YENİ NAZİR BAKIDAKI HƏRBİ HİSSƏLƏRİN TORPAĞINI İŞBAZLARA SATIR -  Şok İTTİHAM

Üzeyir Cəfərov: «Sual olunur, Bakının mərkəzində, ən bahalı torpaq sahəsi olan ərazilərdə hərbi hissələrin ləğvi nədən irəli gəlib? Ən dəhşətlisi odur ki, rabitə, kəşfiyyat hərbi hissələri ləğv edilib»

"Nəcməddin Sadıqova tabe olan Bakı, Salyan, Sumqayıtda və digər yerlərdə də hərbi hissələr ləğv olunub..."

Bakıda üç hərbi hissə ləğv olunub. Müdafiə Nazirliyi mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Ilham Əliyevin orduda islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək, müdafiə qabiliyyətini möhkəmləndirmək, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətini artırmaq məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilib.

Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, hərbi hissələrin ləğvi barədə nazirlikdən verilən açıqlamaların heç biri həqiqətə uyğun deyil. Yəni, məhz dövlət başçısının tapşırığı əsasında hərbi hissələrin ləğvi barədə səslənən fikirlər doğru deyil:  “Lazımsız hərbi hissələr var ki, onların ləğvi daha məqsədəuyğun olardı. Maraqlısı odur ki, strateji əhəmiyyət kəsb edən və yalnız baş qərargah rəisi, Nəcməddin Sadıqova tabe olan hərbi hissələr ləğv olunub. Onu da deyim ki, təkcə üç hərbi hissə ləğv edilməyib. Bakı, Salyan, Sumqayıtda və digər yerlərdə də hərbi hissələr ləğv olunub. Bu hərbi hissələrin ləğvi heç də yaxşı məqsədlə həyata keçirilməyib. Bizdə məlumat var ki, həmin hərbi hissələrin ərazisi bəzi işbazlar tərəfindən alınaraq, orada Müdafiə Nazirliyi sisteminə aid olmayan obyekt və tikinti işləri aparmaq nəzərdə tutulub. Sual olunur, Bakının mərkəzində, ən bahalı torpaq sahəsi olan ərazilərdə hərbi hissələrin ləğvi nədən irəli gəlib? Ən dəhşətlisi odur ki, rabitə, kəşfiyyat hərbi hissələri ləğv edilib. Məgər Azərbaycan müharibəni artıq başa vurub ki, həmin hərbi hissələr ləğv olunur? Bəs onların ləğvi əvəzində nələr həyata keçirilir? Bakının mərkəzində rabitə hərbi hissəsini tamam profilinə uyğun olmayan bir hərbi hissə ilə birləşdirirlər. Sonra gizir rütbəli bir şəxsin rütbəsi polkovnik-leytenanta qaldırılaraq, ora təyin edilir”.

Ekspert bir daha vurğulayır ki, ləğv edilən hərbi hissələrin sayı üçdən bir neçə dəfə çoxdur və Müdafiə Nazirliyi təkcə Bakıdakıları deyil, digərlərinin də yerini açıqlamalıdır: “Amma bunu etmir. Çünki bilir ki, mətbuat həmin əraziləri nəzarətə götürəcək və gələcəkdə orada başqa təmayüllü tikintilər olanda nazirlik çıxılmaz vəziyyətdə qalacaq. Amma indilikdə bu məsələlərə dair narahatlıqlar barədə susmaq xəyanətə bərabərdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar