ƏRƏB «GÖZƏLLƏMƏSİ» - Ölülərimizlə ərəb dilində danışmaq da bizim faciəmiz!

Bu gün ərəb dünyasında baş verənlərə yönəlik ən dolğun və real baxışlar sırasında Amerikalı politoloq-analitik Corc Fridmanın yazdıqları müstəsna əhəmiyyət kəsb edir. XXI əsrdə dünyada nələrin baş verəcəyini proqnoz edən kitabında Fridman yazır:

«Əgər 21-ci əsrin başlanğıcına Amerika əsrinin (Avropa əsrini əvəzləyən əsr) «dan yeri» kimi baxsaq, görərik ki, bu dövr bəzi müsəlman qruplaşmalarının bir vaxtlar Atlantik okeandan Sakit okeana qədər uzanıb gedən böyük islam imperiyasının - Xilafətin bərpası istiqamətində göstərdiyi cəhdlərdən sonra başlayıb. Bu baxımdan, islamçıların ABŞ-a zərbələr endirmək, dünyanın bu güclü dövlətini müharibəyə çəkmək, onun zəifliyini nümayiş etdirmək, bununla da müsəlmanların üsyanını təşkil etmək cəhdləri təbii sayılmalıdır...

Buna cavab olaraq, ABŞ islam dünyasına soxuldu. Amma Amerika qarşısına qalib gəlmək məqsədi qoymayıb. Hətta bu savaşda məhz nələrin (hansı nəticələrin - M.A.) qələbə demək olduğu belə, aydın deyil. ABŞ-ın məqsədi sadəcə, islam dünyasını dağıtmaq, bu birliyə daxil olan ölkələri qarşı-qarşıya qoymaqdan ibarətdir ki, bir də onlar İslam İmperiyası yaratmaq barədə düşünə bilməsinlər.

ABŞ-a mütləq bu müharibəni udmaq lazım deyil. Onun planlarına rəqibin bütün həyati əhəmiyyətli sistemlərini dağıtmaq, ABŞ-la rəqabət apara bilmək üçün onun yetərli güc toplamaq imkanlarını sıfıra edirmək məqsədləri daxildir...».

Obyektivlik naminə qeyd etməliyəm ki, ABŞ bu «missiya»nın öhdəsindən müstəsna bacarıqla gəlir. Bunun əyani göstəricisi kimi, bu gün ərəb dünyasını sarmış xaosa, qırğınlara, səfalətə, ədalətsizliyə, satqınlığa, mənəviyyatsızlığa və digər naqis təzahürlərə, proseslərə barmaq tuşlamaq olar. Bu sadaladıqlarımı konkret misallarla şərh etməyə çalışacam...

İslam ölkələrində genosid

Britaniyalı jurnalist Nil Klarkın fikrincə, ABŞ terrorizmlə mübarizə adı altında həyata keçirdiyi genosid əməllərinə görə, cəzalandırılmalıdır! Jurnalist yazır ki, ABŞ bu ad altında gerçək genosid əməlləri həyata keçirir. Bu gün Yəməndə, Suriyada, Pakistanda, Əfqanıstanda, Liviyada və digər müsəlman ölkələrində minlərlə insanı qətlə yetirən ABŞ, öz xalqını inandırmağa çalışır ki, bütün bu «missiya»lar yalnız müdafiə məqsədi daşıyır.

ABŞ-ın başçılığı altında həyata keçirilən «terrorizmlə mübarizə» tədbirlərinə aid bir hesabata söykənən Klark qeyd edir ki, bu təbdirlər nəticəsində İraqda, Əfqanıstanda və Pakistanda ən azı, 1,3 milyon insan həlak olub! Onun sözlərinə görə, bombardmanlar zamanı dinc əhali faktoru nəzərə alınmır. Tez-tez pilotsuz uçaqların ilk hücumlarının ardınca ikinci hücum başlanır ki, bu da bombardmanlardan sonra sağ qalanların axtarışı ilə məşğul olan insanlara qarşı yönəlmiş olur.

Klar kyazır: «Neokonservatorlar çoxlu sayda insan ölümü, böyük dağıntılar və insan əzablarına görə tam məsuliyyət daşıyırlar. İndiki situasiya faşist Almaniyasında yüksək postlar tutmuş nasistlərin İkinci dünya müharibəsindən sonra mühakimə olunması ilə müqayisə edilə bilər. Neokonservatorlar hələ də məsuliyyətə cəlb olunmayıblar..."

Dünyanın ən varlı bədbəxtləri

Yaxın Şərq (ərəbistan bölgəsi) dünyanın ən varlı bölgəsi hesab olunur. Neft-qazla zəngin olan bu ərazilərdə məskunlaşmış insan sürüsünü isə dünyanın ən bədbəxt toplumu adlandırsaq, yəqin ki, səhv etmərik. Uzun illərdir ki, bu ərazilərdə cərəyan edən proseslərin gerçək səbəbinə amerikalı politiloq Corc Fridman barmaq tuşlayıb. Fridmanın mülahizələrinin obyektivliyi başqa mənbələr tərəfindən də təsdiqini tapır. Məsələn, Əfqanıstan müharibəsinin başlanğıcında ABŞ-ın bu ərazidə "Əl-Qaidə" deyilən məlum qruplaşmanı yaratdığı barədə yetərincə məlumatlar var. Bu barədə «Qlobal terrorçuluğun «xaç atası»» adlı məqaləmdə geniş söhbət açmışam. Bu günlərdə isə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov artıq neçənci dəfədir, bəyan edir ki, «İslam dövləti» deyilən qruplamanı bölgədə ABŞ özü yaradıb və guya onunla mübarizə apardığını elan etməklə, diqqəti gerçək mətləbdən yayındırmağa çalışır. Bu məqamda, yenə də Corc Fridmanın proqnozu yada düşür. Formal olaraq, elan edilir ki, «İD» bölgədə Xilafət adlı dövləti bərpa etməyi qarşıya məqsəd qoyub. Ramzan Kadırov isə «İD»-ni «İblis dövləti» adlandırır və ABŞ-a xidmət göstərməkdə ittiham edir...

Fridman kitabında yazır ki, ABŞ məhz ərəblərin Xilafəti bərpa etmək cəhdlərindən ehtiyatlanır və bu istiqamətdəki çabaları ölkənin milli təhlükəsizliyi yolunda ən böyük təhdid hesab edir. Deməli, buna qarşı vuruşmaq üçün ABŞ-ın əlində artıq «İD» kimi bir yalançı arqument var...

İraq hadisələri başlanğıc oldu. Bombardmanlar başlayarkən, artıq hamı anlayırdı - İraqla məsələ bitməyəcək. Belə də oldu - ardınca Liviya, Suriya gəldi. Proses davam edir - indi də ABŞ-ın dostları (Ərəb koalisiyası) Yəmənin altını-üstünə çevirməkdədir. Ölənlərin, şikəst olanların, didərgin düşənlərin sayı isə indi yüz minlərlə, milyonlarla ölçülür...

Qaçqın və zəngin ərəblər

Bu günlərdə yayılan məlumatlar göstərir ki,bölgədə gerçək durum biz düşündüyümüzdən də acınacaqlıdır. ABŞ isə Suriyalı qaçqınlara guya, 360 milyon dollar yardım ayırmaq fikrinə düşüb. Bunu, ABŞ Dövlət Departamenti deyir: «Yeni vəsait ayrılması 2015-ci ildə Suriya və bütövlükdə, bölgə üçün 8,4 milyard dolların toplanması istiqamətində BMT-nin çağırışına qismən cavab olacaq. Təəssüf ki, hətta bizim bü gün ayırıdığımız yardım fonunda belə, BMT-nin sorğusu təmin olunmamış qalır». Rəzalətin miqyasına bir baxın ki, ABŞ bir yandan, bədbəxt ərəbin başına bomba yağdırır, onu ölkəsindən ev-eşiyindən didərgin salır, o biri tərəfdən isə həmin qaçqınlara «yetərincə kömək edə bilmir!»

Başqa bir məlumatda isə BMT-yə istinadla bildirilir ki, böyuk ehtimalla, İordaniyaya sığınmış Suriyalı, Yəmənli qaçqınlar tezliklə aclığa düçar olacaqlar, çünki sayı milyonlarla ölçülən bu zavallı insan dəstəsini ərzaqla təmin etmək üçün BMT-nin vəsaiti çatmır.

İndi isə başqa bir məlumatı önə çəkmək istəyirəm. İyunun 29-da yayılmış bu məlumatda deyilir: «İsveçrə Milli bankının açıqladığı «İsveçrə bankları - 2014» adlı hesabatına görə, bu ölkənin banklarına ən çox pul yatıran dövlətlərin siyahısında birinci yerdə 14,5 milyard dollarla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb. «Report»un verdiyi xəbərə görə, siyahıda sonrakı yeri Səudiyyə Ərəbistanı (10 milyard dollar), Livan (6,1 milyard dollar), Küveyt (4,1 milyard dollar) və Misir (3,01 milyard dollar) tutub. Məlumata görə, İordaniya vətəndaşlarının İsveçrə banklarında saxladığı pulun məbləği əvvəlki ilə nisbətən 12,0 faiz artaraq, 3,0 milyard dolları adlayıb... Açıqlanan hesabata görə, ərəblərin İsveçrə banklarında ümumilikdə, 46,0 milyard dollar pulu var».

Livanlı qızcığaz nə üçün ağladı?

Bir neçə gün bundan əvvəl yayılan bir xəbərdə deyilirdi ki, Almaniyanın kansleri Angela Merkel məktəblilərlə görüşü zamanı Livandan olan bir qızcığazı ağlamaq həddinə çatdırıb.

Merkel Livandan olan və valideynləri az qala bu ölkədən deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş qızcığazı dinlədikdən sonra, ona izah etməyə başlayıb ki, məhz nə üçün hökumət ölkəyə gələn bütün miqrantları qəbul etmək iqtidarında deyil. Kansler deyib ki, bu qızcığaz da mümkündür ki, qaçqın statusu almaq istəyən minlərlə insan kimi deportasiya perspektivi ilə barışmalı olacaq. Məhz Merkelin bu «izahatı»ndan sonra zavallı qızcığaz televiziya kameraları qarşısında ağlamağa başlayıb! İndi isə bir məqama diqqət yetirək - Almaniya ilə həmsərhəd olan İsveçrənin banklarında (göz yaşı tökən həmin livanlı qızcığazın lap «qulağının dibində») Livanlı yekəqarın milyonçuların 6,1 milyard dollar pulu yatır!

Bu uşağın göz yaşları «ən ağır lənət» olaraq, keçsinmi İsveçrə banklarına milyardlar yatıran yekəqarın ərəblərin boğazına?! Hesab edirəm ki, keçər... necə ki, keçir artıq - Səddam belə getdi, Qəddafi elə getdi, Əsəd də o tərəfə «gedəcək». Bəs sonra kimlər gedəcək? Niyə ki, Misir var, Yəmən var, Səudiyyə var... hələ bir sürü satqın ərəb var! Bir-birinin ardınca gedəcəklər... və bir də heç vaxt Xilafət qura bilməyəcəklər...

Bir neçə ay bundan əvvəl elə bu qəzetdə ərəb satqınlığığını «tərənnüm edən» bir məqaləm dərc olunmuşdu. Adı belə idi - «Genetik satqınlıq». Məqalədə ərəblərin nümayiş etdirdiyi satqınlığa, mənəviyyatsızlığa konkret misallar gətirərək, belə nəticəyə gəlmişdim ki, onların satqınlığı məhz, genetik mərəzdir!

Bu sətirləri yazdıqca, Azərbaycanımızda möhkəm oturuşmuş bir reallıqdan çox-çox üzüldüm. Görün nə günə qalmışıq ki, hələ də «ölülərimizlə bu satqınların dilində danışırıq». Bu da bizim faciəmiz...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar