Dualarımızı qəbul et, Allahım!

Nurəddin İSMAYIL

Oruc tutub, namaz qılanların, əlləri göylərdə Allaha dua edənlərin, dözümlə, səbrlə ilahi imtahandan şərəflə çıxdığı Müqəddəs Ramazan ayı başa çatdı. Hər kəs arzu və diləklərinin yerinə yetirilməsi üçün Allaha üz tutub dualar etdi. Uca Tanrı duaları qəbul edəndir. Biz günahkar bəndələrin də Allah dərgəhına ünvanlanan duaları var.

Ya Rəbbim, millətimizi düz yoldan sapdırma. Haqq işi uğrunda mübarizədən bir gün də olsa bizi aralı salma. Qoyma, özgür yaratdığın insanın boynundan köləlik zəncirini assınlar. Fürsət vermə, halal insanlar yolunda tuzaq quranlara elə bir tuzaq qurdur ki, böyüklüyün qarşısında necə də miskin olduqlarını anlasınlar. Bizi hər şeyn Sənə dönəcəyi hikmətindən nəticə çıxarmaqda aciz buraxma.

Ruzi və bərəkətini bizlərdən əskik etmə. Darda buraxma bizləri. Sənə sığınanlardan nicat əlini kəsmə. Ən böyük qoruyucumuz Sənsən. Sən qorudun müşrüklər təqibindən mağaraya sığınan peyqəmbərimiz Rəsuli-Əkrəmi. İbrahimi atəşlər qoynundan, Yusifi ölüm quyusundan sən xilas edib, aləmlərdə ucaltdın. Dadımıza çat, ya rəbbim! Kasıbların, imkanından bəhrələnə bilməyənlərin, Səndən imdad diləyənlərin dadına çat. Varlıların ürəyinə mərhəmət toxumu səp. O varlının varını var et ki, özünü yoxsullara qardaş bilir. Qardaşlaşmadır, yardımlaşmadır müsəlmanlığın baş şüarı.

Ya Rəbbim, bizi zülmə boyun əydirmə! İlahi feyzdən qaynaqlanan azad ruhmuzu zalıma qarşı sipər et! Sən bizi uca və şərəfli yaratdın. İnsan ucalığı və şərəfləndirdiyin şərəfdən əskik etmə! Hər şeyi - bütün varlığı nizamla yaratdın. Bizi nizamdan, ədəb-ərkandan, nizamla yaratdığın ilahi qanunlara tabe olmaqdan uzaq salma.

Biz yalnız Sənə qul olmaqdan şərəf duyarıq. Bizi başqalarına, başqa millətlərə qul etmə. Ya Rəbbim bizi faili-muxtar yaratdın. Seçməkdə, yaxşını pisdən ayırmaqda bizi düz qərar verənlərdən et. Bütün varlıqlara ayrılıqlar, fərqliliklər, rəngarənglilər içində vəhdətdə yaşamaq hökmünü Sən verdin. Vəhdətimiz pozulmaqda, birliyimiz əldən getmədə, Allahım, vəhdətimizi, birliyimizi pozanlara aman vermə!

Nemət və ruzilərlə yer üzünü bərəkətləndirdiyin millətlər sırasındayıq. Bizi yetirdiyin nemət və ruzini qoruyub, Sənə həmdi-sənalar edənlərdən et. Olum da, ölüm də Sənin təqdirinlədir. Olumla ölüm arasındakı yolda bizi yalnız buraxma, dərgahına qovuşmaq yolunda iradəmizi əskik etmə. Tam və bütöv yaratdığın aləmdə bizi qütbləşmədən, firqələrə parçalanmadan, başqasının haqqını yeməkdən saqındır, ya rəbbim.

Hökmün qüdrətli, hər şeyə qadirsən. Baxışına, dünya görüşünə görə insanlar haqqında ədalətsiz hökm çıxaran hakimlərə hökmün necə necə olduğunu anlat, qadirliyini göstər Allahım. Qul haqqı yeyənləri, qövmü üzərində hegemonluq edənləri hidayət yoluna gətir.

Cəzan ən böyük mükafatdır. Cəzalandır, yolundan azmışları, haqdan üzü dönmüşləri, içində şər, dilində yalan gəzdirənləri, aramıza nifaq toxumu səpənləri, birliyimizi pozanları, məzlum haqqını yeyənləri, din adına xurafat yayanları, məzhəb davasını ümmət davasında üstün tutanları, təkəbbür satanları, var-dövləti imandan, Sənə sarılmaqdan üstün bilənləri, cəzalandır ya rəbbim.

Qanundan üstün qanun olmadığı hökmünü bütün qanunların fövqündə duran Sən verdin, ya rəbbim. Bizi yaratdığın qanunlara, qoyduğun nizama sadiq olmaqdan məhrum etmə. Adilsən, mərhəmətlisən, məmləkətimizdə ədalət tarazlığını pazanlara, mərhəməti zülmlə əvəz edənlərə aman vermə ya rəbbim.

Çiçəyin açıldığı, suların axdığı, naz satan ayın batıb, qızmarlığından varlıqların barındığı günəşin çıxdığı, quru səhralara küləklərin meh gətirdiyi, hər bir canlının içində qərar tutduğu insanın insana pasiban olduğu, körpə çığrtısının, quş səsinin insanı ədalətə səslədiyi nə gözəl aləm yaratmısan ya rəbbim!.. Bizi səxavətlə xəlq etdiyin, çəki-nizam verdiyin bu gözəllikləri sevmək və yalnız Sənə görə sevmək feyzindən əskik etmə Allahım.

Bütövlük, tamlıq timsalısan. Sevib yaratdığın Azərbaycanımıza, qədrini bilmədiyimiz cənnət Qarabağı sən bəxş etmişdin bizlərə. Yanlışlıqlarımızı, fərasətsizliyimizi öz böyüklüyün naminə bağışla bizlərə, döndər üzümüzü, üzü bizdən dönən Qarabağımıza. Bizə təpər, hünər ver, səmalarından azan səsi kəsilən Qarabağda, ilahi ünvanlı azan çəkdirməyə.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar