PREZİDENTİN JURNALİSTLƏRLƏ GÖRÜŞÜNÜN DETALLARI - "Gizlətməyə çalışırlar..."

Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə görüşüb.

APA-nın məlumatına görə, Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə dövlət başçısına Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub.

Prezident İ. Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri və xalqımızı təbrik edib, bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunu deyib. “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib” deyən İ. Əliyev 1998-ci ildə Heydər Əliyevin fərmanı ilə ölkəmizdə senzuranın ləğv edildiyini və bunun mətbuat tarixində yeni dövr açdığını bildirib. Bu gün mətbuatımızın inkişaf baxımından yeni səviyyəyə qalxdığını deyən dövlət başçısı artıq 12 ildir fəaliyyət göstərən Mətbuat Şurasının işini yüksək qiymətləndirib.

Ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən prezident İlham Əliyev bildirib ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu gün ölkəmizdə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlət başçısı bu məsələdə mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bu gün ölkədə yüzlərlə qəzet-jurnalın, televiziya kanalının fəaliyyət göstərdiyini, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü, bunun təməlində isə xalqımızın maraqlarının dayandığını deyib.

“Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur” deyən prezident İlham Əliyev bildirib ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlət başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirib. Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb. Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı fikirlərini bölüşən dövlət başçısı xarici mediada ölkəmizə qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını bildirib, buna səbəb kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını göstərib. O bildirib ki, erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir. “Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik” deyən dövlət başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü və bu sahədə medianın rolunun artırılmasının vacibliyini bildirib.

“Xalqımız vahid və milli ideyalar ətrafında birləşib və bu proses bundan sonra da davam edəcək”, - deyən Azərbaycan prezidenti bununla bağlı mətbuatın üzərinə böyük vəzifələrin düşdüyünü xatırladıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə milli mətbuatımızın keçdiyi şərəfli yola nəzər salıb, Heydər Əliyevin medianın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri xatırladıb. Dövlət başçısının ölkəmizin inkişafı, cəmiyyətdə vətənpərvərlik ideyalarının möhkəmlənməsindəki xidmətlərinin media təmsilçiləri tərəfindən də yüksək qiymətləndirildiyini deyən Ə. Amaşov milli mətbuatın yaradılmasının 140 illiyi ərəfəsində media təmsilçilərinin bir qrupunun fəxri adlarla təltif olunmasına görə jurnalistlər adından prezidentə minnətdarlıq edib.

Ə. Amaşov Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə prezident İlham Əliyevin Mətbuat Şurasının xüsusi mükafatı ilə təltif olunduğunu deyib və mükafatı dövlət başçısına təqdim edib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Akif Aşırlı və Umud Rəhimoğlu da Azərbaycan mətbuatının inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər. Dövlət başçısı çıxışlarda səslənən təkliflərə baxılacağını və medianın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Sonra prezident İ. Əliyev milli mətbuatın 140 illiyi münasibətilə imzaladığı sərəncama əsasən Mətbuat Şurasının fəxri ad alan üzvlərinə mükafatları təqdim edib.

***

"Prezident dedi ki, media və saytlar vasitəsilə o məlumatları izləyirəm" 

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşün detalları məlum olub.

Detallar barədə AzNews.az-a danışan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu İ.Əliyevin mətbuatla bağlı maraqlı açıqlamalar verdiyini deyib.

Prezident görüşdə əvvəlcə xarici media vasitələrində Azərbaycana qarşı aparılan qara piar kampaniyalarına toxunub. O, ikili standartlara xidmət edən və Azərbaycanın əleyhinə olan yazıların arxasında erməni lobbisinin “uzunqulaq”larının dayandığını vurğulayıb. Bildirib ki, erməni lobbisi üçün Azərbaycan bir nömrəli düşmən kimi hədəflənib və onlar mümkün imkanlardan, təsir vasitələrindən, maliyyə resurslarından istifadə edərək Azərbaycana qarşı ikili standartlar çərçivəsində beynəlxlaq media vasitəsilə kampaniyalar aparırlar.

Prezident saha sonra medianın Azərbaycan dövləti üçün ciddi rol oynadığını qeyd edib. O, medianın idarəetmədə və islahatlar prosesində, o cümlədən məmur özbaşınalığının, qanunsuzluğun qarşısının alınmasında əvəzsiz olduğunu bildirib.

İlham Əliyev xəbərləri internet üzərindən bilavasitə özünün oxuduğunu deyib: “Mənim köməkçilərim bəzi məlumatları gizlətməyə çalışırlar, amma onlar görürlər ki, mənim xəbərim var. Çünki mən media və saytlar vasitəsilə o məlumatları izləyirəm, oxuyuram. Bu baxımdan əməkdaşlığımızın davam etməsində maraqlıyam”.

Bundan başqa, prezident idarəetmədə islahatlara ehtiyac olduğunu vurğulayıb. İ. Əliyev bu məsələdə medianın dəstəyinə və köməyinə ehtiyac olduğunu bildirib.

Qeyd edib ki, Azərbaycan dövləti internet resurslarının güclənməsinə və ən tirajlı media internet resurlarının xarici dillərdə versiyalarının yaradılmasına çalışacaq və bu işdə media vasitələrinə hər cür dəstək verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar