SAHİBKARLARA GÖMRÜK - “BROKER” TƏLƏSİ – Azərbaycana belə zərbə vurulur

Aydın Əliyevin gömrükçüləri və Əbülfəz Məlikovun «brokerləri» ixracatla məşğul olanlara da güzəşt etmirlər

Azərbaycanın gömrük sistemində korrupsiya və rüşvətin geniş yayılması haqqında çox yazılıb. Xüsusən xaricdən idxal edilən məhsulları ölkəyə keçirmək üçün sahibkarlar qazanclarının bəzən 70-80 faizini əvvəlcədən gömrükdə rüşvət olaraq verməli olurlar. Bu da bir tərəfdən iş adamlarının sıradan çıxması, idxal məhsullarının inhisarçıların əlində cəmlənməsinə səbəb olursa, digər tərəfdən də, ölkədə bahalaşmaya şərait yaradır. Sahibkarlar gömrükdə ödədiyi rüşvəti ölkəyə gətirdiyi məhsulun üzərinə qoyur ki, bu da sadə vətəndaşların cibindən çıxır. Başqa sözlə desək, gömrükdəki rüşvətin zərbəsi əsasən himayəsiz iş adamlarına və sadə vətəndaşlara dəyir. Bu haqda çox yazılıb, təkrarlamaq istəməzdik.

Gömrükdə qurulan rüşvət sistemi iş adamlarının və sadə vətəndaşların soyulmasına səbəb olursa, dövlətin də iqtisadi baxımdan inkişafına əngəllər törədir. Bu özünü yalnız dövlət büdcəsinə bu sahədən daxil olan gəlirlərin şəxsi ciblərə axmasında özünü göstərmir. Həm də ölkədə işgüzar mühitin genişlənməsini, Azərbaycana investisiya axınını və eləcə də sahibkarlıq subyektlərinin xarici bazarlara çıxma imkanlarını məhdudlaşdırır.

Məsələ ondadır ki, ölkənin iqtisadi sərhədlərinə nəzarəti həyata keçirən Aydın Əliyevin gömrükçüləri və Əbülfəz Məlikovun «brokerləri» yalnız idxal edilən malları deyil, ixrac olunan məhsulları da rüşvətə cəlb edirlər. Bu fakt dövlətə və millətə qarşı xəyanət olsa da, nə yazıq ki, reallıqdır.

Belə ki, «AzPolitika.info»-ya verilən məlumata görə, ölkədən xaricə məhsul ixrac edənlər də gömrük-keçid məntəqələrində idxalçılarla heç bir fərq qoyulmadan, sözün həqiqi mənasında soyğunçuluqla üzləşirlər. Bəlkə də, yerli istehsalın inkişaf etməməsinin, əksinə bir çox yeni açılan müəssisələrin az müddətdən sonra iflasa uğramasının başlıca səbəblərindən biri də məhz xaricə məhsul ixrac etmək imkanlarının məhdudlaşdırılmasıdır. Baxmayaraq ki, hətta, prezident İlham Əliyev dəfələrlə hökumət üzvlərilə keçirdiyi müşavirələrdə ölkənin ixrac potensialının artırılmasının vacibliyini bildirib...

Ancaq Aydın Əliyevin gömrükçüləri və Əbülfəz Məlikovun «brokerləri»nin «rüşvət planı» heç kimi güzəştli kateqoriyaya daxil etməyə imkan vermir. O cümlədən ixracatçıları... Məsələ ondadır ki, daxili bazarın məhdud olması sahibkarları istehsalın inkişafı üçün xaricə məhsul ixrac etmək zərurəti ilə üzləşdirir.

Ancaq gömrükdə ixracatla məşğul olan sahibkarlara elə «haqq» qoyurlar ki, onlar xaricə məhsul çıxarmaq imkanlarından məhrum olur. Bunu iqtsadi sobataj da saymaq olar.

Çünki bu rüşvətə görə çox sahibkar hətta daxildə istehsalı dayandıraraq, anoloji müəssisələri gedib xaricdə açır.

Ölkədə təbii şirə istehsalı ilə məşğul olan müəssisələrdən birinin sahibinin redaksiyamıza verdiyi məlumat da bunu təsdiqləyir. Məlum səbəblərdən adının çəkilməsini istəməyən sahibkar qeyd edir ki, onlar Rusiyaya, Avropa ölkələrinə, hətta okeanın o tayına - Amerikaya məhsul ixrac edirdilər.

Ancaq gömrükdə tələb olunan «şapka» məhsullarının bu bazarlarda rəqabət imkanlarını məhdudlaşdırdığından, bir çox ölkələrə ixracatı dayandırmalı olub.

Belə ki, sahibkarın sözlərinə görə, gömrükdə qablaşdırılmış bir ədəd (həcmi 1 litr olan) məhsula görə rüsumdan əlavə 25-40 sent (məhsulun qiymətinə görə) haqq alınır. Bu isə təbii ki, məhsulun qiymətinin üzərinə gəldiyindən, xarici bazarda Azərbaycan məhsullarının rəqabət imkanlarını azaldır.

Qeyd edək ki, təbii şirələr «Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımları» kateqoriyasına daxildir. Bu zaman alınan gömrük rüsumlarının dəyəri isə o qədər də yüksək deyil. Məsələn, 100 min manatlıq məhsul üçün 100 manat rüsum nəzərdə tutulur. Bu isə o deməkdir ki, bir şüşə təbii şirə üçün rəsmi olaraq, çox kiçik həcmdə rüsum ödənilməlidir. Ancaq Gömrük Komitəsinin hər şüşəyə tələb etdiyi “haqq” bunun yüz qatıdır.

Məhz bu səbəbdən Azərbaycandakı şirə istehsalı ilə məşğul olan sahibkarlar Azərbaycanda işlərini dayandıraraq, anoloji müəssisələri Rusiyada, o cümlədən Dağıstanda açırlar. Hansı ki, onların bir hissəsi xammalı Azərbaycandan aparırlar. Diqqət edin, gömrükdəki rüşvətin həcmi nə qədər böyükdür ki, xammal Azərbaycandan aparıldığı halda onu Rusiyada istehsal edib bazara çıxarmaq daha ucuz başa gəlir.

Nəticədə xarici bazarlar Azərbaycan sahibkarlarının əlindən çıxır. Bu isə yalnız sahibkarın deyil, həm də dövlətin və vətəndaşların itirməsinə səbəb olur. Dövlət sahibkarın ödəyəcəyi vergidən, vətəndaş isə iş yerinədən, həmçinin məhsulunu təhvil verəcək istehsal müəssisəsindən məhrum olur.

Bir sözlə, gömrükdə Aydın Əliyevin gömrükçülərinin və Əbülfəz Məlikovun «brokerləri»nin yığdığı rüşvət, həm dövlətə, həm sahibkarlara, həm də sadə vətəndaşlara ciddi zərbə vurur. Ölkədə qeyri-neft sektorunun inkişafının ləngiməsinin, büdcənin neftin asılılığından qurtara bilməməsinin əsas səbəblərindən birini məhz gömrükdəki rüşvətdə axtarmaq lazımdır.

Başqa sözlə desək, gömrükdəki rüşvət mexanizmi Azərbaycanın hələ uzun illər xammal bazarı olaraq qalmasını şərtləndirir.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar