"SİRUS TƏBRİZLİNİ ZƏHƏRLƏYİB ÖLDÜRÜBLƏR..."- Əli İnsanovdan ŞOK ittihamlar - VİDEO-FOTO- YENİLƏNİB

"Gecə-gündüz məndən əfv yazmaq diləyirlər, yazmıram"

 "Bu ölkədə diktatura var. İnqilabı da NİDA vətəndaş hərəkatı başlayıb və bu proses başa çatacaq..."

Yanvarın 17-də Bakı Apelyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun şikayəti üzrə ikinci proses keçirilib.

Bu dəfə keçmiş nazirin əsas ittiham – 11 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökmdən şikayətinə baxılıb.

Məhkəmədə iştirak edən reportyorumuz xəbər verir ki, İnsanov çıxışında siyasi sifarişlə həbs edildiyini, sifarişin birbaşa ölkə başçısı İlham Əliyevdən gəldiyini bildirib və hakimiyyətə sərt ittihamlar səsləndirib. Əli İnsanovun dediklərindən: "Görün, bu milləti İlham Əliyev nə günə qoydu. Biz beləmi arzulamışdıq? Siz haqqı bərqərar etmək gücündə deyilsiz, heç olmasa batili ifşa edin. Ey İlham Əliyev, eşit və bil. Xalqın iradəsi üzərində Allahdan başqa güc yoxdur. Mən bura susmağa gəlməmişəm, danışmağa gəlmişəm. Doqquzuncu ildir ki, İlham Əliyevin göstərişi ilə bütün işgəncə yerlərindən keçmişəm. Bircə qəbiristanlıq qalıb...

Bu məhkəmə nə hökumətin, nə də bizim şikayət əsasında keçirilir. Bu proses Avropa Məhkəməsinin qərarı əsasında keçirilir. Mənim həbsimə siyasi göstərişin kimdən gəldiyi işimə baxan müstəntiqin, hakimlərin, hətta türmə rəisinin kim olduğu hamıya bəllidir. O, bir nəfərdir - İlham Əliyev.

O tək mənə yox, bütün millətimə nifrət edir. Millətdən qisas alır. Millət də ona borclu qalmadı - 9 oktyabrda ona səs vermədi. Nə mən, nə də dünya onun legitimliyini tanıyırıq.

Ali Məhkəmənin sədri Ramiz Rzayev qanunun tələbi yox, prezidentinin göstərişi əsasında qərar çıxarır. Məni həbsdə saxlamaq üçün birinci instansiya məhkəməsinin hökmünü ləğv etmədilər. Halbu ki Avropa Məhkəməsinin aşkarladığı pozuntular orda baş vermişdi. Ramiz Rzayev Avropa Məhkəməsinin qərarının icrasına imkan vermədi.

Ramiz Rzayev deyir ki, biz müstəqil dövlətik, heç bir beynəlxalq təşkilat bizə göstəriş verə bilməz. Bu, onun yox, prezidentinin sözüdür. Nə qədər qüsurlu tezisdir? Bu o deməkdir ki, biz istədiyimiz vəhşiliyi edə bilərik. Ali Məhkəmənin sədri prezidentinin ağzından düşən qüsurlu tezisi təkrarlayırsa, daha nə demək olar? Düşmən dəyirmanına suyu biz yox. bu hakimiyyət tökür...

Otuza yaxın məhkəmə iddiam olub, yüzə yaxın məhkəmə iclası keçirilib. Necə ola bilər ki, bunların birində də vətəndaşın xeyrinə qərar çıxarılmasın?..

Hörmətli hakimlər, əslində mən sizin də ürəyinizdən keçən, demək istədiyiniz, ama deyə bilmədiklərinizi dilə gətirirəm. Sizin haqq-ədaləti bərpa etməyə gücünüz, batili ifşa etməyə cəsarətiniz çatmır. Sifarişlərini yerinə yetirdiyiniz adamlar Azərbaycanı dünyada etibarsız tərəfdaş kimi rüsvay edib, erməni lobbisinin əlinə kart verib. İlham Əliyev 50 ildə prezident olsa, Qarabağ problemini həll edə bilməz. Bu həqiqətləri dilə gətirənlər ya Elmar Hüseynov, Şahmərdan Cəfərov, Ziya Bünyadov kimi güllələnir, ya Sirus Təbrizli kimi zəhərlənir, ya ölkədən sürgün olunur, ya da mənim kimi həbsə atılır.

İlham Əliyev bu ölkəyə bəla gəlib. Mənim qolum quruyardı ona "bəli" deyən yerdə. Milləti aldatdılar. İndi top-tüfəng, polis arxasında gizlənib. Cəsarətin varsa, gəl üz-üzə, kişi kimi mübarizə aparaq.

İlham Əliyev məni sındırmaq istəyir. Amma bil, İlham Əliyev, buna sənin savadın, cəsarətin və başqa keyfiyyətlərin çatmaz.

Gecə-gündüz məndən əfv yazmaq diləyirlər, yazmıram. İlham Əliyev getsin, öz ətrafındakı tayfasını əfv etsin. Hamısı təpədən dırnağa qədər cinayət içindədir...

Vəkillərimin verdiyi üç vəsatətin heç biri təmin olunmadı. Bu gün burada baş verənlər açıq aşkar qərəzin, İlham Əliyev tərəfindən verilmiş sifarişin təzahürüdür. Cidanı çuvalda gizlətmək olmaz. Mən bilirəm ki, siz hakimlər hər ay Heydər Əliyev Fonduna pul köçürürsünüz. Hardan alırsız bu pulları? Sizin halınıza acıyıram. Hüqo deyirdi ki, diktatura və inqilab əkiz qardaşdır. Bu ölkədə diktatura var. İnqilabı da NİDA vətəndaş hərəkatı başlayıb və bu proses başa çatacaq....

Mən Sirus Təbrizlinin həkimi olmuşam, sağlam adam idi. O, öz əcəli ilə ölə bilməzdi. Elə zəhər var ki, insanı uzun müddət yatırdıb öldürür. Sirus Təbrizli Ismayıllı hadisələrindən sonra “görəsən Bakıda kimi və nəyi yandıracaqlar?” ifadəsini işlətmişdi. Bu sözdən sonra onu zəhərlədilər..."

Bu iş üzrə də məhkəmə yanvarın 31-də davam edəcək. O vaxta qədər Bakı Apelyasiya Məhkəməsinin sədri Əli İnsanovun hakimlər heyətinə etirazına baxıb. qərar verməlidir.(azadlıq.info)

"Fikrət Məmmədov nə vaxtdan Əli İnsanovu saymır?"

Yanvarın 17-də Bakı Apelyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə qarşı şikayəti üzrə məhkəmə keçirilib. Prosesə hakim Sənan Hacıyev sədrlik edib.

Məhkəmədə cavabdehlərdən Penitensiar Xidmətin nümayəndəsi Ziya Dadaşov iştirak etsə də, Ədliyyə Nazirliyinin təmsilçisi olmayıb. Elə bu səbəbdən Əli İnsanov etiraz edərək, şəxsən ədliyyə naziri Fikrət Məmmədovun özünün məhkəmədə iştirakı barədə vəsatət qaldırıb: “Mənim iddiamın əsasında şəxsən Fikrət Məmmədovun özü durur. O nəyə arxayındır ki, nəinki özü gəlməyib, heç nümayəndəsini də göndərməyib. Mənə verilən işgəncələrin başında şəxsən onun özü durur. Xalası oğlu İlham Əliyevin tapışırığı əsasında. Ona görə də vəsatət verirəm ki, Fikrət Məmmədov özü gəlsin. Mənim ona çoxlu suallarım var”.

Vəsatət müzakirəyə çıxarılarkən Penitensiar Xidmətin nümayəndəsi bildirib ki, Penitensiar Xidmət Ədliyyə Nazirliyinin strukturudur, bu səbəbdən məhkəmədə onun iştirakı ilə kifayətlənmək olar, prosesdə Ədliyyə Nazirliyinin də təmsil olunmasına ehtiyac yoxdur.

Əli İnsanovun nümayəndəsi Ağaveyis Şahverdi bu arqumentə etiraz etdi: “Ədliyyə Nazirliyi etibarnamə veribmi ki, Penitensiar Xidmətin nümayəndəsi onu da təmsil etsin. Digər tərəfdən, iddianın əsasında cavabdeh şəxs kimi şəxsən nazir özü durur”.

Əli İnsanov bir daha məhkəməyə müraciət edərək Fikrət Məmmədovun özünü prosesdə görmək istədiyini dedi: “Hardadır bu məmləkətin ədaləti. Ədalət naziri heç sizin özünüzü sayıb bura nümayəndə göndərmir. Bu Fikrət Məmmədov nə vaxtdan Əli İnsanovu saymır? Xalası oğlu İlham Əliyevə arxayındır? Nahaq arxayındır. Yanındakıları idarə edə bilməyən adam bu boyda nazirliyi idarə edir. Bizə də işgəncə verdirir”.

Məhkəmə belə qərara gəldi ki, proses Ədliyyə Nazirliyinin nümayəndəsi olmadan keçirilə bilməz. Təxirəsalınma barədə qərar Əli İnsanovun etirazına səbəb oldu: “Yəqin siyasi göstəriş belədir ki, proses uzansın. Bunlar məhkəməni uzatmaq üçün bəhanə axtarırlar”.

İş üzə növbəti məhkəmə iclası yanvarın 31-ə təyin olundu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar