KƏRƏM HƏSƏNOVA BÖYÜK SƏLAHİYYƏTLƏR VERİLİB - ƏMDK torpaqlara nəzarətə başladı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanda torpaqların mühafizəsinə və təyinatı üzrə istifadəyə nəzarətə başlayıb. Fins.az-ın məlumatına görə, bu barədə ƏMDK-da 2015-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə dair görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə bildirilib.

Müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov bildirib ki, Azərbaycanda mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Azərbaycan prezidenti İlham Əliyev 4 may 2015-ci il tarixli fərmanı ilə ƏMDK-nin yeni Əsasnaməsi təsdiqlənib. Yeni əsasnaməyə uyğun olaraq daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar komitəyə həvalə edilib.

Torpaqlara ƏMDK nəzarət edəcək

Bu vəzifələrə dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili aiddir. Torpaqların dövlət mühafizəsi və qorunması, torpaqların təyinatı üzrə istifadəsinə dövlət nəzarəti də komitəyə həvalə edilib. Bundan başqa, ƏMDK torpaq bazarının təşkili, bütün kateqoriyalı torpaqların elektron uçotu və torpaq məlumat bankının yaradılması, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi ilə də məşğul olacaq.

Torpaq hərraclarını ƏMDK təşkil edəcək

Yeni əsasnaməyə görə, ƏMDK ölkədəki bütün torpaqların sərhədlərini dəqiqləşdirəcək. Dövlət və bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin təşkili də komitəyə həvalə edilib.

Torpaq müfəttişləri işə başlayıb

Komitə sədri çıxışında bildirib ki, Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilib. Komitənin şəhər və rayonlar üzrə dövlət müfəttişləri bütün respublika üzrə torpaq qanunvericiliyinə riayət olunmasına nəzarət edəcəklər.

Sənədləşmədə elekton xəritələrdən istifadə olunacaq

Müşavirədə bildirilib ki, torpaq sahələrinin sənədləşdirilməsi zamanı elektron xəritələrdən geniş istifadə olunmalıdır. Bu, torpaq sahələrinin təyinatının dəqiq müəyyən edilməsinə imkan verəcək. Eləcə də, mühafizə zonalarında torpaq sahələrindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması üzrə ardıcıl nəzarət tədbirləri həyata keçiriləcək.

Qeyri-qanuni istifadənin qarşısı alınacaq

Artıq yeni Əsasnamə ilə müəyyən edilmiş işlərin həyata keçirilməsinə başlanıb. Belə ki, dövlət qurumları və bələdiyyələrlə birlikdə Regional İşgüzar Forumlara start verilib. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadənin qarşısını almaq üçün tədbirlər gücləndirilib, torpaqların sahələrinin dəqiq sərhədlərinin təyin edilməsi üçün işlərə başlanıb. Hazırda bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir və bu prosesə beynəlxalq ekspertlər cəlb olunur. Müşavirədə komitə sədri torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsinə nəzarətin gücləndirilməsi, qanunsuz istifadə hallarının aradan qaldırılması, torpaq bazarının təşkili, torpaq sərhədləri ilə bağlı uyğunsuzluqların aradan qaldırılması işlərinin sürətləndirilməsi barədə tapşırıqlar verib.

Komitə sədri həmçinin daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri ilə bağlı tapşırıqlarını da səsləndirib. Bildirilib ki, qeydiyyatın aparılmasında “bir pəncərə” prinsipinin tətbiqi tam təmin olunmalı, vətəndaşların müraciətləri operativ həll edilməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar