, böhtandır və əclaflıqdır".

Tofiq Hüseynov onu da bildirib ki, İsa Qəmbər onun xahişi ilə Milli Şuraya gəlmişdisə, indi də bu qurumda qalmalı idi: "Mən Milli Şuradayamsa İsa Qəmbər də burda olmalı idi. Bir də axı İsa Qəmbər o qədər zəif adam deyil ki, kiminsə diktəsilə addım atsın. Bir daha deyirəm ki, bütün bunlar cəfəngiyyatdır. Bu məsələni İsa Qəmbərin özündən də soruşun ki, belə bir şey olubmu?"

Müsavat başqanının müşaviri yazının sifariş ola biləcəyini istisna etməyib: "Hər şey ola bilər. Amma sifarişçinin kim olduğu barədə hər hansı mülahizəm yoxdur".

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar