RƏSUL QULİYEV MÜSAVATI DƏSTƏKLƏDİ – “Elçibəy mənə hər şeyi danışıb...”

“Müsavata qarşı belə geniş cəbhədə müharibə elan etmək, böhtan və yalan xarakterli materiallar vermək, ən azı mənəviyyatsızlıqdır”

Eks-spiker Rəsul Quliyev Milli Şuranın sonuncu sessiyasında qurumun Koordinasiya Şurası yaratmasını və qurumdaxili, eləcə də müxalifətdaxili ziddiyyətləri şərh edib. O, Moderator.az-a bu dəfəki açıqlamasında da ənənəvi mövqeyini davam etdirərək Milli Şuranın bu addımlarını əhəmiyyətsiz adlandırıb.

“Açığı, MŞ haqqında nəsə yazmaqda heç bir əhəmiyyət görmürəm. Çünki qarşılarına nəyin bahasına olursa-olsun, ancaq müxalifət adlandırılmağa nail olmaq məqsədini qoyanları fikirlərindən döndərmək mümkün deyil. Bir-iki cümlə ilə keçmişi, bir cümlə ilə bu günü yazılan ambisioz adamın qumdan ev tikməsi və buna “Koordinasiya Şurası” adını qoyması və bunu Azərbaycanda yeni mərhələ adlandırmasını heç komik tragediya fantaziyasının hüdudları olmayan Cəlil Məmmədquluzadə də ağlına gətirə bilməzdi. Çox təəssüflə qeyd etməliyəm ki, həmin Koordinasiya Şurasında konkret işlə məşğul olan, reallığı qiymətləndirə bilmək qabiliyyətlərinə inandığım və həmişə hörmətlə yanaşdığım bəzi insanlar da iştirak edirlər. 20 ildir camaata dəfələrlə Azərbaycan yeni mərhələyə qədəm qoydu kimi yalan vədlər vermək uzərində qurulmuş bu ‘’köhnə-yeni’’ təşkilat, əgər bu formatda qalarsa, 2015-ci və 2018-ci illərdə də eyni ariyanı eyni operadan oxuyacaq."

Maraqlıdır ki, R.Quliyev fikirlərini davam etdirərək AXCP-Müsavat qarşıdurmasından danışarkən, gözlənilməz olsa da, Müsavatın tərəfini tutub. Sitat:

“Mənim Müsavat Partiyasının liderlərinə münasibətimin neqativ olduğu bəllidir. Ancaq onlara qarşı belə geniş cəbhədə müharibə elan etmək, böhtan və yalan xarakterli materiallar vermək, ən azı mənəviyyatsızlıqdır. Xüsusilə, Əbülfəz Elçibəylə əlaqədar yalan materialların getməsi onun ruhuna xəyanət deyilmi? Elçibəy rəhmətə getməmişdən öncə mənimlə Vaşinqtonda görüşüb və bir neçə saat söhbət etmişik. Onun köməkçisi təsdiq edə bilər. O, mənə kimin özünü necə apardığını çox ətraflı danışıb, heç bir şey gizlətmədən. Bu belə də olmalı idi, çünki biz həm də dost idik. Mən bunları heç vaxt dilə gətirmirəm. Birincisi ona görə ki, rəhmətliklə söhbət konfidensial idi. İkincisi, cənablar, siz 20 ildə hökumətə toplam bu qədər hücum etməmişdiniz, nəinki bu iki ayda bir-birinizə.”

Daha sonra R.Quliyev bir daha AXCP və Müsavat liderlərinin siyasətdən getməyə çağırıb:

“Bir daha qeyd edirəm: Azərbaycanda real müxalifətin yaranması və həqiqətən ölkənin yeni mərhələyə qədəm qoymasını istəyirsinizsə, səhnəni boşaldın, yeni qüvvələrin formalaşmasına mane olmayın. Amerikanın səfiri də öz açıqlamasında açıq tekstlə ölkədəki prosesi dəstəklədiklərini bildirdi. Yəni MŞ, Müsavat və başqa qurum və partiyalara münasibətləri eyni səviyyədədir və fərq qoymurlar.

Sizin köhnə və ya yeni mərhələdə nəsə konkret bir iş görəcəyinizə heç kim inanmır və bədbaxtçılıq ondadır ki, siz özünüz də inanmırsınız. Siz yeni mərhələlərinizlə hökumətdaxili müxalifətin də yaranmasına mane olursunuz.”

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar