Sitatlarımızın sonu

Jurnalist adına ləkə, saxta mandat daşıyıcısı, ibarəbaz, cümləpərdaz, ailə qazanını müxalifəti təhqir etməklə əldə etdiyi paralarla qaynadan, görüntüsü ilə səhnə dekorunu pozan, həşr qoparan səsi ilə qulaqları batıran, iqtidarla müxalifət arasında anlaşmanın radikal əleyhdarı, fitnə və fəsad tərkibli yazıları ilə ölkədə şər qazanını körükləyən, müəllif proqramı bağlananda təmsil olunduğu ATV kanalına “burda bir başı papaqlı tapmadım” deyib, bu təşkilata xaraba adı qoyan E.Hüseynovun “Sitatın sonu” adlı proqramı nəhayət ki, zavalına bulundu.

Nankor əməllərin sonu cəza ilə başa çatmalıdır. ”Sitatın sonu” proqramının qapdılması bir günlük, hətta bir anlıq olsa belə ölkəmizdə şərin durdurulması deməkdir. Fövqəladə hadisə olmasa da, gündəmin qeydinə qalanlara dinclik gətirən xəbərdir. Qoy, haqq üzünə açılan gözlər bir az dinclik, haqq səsinə ehtiyac duyan qulaqlar bir az rahatlıq tapsın. Bu işdən iki hal doğdu. Onun məhdud sayda olan dinləyiciləri “Sitatın sonu” proqramından məhrum olduğu kimi, təhqir, şantaj, ev yıxmaq ruporuna çevrilən bu proqramın mənfi yükündən rəncidə olan on minlərlə insan da ATV-nin verilişi qapatma qərarından məmnun qaldılar.

Olsun ki, himayədarları onun itaətkar sədaqətini unutmasın və başqa bir proqramla mükafatlandırsın, olsun ki, ona müxalifəti yeni həvəslə təhqir etməyə daha geniş imkanlar yaradılsın, amma, fakt odur ki, ATV rəhbərliyi çiynində daşıdığı ağır yükdən xilas oldu. Bu cəsarəti göstərdiyinə görə ATV rəhbərliyinə eşq olsun demək, yerinə düşər.

Tele kanalların fəaliyyətinə gəlincə bu daha geniş mövzudur və televerilişlərdəki biabırçılıqlar təkcə “Sitatın sonu” kimi ikrah doğuran proqramın qapanması ilə bitmir. Dinləyici, seyrçi zövqünü korlayan, yüngül, ət tökən, bayağı, məzmunsuz, tamaşaçını mənəvi terrorizə edən elə səhnələrin, elə verilişlərin şahidi oluruq ki, bunlar millət adına utancdan başqa bir şey deyil.

Təsadüfü deyil ki, bu neqativlər hakimiyyətdə olan sağlam qüvvələri də düşündürməyə vadar edib. Artıq başa düşürlər ki, televiziya verillişlərinin tamamına uşaq əyləncəsi kimi yanaşmaq olmaz. Televiziya milyonlarla insanın hər gün seyr etdiyi canlı mexanizmidir və onun yaydığı mənfi ya müsbət emosiya, verdiyi informasiya cəmiyyət həyatının bütün sahələrində öz təsirini göstərir. KİV, o cümlədən televiziya kanalları cəmiyyətin maariflənməsində, düzgün, qərəzsiz, alternativ informasiya almasında mühüm vasitədir və bu vasitə dövlətin və ictimai həyatın güzgüsü rolunu oynamalıdır.

Cəmiyyət artıq televiziya kanallarında baş alıb gedən məzmunsuz, yeknəsək, ictimai mahiyyət kəsb etməyən və yalnız bir qrup insanların ucuz əyləncəsinə çevrilən verilişlərdən təngə gəlib. Gizlin deyil ki, tamaşaçı ictimai həyatımızda baş verən hadisələri izləməkdən, onun maraq və arzularını ək etdirməyən verilişlərdən məhrum edildikcə istər-istəməz yalnız başqa ölkələrin tele kanallarını izləmə meyllənir, öz ölkəsinin mədəni və ictimai həyatında baş verən gerçəkliklərdən uzaq düşür.

Azərbaycan tamaşaçısı nə üçün öz tarixini, tarixi şəxsiyyətlərini, mədəniyyətini, ictimai-siyasi həyatını, ölkəsində baş verən nə varsa onu, dünya ölkələrində baş verən gəlişmələri, dövlətin yaxın və uzaq gələcəyə hesablanmış planlarını, musiqisini, icəsənətini milli televiziya vasitəsi ilə izləyə bilməsin və televiziyanın verdiyi imkanlardan qədərincə bəhrələnməsin.? Televiziya təkcə hakimiyyətdə olan bir qrupun monopoliyası deyil ki, burada yalnız o qrupun mənafeləri əks olunsun və ya onların ucuz zövqünə uyğun verillişlər yayımlansın.

Televiziya milli xarakter daşımalı və millətimizin bu günü və gələcəyi ilə səsləşən verilişlərlə zənginləşməlidir. Toplumu düşündürən məsələlər, ölkədəki durumu anladan ictimai-siyasi məzmunlu debatlar, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini işıqlandıran müzakirələr, partiyaların, qrupların fəaliyyətini diqqətə çəkən araşdırmalar, təhsil və səhiyyə sistemində baş verən yeniliklər, hüquq mühafizə orqanlarının apardığı işlər, ölkənin başqa ölkələrlə qonşuluq və əməkdaşlıq münasibətləri, Qarabağ probleminiə aydınlıq gətirən, onu cəmiyyətin gündəmində saxlayan geniş polemikalar və digər bu kimi taleyükül məsələlər verilişlərin əsas qayəsini təşkil etməyəcəksə milli televiziyadan danışmaq absurd olacaq.

Təmasda olduğumuz yaxın və uzaq ölkələrin tele verilişlərinə diqqətlə nəzər saldıqca, bu ölkələrin milli televiziyanın cəmiyyət həyatında oynadığı müsbət rolu gördükcə Azərbaycan insanına qibtə etməkdən başqa bir iş qalmırr. Baxın qardaş Türkiyəyə, baxın qonşu Gürcüstana, görün ki, tele aparıcılar ölkə prezidentindən tutmuş ta axırıncı kateqoriya dövlət məmuruna qədər necə onların yaxasından yapışıb sorğu sorurlar. Bizdə müstəqil teleaparıcı nəinki müsahibə almaq üçün ölkə prezidentindən, hətta T.Əhmədov kimi metropoliten rəisindən müsahibə almağa zorlanır.

Nəhayətdə biz günün biri “Sitatın sonu” kimi məzmunsuz, intriqabaz və cəmiyyəti bezdirən proqramlardan əl götürüldüyü kimi, bu neqativləri özündə yaşadan, dinləyici, tamaşaçı zövqünü korlayan, evlərə, ailələrə mədəniyyətsizliyi, əxlaqsızlığı daşıyan digər proqram və verilişlərdən də can qurtarmaq haqqında düşünməli və sitatlarımızın sonunu cansığıcı ibarələrlə deyil, milli vətənpərvərliyə çağrışlarla tamamlamalıyıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar