Bağışlayın bizi, Analar...

Mətləb MÜTƏLLİMLİ, İstiqlalçı millət vəkili

Bu günlərdə dostumuz, beynəlxalq hüquq üzrə tanınmış hüquqşünas, Niderlandda mühacir həyatı yaşayan Ataxan bəy Əbilovun 50 yaşı tamam oldu. İş elə gətirdi ki, zəng edib onu təbrik edəndən bir gün sonra Cənub zonasına səfərə getdim. Yola çıxarkən qərara aldım ki, oğluna qarşı haqsızlığa dözməyən, 2010-cu ildə xətrini dünyalar qədər istədiyi alim oğlunun çiynində haqq dünyasına qovuşa bilməyən, Vəsməğə ananın məzarını ziyarət edim.

Bu işdə - Ataxan müəllimin kəndinin tapılmasında, məzar üstünə əklil alınmasında, Yasin oxutdurmaq üçün molla tapılmasında Masallı rayonunda yaşayan dostum Qəhrəman mənə yardımçı olmalı idi. Sağ olsun, o, bu işi çox yüksək səviyyədə gördü, dost yanında başımı uca etdi. Biz məzarlığa yaxınlaşanda gün batmaq üzrə idi və ananın məzarının üstünə əklil qoyandan, Yasin surəsi oxunub qurtarandan sonra Vəsməğə ananın daşa hopmuş qəmli, həsrətli baxışları, baş daşında yazılan bir bənd şer qəlbimi dağladı.

Doydum bu dünyanın naz-nemətindən

Olmadı gileyim ulu tanrıdan

Razılığım oldu hər övladımdan

Doymadım bir övladın həsrətindən

Budur bugünkü Azərbaycanın reallığı, gerçəkliyi, acı mənzərəsi. Sifətlərinə humanistlik maskası taxıb əcnəbilərə qucaq açan, öz yetimlərini ac-yalavanc qoyub onların yetimlərinin motalını doyuzduran, xristianların, katoliklərin kilsələrinə, abidələrinə milyonlar xərcləyib ucuz ad qazanan bu hakimiyyət, son 12 ildə nə qədər anaları ağlar qoyub, onların günahsız övladlarını ev -eşiyindən didərgin edib çöllərə salıb?

Mən bilərəkdən burada Vəsməğə ananın daşa hopmuş həsrət dolu gözlərini göstərmirəm. Axı, bütün dünyada analar birdir, əvəzolunmazdır, müqəddəsdir, eyni əzab yükünü daşıyırlar . Bəli, bu dünyaya milyonlarla istedadlı rəssamlar gəldi, fitri istedadlı heykəltaraşlar iz qoydu getdi, təəssüf ki, onlardan hec biri ilahi Ana ürəyini tam dolğun vəsf edə bilmədi, bəşəriyyətin şah əsərinin-Ana ürəyinin möcüzəsini kəşf edə bilmədi, sirrini aça bilmədi. Bağışlayın bizi, əziz analar, bu dünyaya gələndən sizə əzab gətirdik, iztirab gətirdik, həsrət gətirdik.

Əvvəllər uşaq olduq, nadan olduq, qədrinizi layiqincə bilmədik. Yaşa dolduq, ayağımız yer tutdu, əlimiz çörəyə çatdı, sizin kimi ləyaqətlə, təmiz yaşamağa davam etmək istədik, amma nə yazıqlar ki , bu qansızlar, imansızlar, Allahsızlar aman vermədi. Çətinliklər müvəqqətidir düşündük, sizin dediyiniz halal yolla xoşbəxtliyə, xoş gələcəyə qovuşmaq istədik, bu acgözlər, tamahkarlar, gödənlərinin əsirləri, rüşvətxorlar hər cür hiyləyə əl atdı, heç cürə buna imkan vermədi. Hələ bu azmış kimi, bir sürü qalstuklu, sifəti padoşdan seçilməyən yaltaq, satqın, yala görə anasının əmcəyini kəsməyə hazır olanlar bizə hürməyə başladı.

Məhz, buna görədir ki, bu gün Azərbaycanda haqq nahaqqa məğlub olur, ədalətsizlik ədalətə, şər xeyrə üstün gəlir, vicdanlı insanlar zindanlara doldurulur, lotu-potular isə yuxarı başa aparılır. Bizi bağışlayın, analar, hələ ki, sizin iztirablarınızı, ağrı-acılarınızı azalda bilmədik, layiq olduğunuz gözəl-qayğısız həyatı sizə yaşada bilmədik, bir çox hallarda çiynimizdə sizi son mənzilə yola sala, baş qoyduğunuz torpağı müqəddəs pir kimi öpə bilmədik . Amma, Siz öyrətdiyiniz kimi, inamımızı itirmirik, bilirik ki, pis günün ömrü az olar, zalımın zülmü heç vaxt yerdə qalmaz. Çətin günlərimizdə bizə Gülbacı nənəm kimi həmişə ümid vermisiniz, dəstəmazlı əllərinizi göyə, hər şeyə qadir olan Allaha tərəf qaldırıb inamla demisiniz : “Ey, Allahım! Ədalətdən dəm vurub millətimizə qarşı hər addımda ədalətsizlik törədən zülümkarlardan onları qoru, hifz elə, zalımlara layiq olduqları cəzanı qiyamət gününə saxlama, indi ver. Biz bilirik, zalımların zora söykənən gücü varsa, bizim də yenilməz Allahımız var, Sən varsan!”

13.07.2015.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar