Ey, bicok Sterliqov, rədd ol Qarabağdan!

Mirzə AĞ

Xəbər verildiyi kimi, hansısa bir rusiyalı milyarder qəflətən-naçar, Qarabağa köçüb. Arvadını da gətirib. Özü guya işləməyə gəlib (Qarabağa, ha!), bəs görəsən daha arvadı nə üçün gətirib? Arvadın özünün dediyi kimi, guya o da otdan-ələfdən, merdən-meyvədən araq... pardon, pardon, dava-dərman qayıracaq. Məsələn, deyib ki, Qarabağda çox nadir müalicəvi bir meyvə yetişir - tut. Tutdan da ki, araq... lənət şeytana, hepatit «C»-ni müalicə etmək üçün dərman düzəldəcəklər və s.

Amma üstündən bir gün keçəndən sonra, cənab milyarder, keçmiş «bazar müdiri» (birja sahibi) nə təhər olubsa, un satmaq fikrinə düşüb. Unu da istehsal etmək üçün yaxınlıqda atılıb qalmış köhnə su dəyirmanından istifadə etməyi qarşıya müqəddəs vəzifə kimi qoyub. Yayılan xəbərlərə görə, Sterliqov artıq dəyirmanı alıb və bu barədə dizinin üstündə və bir neçə «avara dığa»nın iştirakı ilə «kustar müqavilə» də bağlayıb...

Xəbərlərdən belə nəticə çıxarmaq olar ki, Qarabağın təbiəti Sterliqovun yaman xoşuna gəlib. Üstəlik də bu ərazilərin «tanınmamış ərazi» olması onu lap vəcdə gətirib. Görünür ki, bu dələduzu Qarabağa elə məhz «tanınmamış ərazi», yəni ki, rəsmi nəzarətdən kənar ərazi olması gətirib çıxarıb. Belə deməyə yetərincə əsas var...

Məsələn, məlumdur ki, nəzarətsiz ərazilərdə «nəzarətdən kənar» hər növ kriminal fəaliyyətlə məşğul olurlar. Sterliqov da özünü sınamaq qəqarına gəlib. Kriminal fəaliyyət deyəndə ki, məsələn, çirkli pulların yuyulması, qaçaqmalçılıq, silah-sursat alış-verişi və nəhayət... narkotiklərin becərilməsi, emalı və idxalı-satışı fəaliyyətlərini nəzərdə tuturam. Bu sıraya, insan alverini də əlavə etsək, o zaman aydın olar ki, məhz nə üçün uzaq Ərəseydə doğulub, ərsəyə gəlmiş bu alkaş... pardon, pardon, bu «samaqonşik» qəflətən işğal ərazisi olan Qarabağa üz tutub. Yəni ki, nə üçüq Qarabağın günəşi onun gözlərini belə qamaşdırıb...

Sterliqovun keçmişi də bəzi düşüncələrə əsas verir. Birja adamı, sonra Moskvaya köçüb, orada nəsə yapıb... və nə təhər olubsa, bu şəhərdə onu və ailəsini kimlərsə təhdid edib, qorxudub, şantaj edib və s. O da məcbur olub, gözdən uzaq, könüldən iraq Qarabağa «qaçıb»! Özünün dediyi kimi, bu ərazilərdə «it yiyəsin tanımır, adama da heç bir sənəd-filan lazım gəlmir». Qorxu çox köpəkoğlu şeydir...

Amma Sterliqov kimilər elə siz deyən abır-ismət gözləyən deyillər. Qaçmaqdırsa, uzaq Sibirin Tayqa meşələrində gizlənmək daha məqbul-təhlükəsiz olmazdımı? Olardı, bircə əmması olmasaydı. İbarətdir ondan ki, Sibirdə - Tayqa meşələrində il boyu narkotik bitkilər becərmək mümkün deyil, Qarabağda isə mümkündür. Qarabağın iqlim şəraiti ilə ötəri tanışlıq belə deməyə əsas verir. Məlumdur ki, dünyanın əksər bölgələrində narkotik bitkilər alp və subalp dağlıq-meşəlik ərazilərdə becərilir. Qarabağ da belə ərazilərə malikdir, onun dağlıq hissəsindəki yağıntının miqdarı da bu məqsəd üçün yetərlidir. Nəhayət, buralarda dövlət-filan yoxdur ki, narkotik bitki becərdiyinə görə Sterliqovu təqib etsin və s. Deməli, qorxu-morxu barədə Sterliqovun danışdıqları məqsədli şaiyədən başqa bir şey deyil. Şübhə yoxdur ki, Sterliqov hətərən-pətərən danışır və bu torpaqlara üz tutmaqda məqsədi başqadır...

Qısası, böyük ehtimalla, bu alkaş... bağışlayın, milyarder Qarabağa narkotik istehsal-emal etmək və onu satıb pul qazanmaq üçün gəlib. Arvad adı ilə gətirdiyi zənəni isə görünür «faydalı məqsədlər» üçün istifadə etməyə gətirib. Araşdırılsa, heç arvadı-filanı olmadığı da üzə çıxar. Uzaq başı, bu gün Rusiyada dəbdə olan kimi, deyəcək ki, biz arvadımla «qrajdanskiy brak» əsasında yaşayırıq...

Odur ki, səsim çatsa idi ona belə deyərdim: Ey, bicok German, «temniş, odnako», rədd ol Qarabağdan!!!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar