MÜSAVATI MİLLİ ŞURADAN KİM QOPARDI? – Əsas versiyaya kiçik əlavə

Müxalifətin birliyi həm Qərbə, həm də Rusiyaya lazım idi...

“Cəmil Həsənlinin seçkidən sonrakı ABŞ səfərində ona çox açıq mesaj verilmişdi ki, müxalifətin birliyini – Milli Şuranı qoruyub saxlamaq çox vacibdir. Bu mərhələdə Milli Şura ciddi nailiyyət əldə edə bilməsə də, 2015-ci ildə - parlament seçkiləri zamanı belə bir birliklə uğur qazanmaq mümkündür. Təsadüfi deyil ki, Cəmil Həsənli ABŞ-dan qayıtdıqdan sonra Milli Şuraya sədr seçildi və bütün gücünü təşkilatın qorunub-saxlanılmasına yönəltdi”.

Bunları AzPolitika.info-ya Milli Şura ətrafında baş verənləri şərh edərkən, nüfuzlu ekspertlərdən biri söyləyib. Qərbin müxalifətin birliyində, Milli Şuranın qorunub saxlanılmasında maraqlı olduğunu, təşkilatın liderlərinə bununla bağlı açıq mesajlar verildiyini qeyd edən ekspertin fikrincə, güclü müxalifət ABŞ və onun Avropadakı tərəfdaşlarına Azərbaycan hakimiyyətini təzyiq altında saxlamaq üçün lazımdır.

Ekspertin bu fikrini ciddiyə almamaq mümkün deyil. Lakin ortada danılmaz bir həqiqət var ki, Milli Şura hansısa Qərb dövlətinin, təşkilatının səyləri nəticəsində deyil, məhz Rusiyanın fəal iştirakı ilə formalaşmış, prezident seçkiləri ərəfəsində hakimiyyəti narahat edən real qüvvə kimi meydana atılmışdı. Ümumilikdə 9 oktyabr prezident seçkiləri sakit keçsə də, prosesin özü hakimiyyət üçün kifayət qədər ağır oldu və bunun başlıca səbəbi Milli Şuranın arxasında Rusiyanın dayandığı haqda şübhələr idi. Başqa sözlə, Milli Şura, əsasən, Rusiyanın səyləri nəticəsində yaransa da, müəyyən qədər Qərblə Rusiyanın ortaq proyekti təsirini bağışlayırdı. Təsadüfi deyil ki, bu qurumda ən müxtəlif oriyentasiyalı siyasi qüvvələr – həm Rüsiyanın təsiri altında olanlar, həm də Qərbpərəstlər birləşmişdilər.

İndi isə, yenə də həm Rusiyanın, həm də Qərbin Milli Şuranın yaşamasında maraqlı olduğunu göstərən kifayət qədər məlumatlar var. Məsələn, yuxarıda da qeyd etdik ki, seçkidən sonra Cəmil Həsənlinin ABŞ səfərində ona birliyi qoruyub saxlamaq mesajları verilib və bu barədə Milli Şuranın rəhbərliyinə daxil olan siyasətçilər məlumatlıdırlar.

Rusiyanın Milli Şuranın yaşamasında maraqlı olub-olmadığını görmək üçün isə, Rüstəm İbrahimbəyovun seçkidən sonrakı qərarlarını təhlil etmək kifayətdir. Milli Şuranın keçmiş sədri birliyin saxlanılması, Müsavatın bəhanələrini əlindən almaq üçün əvvəlcə sədrlikdən, daha sonra isə fəxri sədrlikdən imtina etdi. R.İbrahimbəyovun sırf Rusiyanın təlimatları əsasında hərəkət etdiyini iddia etmək fikrindən uzağıq. Lakin bu da danılmaz faktdır ki, Abbas Abbasovun onun siyasətə atılmasında və sonrakı qərarlarında ciddi rolu olub və bu gün də var. Moskvadakı mənbələr təsdiqləyirlər ki, onlar tez-tez görüşərək, məsləhətləşirlər.

Belə olduqda sual olunur: Milli Şurada birləşən bir sıra ciddi qüvvələr, müstəqil ziyalılar, həmçinin Azərbaycanda marağı olan xarici güclər Milli Şuranın qorunub saxlanılmasın istəyirlərsə, Müsavat bu qurumu niyə tərk etdi və Milli Şura niyə dağılmaq təhlükəsi qarşısındadır.

Bu suala birmənalı cavab vermək çətindir. Əlbəttə, həm müxalifət, həm də xarici güclər Milli Şuranın yaşamasının tərəfdarıdırsa, bu qurumun dağılmasında yeganə maraqlı tərəf qalır – hakimiyyət! Bu baxımdan Müsavatın Milli Şuradan getməsini hakimiyyətlə bağlamaq ən ağılabatan versiya kimi görünür. Çox böyük ehtimalla, Müsavatın cəmiyyət üçün müəmmalı qalan bu addımının arxasında, həqiqətən də, hakimiyyətin rolu var. Lakin nəzərə almaq lazımdır ki, hakimiyyətin müəyyən stimullaşdırıcı addımları olmasa da belə, Milli Şurada qalmaq Müsavatın partiya maraqlarına o qədər də cavab vermirdi. Milli Şura daxilində Müsavata qarşı əzici çoxluğun görünməyən ittifaqı yaranmışdı və yarandığı dövrdən bu yana prinsipial məsələlərlə bağlı Müsavatın bir dənə də olsun təklifi qəbul olunmamışdı. Bu formatın qorunub-saxlanılacağı təqdirdə Milli Şura daxilində səs nisbətinin Müsavatın xeyrinə dəyişdirilməsi şansı da yox idi.

Fikrimizcə, bu, ədalətsizlik idi və ümumilikdə Milli Şuranın ən böyük problemlərindən biri idi. Bu qurumun formalaşdırılmasında çox böyük səhvlər buraxılmışdı. Kəmiyyət keyfiyyət məsələsini üstələmişdi. Cəmiyyətdə heç bir nüfuzu olmayan, tanınmayan, çoxu da savadsız və məsuliyyətsiz xeyli adam müxtəlif siyahılar əsasında Milli Şuraya üzv edilmişdi. Milli Şura, ideya ortaya çıxan vaxt nəzərdə tutulduğu kimi, 40-50 nüfuzlu siyasətçi, ictimai xadimlərdən, ziyalılardan ibarət formalaşdırılmaq əvəzinə say süni şəkildə şişirdildi və təşkilat əcaib bir hala salındı. Hansısa polis mayorundan təlimat alan adamlar İsa Qəmbər, Əli Kərimli kimi partiya liderləri ilə bərabərhüquqlu səs sahibinə çevrildilər...

Yəni, Müsavatın Milli Şuranı tərk etməsini hakimiyyətlə bağlamaq asandır, amma belə məsələlər də var idi və onları da nəzərə almaq lazımdır.

Bununla belə, qeyd etmək yerinə düşər ki, Müsavatın Milli Şurada islahatlara çağırmaq, qurumda təmizləmə aparmağa çalışmaq seçimi də var idi. Partiya bunu etmək əvəzinə birliyi dağıtmaq yolunu tutdu və bu məsələdə hakimiyyətin “izi” açıq şəkildə görünür...

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar