Demokratik Avropa, yoxsa anti-demokratik Rusiya?

Nurəddin İSMAYIL

Qərbin Azərbaycanda insan haqlarının pozulması, demokratik geriləmələr, siyasi məhbus problemi, tanınmış jurnalistlərin, qeyri-hökumət təşkilatı rəhbərlərinin siyasi motivlərlə həbs edilməsi ilə bağlı tənqidi qeydləri, beynəlxalq hesabatlarda Azərbaycanın insan haqlarının pozulduğu ölkələr sırasına daxil edilməsi, heç vaxt indiki qədər iqtidar mənsublarını qəzəbləndirməmişdi. İş o yerə çatıb ki, dövlət başçısı ayrı-ayrı məmurların, hakim siyasi partiya funksionerlərinin ölkəmizin Avropaya inteqrasiya olunmasının vacibliyi ilə bağlı səsləndirdiyi bəyanatları məqbul hesab etməyib və dolayı yolla onları bu fikirləri səsləndirməkdən uzaq olmağa dəvət edib.

Nə vaş verir? Ölkə rəhbərliyini xarici siyasət kursumuzun Avroatlantik məkana inteqrasiya olunması ilə bağlı elan edilmiş prioritetlərini dəyişdirməyə məcbur edən səbəb nədir? Baş verənlərin Qərbin Azərbaycanda fundamental insan hüquqlarının pozulmasını ən üst düzeydə səsləndirməsi faktından doğan qəzəbdən və yaxud ölkəmizin qərbə yönəlik siyasətindən əndişə duyan Rusiyanın Azərbaycana diş qıcamasından irəli gəldiyini araşdırmaq zorundayıq.

Qəbul etsək ki, siyasi kursda baş verən bu kəskin dəyişilmələr Putin Rusiyasının təcavüzkar niyyətlərinin gerçəkləşməsi qorxusundan yaranır, onda adı çəkilən ölkənin müstəqillik əldə etdiyimiz gündən üzü bu yana imperialist niyyətlərindən bir gün də olsa geri durmadığının canlı şahidləri olmağımız, bizi məsələnin kökü barədə başqa qənaətə gəlməyə vadar edir.

Zatən bu təhdidlər, Azərbaycanı özünün vassalı şəklində görmək istəyi Rusiyanın, ölkəmiz daxil, itirdiyi ərazilərə yenidən sahib olmaq barədə beynində cızdığı xəyali trayektoriyadan qidasını alır. İçinə qatıldığımız, dərdini-bəlasını yaşamağa məcbur olduğumuz Qarabağ problemi də məhz Rusiyanın hələ otuz il bundan əvvəl ölkəmizə qarşı yeritdiyi aqressiv siyasətin bu günlə səsləşən davamından başqa bir şey deyil. Demək Rusiya qorxusu bu günün söhbəti deyil və istiqlalımıza qarşı yönələn bu qorxunc siyasət rus ayısı candan düşənə qədər davam edəcək.

Əlbəttə, biz qonşu dövlətlərik və bizimlə müqayisədə böyük hərbi, iqtisadi, siyasi güc baxımından çox irəlidə olan bir ölkə ilə münasibətlərimizdə, diplomatik əlaqələrimizdə incə, ehtiyatlı davranış nümayiş etdirmək zorundayıq. Lakin nə Rusiyanın hərbi üstünlüyü, nə onların imperialist zehniyyəti, nə də Qarabağ kartını əlndə tutub ölkəmizi təhdid altında saxlama cəhdləri Azərbaycanı böyük iqtisadi projelərin müştərək qolu kimi çıxış edən, texnologiyası, idarə etmə sistemi, demokratik quruluşu dünyada örnək olan Avropadan üz döndərməyə vadar etməməlidir. Elə isə dünya görüşü, coğrafi quruluşu baxımından ayrılmaz hissəsi olduğumuz mütərəqqi dünyadan üz döndərib bizi hissəsinə çevirmək, təzədən imperialist çaynağında əzmək istəyən Rusiyaya bu qədər meyllənmənin anlamı nə?

Bəlkə Rusiyaya meyllənmənin qaynağını Rusiyanın təhdidlərində deyil, qərbin son vaxtlar insan haqları ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı tutduğu güzəştsiz mövqeyində axtaraq? Biz iqtidar rəsmiləri tərəfindən səsləndirilən o fikirlə tam razıyıq ki, münaqişəli məsələlərin həllinə yanaşmada, təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycanı tərəzinin eyni gözünə qoymaqda xristian təəssübkeşliyindən doğan ikili standartlar hökm sürür və bu fakt təkcə Azərbaycana qarşı deyil, bütövlükdə türk-müsəlman dünyasına münasibətdə açıq-aşkar özünü biruzə verir.

Lakin bu fərdi yanaşmalar bizi hər cür yeniliyin, demokratik dəyərlərin yer aldığı, insan zəkası və qabiliyyətinin özünü təsdiq üçün meydan verildiyi, qanunun aliliyinin, insan haqlarının ən yüksək səviyyədə qorunduğu Avropadan üz döndərməyə, yönümüzü yönü bilməyən, nəinki ətrafında olan ölkələri, öz millətini belə iqtisadi, siyasi inkişafdan məhrum edən, ərazisinə, siyasi idarəçiliyinə zorən daxil etdiyi xalqların, ölkələrin içinə yüz il sonranın fitnə fəsadını yayan, erməniyə ağalıq edən Rusiyaya tərəf dartmamalıdır!

Özünü Avropadan təcrid etmə, bütün parametrləri ilə Avropadan geri qalan, aqressiyası, qaba siyasəti tarixi ərazilərimizin itkisinə səbəb olan Rusiya ilə qardaşlaşmaq bizə xoş gələcəkdən xəbər vermir. Bu gün də biz qarışıq MDB ölkələrini, Ukraynanı, Baltikyanı respublikaları özünün əyaləti olmasını rəsmilərinin dili car çəkdirən, Azərbaycanı bölüb-parcalayan, qaraçı erməni axınını tarixi ərazilərimizə köçürdüb başımıza bəlalar açan, iyrənc siyasəti ilə bizi Dərbənddən, Borçalıdan, Göyçədən məhrum edən, sovet adi ilə allahsızlığı gətirən, rus adı ilə şovinizmi bayraq edən bir təcavüzkar dövlətlə, örnək Avropa arasında seçim etmək bu qədərmi fərasət, bu qədərmi siyasi uzaq görənlik tələb edir?

Biz unuduruq ki, Avropaya inteqrasiya təkcə iqtisadi göstəricilər üzrə deyil, siyasi, mədəni, insan haqlarına sayqı göstərilməsi, demokratik dəyərlərin qorunması ilə də geçəkləşməlidir. Siyasi dəyişikliklər, demokratik gəlişmələr olmadan, iqtisadi tərəqqi qərarlaşa bilməz. Görünən, iqtidar yetkililərinin dilindən səslənən fikirlər ondan xəbər verir ki, biz qərbin insan haqları, demokratik islahatlar barədə sələndirdiyi tənqidi qeydlərdən nəticə çıxarmaq, ölkəmizin demokratik inkişafını təmin edən ciddi addımlar atmaq əvəzinə, bu tənqidləri qərəzdən qəbul edib, üzümüzü demokratiya barədə bizi sorğu-sual etməyən dönük Rusiyaya tutmaqdan üstün dəyərləndirirk.

Bu yanlış bir siyasət.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar