“POLAD ƏLƏMDAR” LƏQƏBLİ İCRA BAŞÇISININ YENİ BİZNESİ - Maralçılığa meyl salıb
Onun bu biznesi 48 bələdiyyə, 42 icra nümayəndəsinə baha başa gəlib
Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun bərbad idarəçiliyi rayonda gərginlik yaradıb. Başçının dəyişkən xasiyyəti onun idarə, müəssisə və təşkilat rəhbərləri ilə xoş olmayan münasibətinin yaranmasına səbəb olub. Qeyri-səmimi mühit, qərarların tez-tez dəyişdirilməsi 210 min əhalisi olan rayonu qarışdırıb. Ötən saylarımızdan birində “Şəmkirin icra başçısı rayonu qarışdırıb” sərlövhəli yazıda bu haqda məlumat vermişdik. Bu sayımızda icra başçısının iş adamları, bələdiyyə və icra nümayəndələri ilə münasibətlərinə toxunacağıq.
Şəhidlər Xiyabanında baş tutmayan xurma biznesi
A.Məmmədov bu dəfə özünü maralçılıq biznesində sınamağa qərar verib. Rayondakı qaynağımız deyir ki, başçı istəyini gerçəkləşdirmək üçün Çənlibel kəndi ərazində fermer təsərrüfatı yaradıb. Həmin təsərrüfata vaxtilə Çənlibel bələdiyyəsinin sədri olmuş Sabir adında şəxsi rəhbər təyin edib. Ən maraqlı məqamlardan biri də odur ki, başçı fermada bəslənəcək maralların yem təminatını yerli icra nümayəndəliklərinə və bələdiyyələrə həvalə edib. Şəmkirdə 48 bələdiyyə, 42 icra nümayəndəliyinə ildə maral fermasına 1000 manat civarında qeyri-rəsmi yardım göstərilməsi tapşırılıb.
Təsərrüfat qısa müddətdə yaradılsa da, ora marallar gətirilməyib. Amma maralların yeminin pulunu 48 bələdiyyə və 42 icra nümayəndəliyindən artıq alıblar...
Şəmkir bələdiyyələrinə ayrılan milyonlarla dotasiyanın şəhər bələdiyyəsinin hesabına köçürülməsinin sirri...
Şəmkirdə keçirilən tenderlərin qalibi - icra başçısına yaxın MMC...
A.Məmmədovun özünə yaxın olmayan sahibkarlara neqativ münasibəti də rayonda müzakirə olunan mövzulardandır. O, başçı təyin olunandan sonra rayonun Dəllər qəsəbəsinin ərazisindəki obyektlərin köçürülməsi göstərişini verib. Bu köçürmə əməliyyatı abadlaşdırma adı altında baş tutub. Sahibkarlar başçının köçürülmə ilə bağlı qərarına etiraz etsələr də, A.Məmmədov bildiyini edib. Nəticədə onlarla sahibkara daha prespektivsiz coğrafi mövqeyi olan Sabir kəndinin ərazisində yer ayrılıb. Əllərində Dəllərdəki mülklərinin sənədləri olan sahibkarlara Sabir kəndi ərazisində torpaq verilsə də, həmin torpağa aid yalnız icra müqaviləsi təqdim olunub. Hazırda isə icra başçısına yaxınlığı ilə tanınan şəxslər sahibkarlara Dəllərdəki obyektlərinin sökülməməsi haqda vədlər verməklə onlardan pul yığırlar. Pul verməyənlərin, haqqını tələb edən sahibkarların isə obyektləri dağıdılır.(musavat.com)
Onu da qeyd edək ki, Mili Məclisin deputatı Etibar Hüseynov Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədovu Türkiyənin məşhur serial qəhrəmanı Polad Ələmdarla müqayisə edib. Deputat Şəmkirdə keçirilən, mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir barədə fikirlərini bölüşərkən belə deyib:
“Artıq bir neçə gündür ki, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir. Matçın ortasında Polad Ələmdar ədasıyla təşrif buyurub səhnəyə qalxmaq, oyunçuların diqqətini yayındırıb özünlə gətirdiyin fotoqrafa poz vermək üçün Şəmkirin icra başçısı Alimpaşa Məmmədov olmaq lazımdı..”.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.