“RUSİYA QƏRBDƏN İMDAD DİLİYƏCƏK... ” - RƏSUL QULİYEV

"Müxalifətin ağlar gündə olması Amerikanın Azərbaycan siyasətində vaxt udma siyasətini qabarıq şəkildə göstərir"

ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə müşaviri bir neçə gün öncə qəfildən Bakıda zühur edərək, maraqlı açıqlamalarda bulundu, "Cənub" qaz dəhlizi ilə bağlı bildirdi ki, bu layihə təkcə kommersiya deyil, daha çox diplomatik və strateji önəm kəsb edir.

Görünür, Azərbaycandakı insan haqları və söz azadlığı sahəsindəki vəziyyəti mütəmadi tənqid etməsinə baxmayaraq, Vaşinqtonun "nə əldən qoyur, nə yardan doyur" siyasəti davam edəcək. Başqa bir vacib məqamsa Putinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına gələcəyi ilə bağlı bəyanatıdır. Bu, Azərbaycanı zorən Avropadan ayırmaqdır, yoxa sadəcə Qərbin əsəbləriylə oynamaq?

Eks-spiker Rəsul Quliyevin bu məsələlərlə bağlı maraqlı şərhini təqdim edirik.

"Böyük ölkələrin xarici siyasəti şahmat oyunudur. Oyunun əvvəlindən strategiya qurmasan və taktiki addımlarla ona doğru irəliləməsən, uduzmağa məhkumsan. ABŞ üçün ən mühüm məsələ superderjav statusunu uzun müddətə saxlamaqdır. ABŞ-ın dünyanın supergücü olmasının tarixi Birinci Dünya müharibəsinin gedişində - 1918-ci ildə qoşunlarını Fransanın sahillərinə çıxarmasından başlayır. 100 ilə yaxındır ABŞ superderjavadır və 1965 - 1990-cı illər ərzində Sovet İttifaqı ancaq nüvə silahının və transkontinental raketlərinin sayına görə, ikinci superderjava olub. 1990-cı ildən ABŞ-ın yaratdığı raket əleyhinə müdafiə sistemi yenidən bu ölkəyə dünyanın tək super derjava statusunu qaytarıb. Çin Xalq Respublikasının 30 il bundan öncə başladığı iqtisadi reformalar öz nəticəsini çox qısa bir müddətdə göstərdi. 2000 - ci illərdən Çinin dünyada daim artmaqda olan təsirinin qarşısını almaq üçün ABŞ yeni strategiya qurmağa məcbur oldu. Həmin strategiyanı hər il korreksiya etmək məcburiyyətində qalan (Çinin ildə 8 - 10 faiz milli gəlirini artırmasına görə) ABŞ, bir neçə istiqamətdə iş aparır. Hansılardır bu istiqamətlər?

1. ABŞ-ın təbii partnyorlarının hamısı demokratik seçkilərin nəticəsində formalaşmış dövlətlərdir. Bu partnyorların içərisində birinci yeri Avropa İttifaqı tutur. Və Avropa İttifaqı həmişə (milli məhsul istehsalına görə artıq Amerikanı keçməsinə baxmayaraq) ABŞ-ın "kiçik qardaş" partnyoru olacaq. Çünki Avropa İttifaqı monolit deyil. ABŞ-ı, məsələn Almaniya, Fransa və qismən İtaliya böyük qardaş istəməsə belə, yerdə qalan ölkələrin hamısı başda Böyük Britaniya olmaqla, "böyük qardaş" kimi qəbul edir və bu həmişə belə olacaq. Amerika qitəsindən bir neçə ölkələri (Venasuela, Nikaraqua, Boliviya - avtoritar rejimli ölkələr) çıxmaq şərtilə, yerdə qalan ölkələrin hamısı ABŞ-ın partnyorlarıdır və hər vaxt qalacaqlar. Bu ölkələrin ABŞ - la münasibəti birbaşa ölkədəki korrupsiya və rüşvətin səviyyəsindən asılıdır. Məsələn, korrupsiya və rüşvətin olmadığı Çili Amerikaya Brazilyadan daha yaxındır.

İnsan haqlarının müdafiə edilməsi, demokratiyanın bütün ölkələrdə inkişaf etməsi ABŞ - ın siyasətinin əsas tərkib hissəsidir, qlobal superdövlət strategiyasının bir nömrəli istiqamətidir və bu istiqamət heç vaxt dəyişilməyəcək. ABŞ demokratiyanın bərqərar olması üçün müxtəlif ölkələrdə müxtəlif variantlardan istifadə edir. Hansı ölkələrdə müxalifətin ölkəni idarə etməyə gücü yetərlidirsə və müxalifətdə demokratik ideyalar hakimiyyətə gəlmək naminə deyil, sözün əsl mənasında qəbul edilirsə, o ölkələrə mənəvi və maddi dəstək verir. Şərqi Avropa ölkələri, keçmiş Sovet İttifaqından Ukrayna (2 dəfə), Gürcüstan, Moldova, Baltik respublikaları bu ölkələrdəndir. Ölkə daxilində müxalifətin zəif və ya olmadığı təqdirdə məcburən siyasəti başqa istiqamətdə aparır və bu məcburi istiqaməti bu tip ölkələrin zəif müxalifəti ikili standart adlandırır. Məsələn, Səudiyyə Ərəbistanı, Qatar, Orta Asiya ölkələri, Azərbaycan müxalifəti olmayan ölkələr sırasına daxildir və təbii Amerika, məsələn, Ukraynada apardığı siyasəti bu ölkələrdə aparmaq şansına malik deyil. Amerikanın 2006-cı ilə qədər Azərbaycanda apardığı siyasətlə bu günkü siyasəti arasında yerlə göy qədər fərq vardır. 2012-ci ilin əvvəlində Azərbaycanda dəyişiklik etmək olar (demokratik seçkilər) məsələsinə yenidən entuziazmla yanaşan ABŞ-ın ümidlərinin üzərindən 2013-cü ilin ortalarında müxalifətin özünü aparması qara bir xətt çəkdi və bu proses indiki özlərini müxalifət adlandıranlar meydanı tərk etməyəcəyi günə qədər belə də davam edəcək. Bu, heç də Amerika Azərbaycanın prezidenti və onun siyasətini neft və qaza görə dəstəkləyir demək deyildir, bu, xalqının hakimiyyətə sahib çıxmaq şansı olmayan bir ölkə ilə diplomatik əlaqələri kəsmək və ya gərginləşdirməklə onu təhlükə saydığı ölkələrin (Rusiya və Çinin) qucağına atılmasına mane olmaq deməkdir.

2. ABŞ-ın stategiyasının tərkib hissələrindən biri başqa ölkələrdə olan korrupsiya və rüşvətin qarşısını almaq üçün beynəlxalq mübarizəni təşkil etməkdir. Çünki korrupsiya və rüşvətin inkişaf etdiyi ölkələri Çin və ya Rusiya kimi böyük dövlətlər müxtəlif vədlər və birbaşa verilən rüşvətlə və ya diktatorların qara biznesinə şərait yaratmaqla bu ölkələrin siyasətlərini bildikləri kimi yönəldirlər. Super derjav olmaq istəyən Çin və onun əlaltısı rolunda çıxış edən Rusiya (Putinin fikrincə Qərb RF-nı bərabər partnyor kimi qəbul etmir, ancaq Çin qəbul edir. Ancaq çox qısa bir zamanda Çin Rusiyanı hətta Hindistandandan aşağı səviyyəli partnyor olduğunu açıq aşkar göstərəcək) iqtisadi inkişafının tempini saxlamaq üçün yeni bazarlar ələ keçirmək istəyir. Həmin o ŞOS - lar, BRİKS - lər Çin tərəfindən bu məqsədlə yaranıb. Bu ittifaqda olan və oraya daxil olmaq istəyənlərin daxili bazarlarının Çin malları tərəfindən işğalı, əsas istehsal sahələrinin Çin investisiyası ilə zəbt olunması qaçılmazdır. Siz özünüz bir anlığa müqayisə edin. Məsələn, Rusiya (Orta Asiya ölkələri, Azərbaycandan heç söhbət açmağa dəyməz) Çinə neft və qazdan başqa hansı istehsal etdiyi malı sata bilər, heç bir şey. Çinsə bu ölkələrin hamısına iynədən tutmuş müasir texnologiyalı kosmik raket sisteminə qədər, hər şey sata bilər. Çinin superdövlət olmaq siyasəti məlumdur və ABŞ buna mane olmaq istəyir. Ukrayna hadisələrindən sonra RF  Çinin bu məqsədini həyata keçirməsinə kömək edir. Çinlə belə əmakdaşlıqda RF-nın ölkəsinin müstəqilliyini sual altına qoyduğunu anlaması üçün müəyyən bir vaxt lazımdır, yəni 10 ildən sonra Rusiya ölkəsinə böyük sürətlə nüfuz edən Çinin təhlükəsini başa düşüb, Qərbdən imdad diləyəcək, buna heç şübhə yoxdur. Ancaq bu məqam çatana qədər ABŞ ətrafda olan böyük və kiçik ölkələrin o cümlədən Azərbaycanın maksimum bu birliyə yaxınlaşmaması üçün çalışır. Və bu işi o tək Azərbaycanda yox, Orta Asiya ölkələri, Hindistan, Pakistan və İranda da görür. 2015 - ci ildən ABŞ heç bir başqa ölkədən neft və qaz almır, əksinə, ixrac etməyə hazırlaşır. İqtisadi lazımlılıq baxımından dünyada neft və qaz hasilatının aşağı düşməsi ABŞ üçün əhəmiyyət kəsb edir və onun eksport potensialını artırır. Ona görə də ABŞ - ın Azərbaycan neftində marağı var iddiası avamlıqdır, heç Azərbaycanda ABŞ neft firması belə yoxdur. ABŞ - ın neftdə yox, Azərbaycanda Rusiyanın təsirinin minimal etməkdə marağı var və o bu işi görür. Sözsüz, ABŞ Azərbaycanda demokratik, xalqın hökumətinin yaranmasını istəyir, çünki bu hadisə Azərbaycanı həmişə qərblə olmağa məhkum edir. Ancaq ölkənin indiki daxili vəziyyəti və müxalifətin ağlar gündə olması Amerikanın Azərbaycanla əlaqədar siyasətində vaxt udma siyasətini qabarıq şəkildə göstərir. Son 100 ildə ölkədə kifayət qədər ağıllı və xalqın inadığı müxalifətin olmadığı şəraitdə hətta işğal yolu ilə ABŞ heç bir ölkədə (Vyetnam, İraq, Əfqanıstan, Liviya) demokratiyanın tam qələbə çalmasına nail ola bilməyib. Ancaq daxildə sağlam müxalifəti olan 10-larla ölkədə ( o cümlədən, bizim yaxşı tanıdığımız Ukrayna, Gürcüstan, Moldova) işğalsız demokratiyanın qələbə çalmasına nail olub. Bir çox başını zora salmaq istəməyənlər "mən ABŞ - da yaşayıram, ona görə də belə yazmalıyam" iddiası ilə çıxış edirlər. Mən yazdıqlarım obyektiv analizdir, ABŞ siyasəti üçün alternativ düşünənlər boş danışmaqdansa Amerika hansı siyasəti aparsa Azərbaycanda nə isə dəyişməyə nail olmaq olar, bunu yazsın. Dediklərini indiyə qədər olmuş hadisələrlə sübuta yetirsin."

Rəsul Quliyev bir neçə cümlə də Qərbin İranla dil tapmasına münasibət bildirib:ƏR"İranın nüvə tədqiqatları ilə əlaqədar qəbul olunmuş razılıq ilk növbədə İran xalqının inkişafına xidmət edəcək. Ancaq İrandan eksport embarqosunun çıxarılması müəyyən vaxt tələb edəcək. Neftin qiymətinin aşağı düşməsində İranın neft hasilatı mühüm rol oynaya bilər. İlk növbədə Rusiyanın neft eksportu çətin vəziyyətə düşəcək. Çünki İran neftinin istehsalının maya dəyəri Rusiyanınkından azı 3 dəfə aşağıdır. İranla imzalanmış saziş böyük dövlətlərin strategiyasında müəyyən dəyişiklər etməyə səbəb olacaq. Ancaq bu barədə konkret fikir söyləməyin zamana ehtiyacı var." (Moderator.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar