RUSİYA VƏ ÇİN ARASINDAKI “MƏHƏBBƏT MACƏRASI” – “Utanmazlığa diqqət yetirin!”

“Çin Avropaya Rusiyadan keçmək şərti ilə çatmağı planlaşdırır. Moskva isə Asiyaya tərəf qaçır”

Əgər dünyaya şahmat taxtası kimi baxsaq, görünən mənzərə bizi narahat etməyə bilməz. Hələ dünənədək Rusiya Avropa ilə dostluq edirdi, bu gün isə Kreml Çinə vurğun olduğunu dünyanı (həm də özünü!?) inandırmağa çalışır. Öz ölkəsində BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) ikiqat sammitini keçirən Rusiyaya diqqətlə baxın. Bu, Moskvanın Asiya tərəfə çevrilməsi ilə yanaşı, həm də onun Qərb dünyasına qarşı alternativ mədəni bir model nümayiş etdirməyinin siqnalıdır. (The American İnterest)

Rusiyanı böyük Avropanın bir hissəsi adlandıran ekspertlər, indi birdən–birə kəskin şəkildə yön dəyişdirərək, Rusiyanın Böyük Asiyanın ayrılmaz hissəsi olması barəsində uca səslə nəğmə oxumağa başlayıblar. Əlbəttə, şübhəsiz ki, dövlətlər, tutduqları siyasi kursu dəyişə və eyni zamanda da öz maraqlarına uyğun gələn ittifaqlar yarada bilərlər. Lakin Kreml və onun təbliğat aparatı, Rusiyanın Asiyaya bağlanmasında hansısa dərin mənanın yatdığını iddia etməyə başlayıb. Burada söhbət Rusiyanın Avrasiya məkanındakı özünəməxsus sivilizasiyaya malik olmasından gedir. Praktik olaraq isə, bu rus mentalitetindəki Avropa mədəni aspektlərinin çıxarılması və cəmiyyətin indiki müasir vəziyyətindən kənarlaşdırılmasıdır.

Yeni Rusiya-Çin əməkdaşlığı qızğın şəkildə onlarla müqavilənin imzalanması fəallığı altında həyata keçirilir. Si Çzinpin və Putin, İkinci Dünya müharibəsindəki qələbənin 70 illiyini təntənə ilə qeyd edir, Rusiya ilə Çin hərbi gəmiləri Aralıq dənizində birlikdə təlimlər keçirirlər. Digər yandan isə tərəflər Avrasiya İttifaqını Çinin “Yeni İpək Yolu” ilə birləşdirəcəkləri sözünü verərərək, hətta 400 milyard dollarlıq qaz sövdələşməsini də imzalayırlar. Bütün bunlar ilk baxışda dünya nizamını dəyişdirə biləcək möhtəşəm yeni alyansa xeyir-dua verilməsinə oxşayır. Amma görüntülərin hamısı çaşdırıcıdır.

liderlerSual olunur ki, görəsən Çin və Rusiya arasında yeni münasibətlərin qurulmasının əsas səbəbi ABŞ-ın önünü kəsmək arzusu deyilki? Bu inandırıcı görünmür. Əlbəttə, Rusiya və Çinin Amerikaya qarşı xoş münasibət bəsləmədikləri yaxşı bəllidir. Ancaq dünyadakı həll olunmayan münaqişlərdə özünü dolaşıqlığa saldıqdan sonra ABŞ-ın bir qədər geriyə çəkildiyi və həm də ki, Amerika prezidentinin xarici siyasətə maraq göstərmədiyi bir zamanda ona qarşı birləşmək nə üçün lazımdır?

Başqa tərəfdən isə Pekin çox çətin ki, Amerika ilə münasibətlərini zəiflətməklə, onların bazarından gələn böyük gəlirdən özünü məhrum etsin. Əgər çinlilər Kremlin anti-Amerika səlib yürüşünə qoşulmaq istəyirsə, onda onlar nə üçün ABŞ ilə gələcəyə yönəlik hərbi əməkdaşlıq müqaviləsi imzalayırlar? Qoy Çin üzrə ekspetlər, Pekinin bu oyunda nə səbəbə iştirak etdiyini aydınlaşdırsınlar.

Bu gün Çin Kremlə nəvaziş göstərən gizli və təmkinli bir əməkdaş təəssüratı yaradır. Lakin digər bir sual maraq doğurur. Görəsən, Moskvanın fəal əməkdaşına bu tanqo nə üçün lazımdır? İstənilən tarixi, siyasi və psixoloji düşüncə, Moskva üçün qəribə və qeyri-bərabər əməkdaş olan Çinin, nə zamansa onun boynuna salınmış ilgək olacağı barəsində Kremlə xəbərdarlıq siqnalı verməlidir.

İlkin olaraq, onu deyək ki, hələ indiyədək də Çinin Rusiyaya qarşı torpaq idddiaları var. Nəyə görə Çin vaxtı ilə özünə məxsus olan Xarici Mancuriya ərazisindən (Priamurye) xammal almalıdır? Pekin bu əraziləri 19-cu əsrdə özü üçün rüsvayçı müqavilələr əsasında Rusiyaya verməyə məcbur olmuşdu. Doğrudanmı çinlilər bu qədər hər şeyi bağışlayan olublar? Bu cür düşünməyən Henri Kissincer isə vaxtilə deyib: ”Uzaq Şərqin təhdid yolu ilə qeyri bərabər şərtli müqavilələrlə Rusiyaya verilməsini Çin liderləri yaddan çıxarmayıblar.

Daha bir mühüm məsələ isə, Rusiya və Çinin eyni inkişaf mərhələlərində olmamasıdır. Hazırda Rusiya geriləyir və indiki rejim isə ölkəni qarmaqarışıqlığa sürükləyə biləcək, təhlükəli aqoniyaya yaxın bir vəziyyətdədir. Digər tərəfdəki Çin isə hələ də yüksəlməyə doğru gedir. Belə bir asimmetrik şəraitdə, həmişə güclü tərəf zəifi öz maraqları üçün istifadə edir. Amma əgər Çinin bu yaxın günlərdə yaşadığı maliyyə çöküşü - qarşıdan gələcək iqtisadi tənəzzülün əlamətidirsə, onda müxtəlif sürətli iki avtoritar nəhəngin simmetrik düşüşü, onların həyatda qalmaq uğrunda bir-birlərinə qarşı fəlakətli mübarizəsinə gətirib şıxara bilər.

Rusiyanın Pekin ilə iqtisadi münasibətləri üç əsas üzərində qurulub. Bunlar qaz, neft və silahdır. Enerji araşdırmaları üzrə Oksford İnstitutunun və Çinin milli neft-qaz şirkətinin (CNPC) məlumatına görə, Çinə 180 milyard kub metr qaz lazımdır ki, onu da, onlar Orta Asiya və digər mənbələr hesabına təmin edirlər. Enerji məsələləri üzrə rusiyalı ekspert Mixail Krutixin bildirib: ”Çinin qaz tələbatı bazarında digərlərinə yer yoxdur”.

Əlbəttə ki, əgər Moskva lazımı qədər qiyməti aşağı salarsa, onda Çin Rusiya qazını da ala bilər. Deməli belə halda bu layihə Rusiya üçün əlverişli sayılmayacaq. Bundan əlavə, Çin Rusiyanın “Sibirin gücü” adlanan boru kəmərinin çəkilişinin maliyyələşdirilməsindən imtina edib. Halbuki, bu kəmər hər iki ölkə arasındakı münasibətlərin bəzəyi olmalıdır. Kəmərin maliyyələşməsi Rusiyanın üzərinə düşür. Hətta çinlilər həmin kəmərin Çindən keçən hissəsinin çəkilişini və ona xidmət göstərilməsini də Rusiyanın boynuna qoyurlar. Onlar sadəcə olaraq, aldıqları qazın pulunu ödəyəcəklər. Utanmazlığa diqqət yetirin! Bu, Moskvaya vurulmuş əsl sillədir. Beləliklə, Kreml şərqə tərəf çevrilməsindən öz payını alır.

Kreml bu qaz sövdələşməsini Rusiya–Çin tandeminin ən böyük uğru kimi təqdim edir. Amma əgər bu ruslar üçün kifayət qədər mənfəətsizdirsə, bəs onda digər sövdələşmələrin xarakteri barəsində nə demək olar? O ki qaldı neftə - Çin artıq Orta Asiya ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində neftin nəqlinin diversifikasiyasına başlayıb. Deməli, belə alınır ki, Çinin Rusiya neftinə heç də ehtiyacı qalmayacaq. Rusiya Çinin ən böyük silah və hərbi texnika təchizatçısı olmasına baxmayaraq, Moskva Çini həvəssiz şəkildə silahlandırır. Öz növbəsində isə Pekin Moskvanın Hindistana və Vyetnama silah göndərməsinin kommersiya xarakteri daşıması ilə yanaşı, Çinin önünün həmin ölkələr tərəfindən kəsilməsi faktorunu da görür.

Nəhayət, Qərb sanksiyalarının yükünü yüngülləşdirmək məqsədi ilə Çinin Rusiyaya kredit yardımı göstərəcəyi ümidi də özünü doğrultmur. Çin ilə əsas sövdələşmələr aparan Rusiyanın VTB bankı bildirib ki, Çin banklarının əksəriyyəti Rusiya bankları ilə qarşılıqlı mübadilə əməliyyatları aparmaqdan imtina edirlər. Putinin sevimli layihəsi olan Avrasiya İttifaqı ilə Çinin ambisiyalı “Yeni ipək yolu zolağı”nın bitişdirilməsi ilə bağlı Moskvada səslənən güclü ”ura!” sədalarını, növbəti yalanın üstünün qapanmasına cəhd kimi başa düşmək lazımdır. Avrasiya İttifaqı, yalnız bu gün öz büdcəsindəki deşikləri tutmaqla məşğul olan Moskvanın subsidiyaları hesabına üzə bilər.

Bu arada isə Moskvanın Avrasiya İttifaqı üzrə ən yaxın əməkdaşı Qazaxıstan da Orta Asiya kimi Çin ilə sürətlə inteqrasiya olunur. Belə görünür ki, Avrasiya İttifaqı ilə “Yeni İpək yolu zolağı” layıhələrinin bitişdirilməsi, Çini Avropaya birləşdirmək rolunu oynayacaq. Rusiya Çin üçün körpü olmağa hazırdırmı? Paradoks ondadır ki, Çin Avropa ilə körpü yaratmağa can atdığı halda, Kreml Rusiyanı əks istiqamətə doğru itələmək istəyir. Qəribə vəziyyət yaranır. Çin Avropaya Rusiyadan keçmək şərti ilə çatmağı planlaşdırır. Moskva isə Asiyaya tərəf qaçır. Deməli belə olan halda, Avrasiya İttifaqı ilə “Yeni İpək yolu” layihələrinin birləşdirilməsi məsələsində qarmaqarışıqlıq əmələ gələcək. Bir müddət keçdikdən sonra Moskva Çinin ondan istifadə etmək istədiyindən şübhələnməyə başlayacaq. Hətta rusiyalıların çinlilərə qarşı düşmənçilik münasibətləri də oyana bilər. Çünki hərbi vətənpərvərlik zəminində Kremlin legitimliyini möhkəmləndirmək istiqamətində daimi düşmənlər axtarışı bu düşüncənin əsas tərkib hissəsidir. Hal-hazırda bu model Qərbi, başlıca olaraq isə, Amerikanı Rusiyanın düşməni kimi təqdim etmək məsələsində effektli işləyir. Ancaq ABŞ Rusiya ilə sərhəddi olmayan uzaq düşməndir və həm də ki, onunla birbaşa əlaqələr də azdır. Ona görə də tezliklə Amerikanın düşmən obrazı rolu öz əhəmiyyətini itirəcək. Hazırda Rusiyada yüz minlərlə çinli yaşayır (ruslar bütün asiyalıları çinli zənn edirlər) və onların mədəniyyəti sadə ruslar üçün qəribə və çətin anlaşılandır. Çinə qarşı olan bu cür inamsızlıq Rusiyadakı düşmən axtarma mentalitetini effektli şəkildə işə sala bilər. Rusiyadakı Çin əleyhinə olan əhval-ruhiyyə uzun müddətdir ki, qış yuxusundadır və ancaq hərdən baş qaldırır. Ruslar Çinin Sibir və Uzaq Şərqi ələ keçirə biləcəklərindən narahatdırlar. Siyasi sinif və intellektual kəsim arasında Çinə qarşı olan dərin inamsızlıq hissi, yeni düşmən axtarışı üçün münbüt zəmin ola bilər.

Kremlin Çinlə dostluq konsepsiyasının möhkəm əsaslara dayanmamasının bir çox əlamətləri üzə çıxır. 2015-ci ilin iyununda Rusiyanın Zabaykalye diyarında (Çinin əvvəlki Mancuriya ərazisinin bir hissəsi) 300 min hektar ərazinin 49 illiyinə Çinin “Huae Xinban” şirkətinə arendaya veriləcəyi barəsində xəbər yayıldı. Həm də ki, çox gülünc qiymətə - bir hektarın 5 dollardan aşağıya arendaya verilməsi nəzərdə tutulurmuş. Həqiqətən də maraqlıdır - Kreml Rusiyanın suverenliyini, özünə düşmən bildiyi Qərbdən necə qoruduğunu nümayiş etdirdiyi bir vaxtda, torpaqların qəpik-quruşa Çinə satılmasına imkan yaratmaqla nəyə nail olmaq fkrindədir? Ümumiyyətlə isə Zabaykalye hadisəsi bütün Rusiyada hiddətli reaksiya ilə qarşılandığından, yerli hakimiyyət geri addım atmağa məcbur olub. Həmin hadisə əyani surətdə göstərir ki, Çinin Rusiya ərazilərinə daxil olması, yaxşı halda kəskin reaksiya, daha pis halda isə açıq düşmən münasibəti ilə qarşılanılır.

Çin ilə münasibətlər artıq Rusiya KİV-lərinin qaynar müzakirə mövzusuna çevrilib. Narahatçılıq yaradan səbəblərdən biri, Kremlin atdığı addımların uzaqgörməməzliyi ilə bağlıdır. Çünki Kreml Çin ilə strateji baxımdan ziyanlı olan gizli sövdələşmələrə getməyə cəhd göstərir. Rusiyanın müqəddəs torpaqları uğrunda, onun Avropa hissəsində mübarizə aparmağa hazır olduqlarını bəyan edən həmin hakimiyyət, ölkəyə ərazi iddiası olan Çinin istəklərinə qarşı güzəştə gedir. Hələ üstəlik Rusiya hakimiyyəti ölkə torpalarını zəbt edən çinlilərə xüsüsi imkanlar da yaradır. Rusiya artıq Çinlə olan sərhəddi boyunca 1 844 407 hektar ərazini onlara icarəyə verib. Bu yaxınlarda keçirilən Sank-Peterburq iqtisadi forumunda Uzaq Şərqdəki Yəhudi Muxtar Vilayətinin yeni qubernatoru Aleksandr Livental maraqlı bir tarix danışıb. Livental deyib: ”Mənim yanıma kənd təsərrüfatı ilə bağlı layihələrlə bir neçə sərmayəçi gəlmişdi. Mən onların həyəta keçirəcəkləri layihləri bəyəndim və razılığımı bildirdim. Lakin sonradan mənə məlum oldu ki, bizim heç torpağımız yoxdur. Çünkü bizim torpaqlarımızın 80 %-nə çinlilər nəzarət edir. Rəsmi və ya qeyri-rəsmi. Onlar burada torpaq zəminini məhv edən soya bitkisi becərirlər”.

Zabaykalye Dövlət Universitetindən olan bir qrup alim həmin məsələ ilə əlaqədar öz analitik məruzələrində qeyd ediblər: ”Çinlilər zərərli gübrələrdən istifadə edərək, ekoloji sistemi nəinki icarəyə götürdükləri torpaqları, hətta qonşu əraziləri də məhv edirlər”.

Buradakı əsas problem Rusiya dövlət idarəetmə sistemindən və korrupsiyalamış hakimiyyətdən qaynaqlanır. Sözsüz ki, çinli investorların özlərini Finlandiya və Polşada bu cür apara bilmələri üçün heç bir şansları olmaz. Rusiyadakı yekun nəticə isə aydındır - çinlilərin həddən ziyadə fəallıq göstərməsi yerli əhali tərəfindən nifrətlə qarşılanılır.

Rusiyalı Kremlpərəst ekspertlər özlərini və hakimiyyəti inandırmağa çalışırlar ki, Çin ilə dostluq və alyans qurmaq, dünya nizamını dəyişmək üçün gözəl imkandır. Ancaq biz, tərəflər arasındakı qüvvələr nisbətinə diqqətlə baxsaq, onda tandemdəki assimetriyanı yaxşı görərik. Belə bir assimetrik vəziyyət isə Çin-Rusiya münasibətlərindəki istiliyin uzunmüddətli olmayacağından xəbər verir.

Kremlin bütün bu bəlağətli fokusları yalnız bir məqsəd daşıyır. Moskva göstərmək istəyir ki, Rusiyanın Asiyaya bağlanmasında böyük bir məna var və yeni dostluq əlaqələri Kremlin məqsədlərinə xidmət edir. Kremlin başlıca istəyi, Çinin təkəbbürlü hegemona çevrilməyəcəyini Rusiya auditoriyasına inandırmaqdır. Ancaq bir çox ekspertlər Moskvanın bu yaxınlaşma zamanı Pekindən öz suverenliyini və müstəqilliyini qoruya biləcəyinə əmin deyillər. Digər ekspertlər isə böyük nikbinlik nümayiş etdirərək vurğulayırlar ki, Rusiya böyük dövlət olaraq qalacaq və Çin də onun bu statusunu tanıyacaq. Amma bunun belə ola biləcəyinə əsaslı təminatı kim verə bilər ki? Həm də ki, Çinin siyasi mentalitetinin dəyişilməsinin əlamətlərini kim hiss etdiyini iddia edə bilər?

Yeni dostluq ittifaqı haqqında həqiqətə uyğun ən yaxşı izah ondan ibarətdir ki, bu yaxınlaşma sadəcə ilğımdır. Ancaq keçmişdə Rusiyanın yalançı dostluqlardan üstünlük və özü üçün xeyir götümədiyini də söyləmək olmaz. Bu ölkənin renta və təbii resurlar hesabına yaşayan elitası, öz şəxsi məqsədləri naminə xüsusi fərdi əlaqələr qurmaq yolu ilə çirkli pulların yuyulması sxemini həyata keçirmək üçün Qərblə saxta dostluqlar yaratmaq fikrinə düşmüşdü.

Ancaq Çin tamamilə başqa bir məsələdir. Bu ölkə mərhəmətlilik və kompromisə çox az meyillidir. Çin məğrur, özünü təmin etməyi bacaran, ambisiyalı və dözümlü bir ölkədir. Nəyə görə, Çin Rusiyanın kompekslərinin müalicəsinə kömək göstərməli və həm də ki, onun acğöz elitasının şəxsi var-dövlətlərinin artırılması üçün onlara maliyyə vəsaiti ayırmalıdır? Rusiya elitası ilə ehtiyatla və yumşaq davranan Qərb, ona lazımı dərsi verə bilməyib. Lakin çox çətin ki, Çin mərhəmətlilik və mülayimlik göstərərək belə bir səhvə yol versin.

Tənhalıq və qeyri müəyyənlik Rusiya elitasını, əvəzində nə isə ala bilməyəcəyinə şübhə ilə yanaşdığı addımlar atmağa məcbur edir. Bəlkə Moskva özü üçün başqa bir bağlantı tapmalıdır?

Çevirdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar