İSA QƏMBƏR RAUF ARİFOĞLUNA QARŞI! - Sabiq başqandan gözlənilməz mövqe

Müsavatın sabiq başqanı İsa Qəmbər, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun əleyhinə gözlənilməz açıqlama verib. O, Rauf Arifoğluna "Əməkdar jurnalist" adının verilməsi və Prezident İlham Əliyevin baş redaktoru şəxsən təltif etməsi məsələsinə münasibət bildirərkən, Feysbukda bunları yazıb:

“Gənc dostlarımızdan Turxan Qarışqa mənə belə bir sualla müraciət edib: “İsa bəy, gözlər həm də sizdədir. Rauf Arifoglunun partiyadan istefası və sizin rəqibiniz olan İlham Əliyevdən mükafat alması haqda nə deyə bilərsiz? Günün ən çox müzakirə olunan məsələsidir”.

Turxan bəy, məncə proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib. Sizin suallara da Rauf bəyin cavabları ortadadır. Suallarınıza İlham Əliyevdən də cavab ala bilsəydiniz, mənzərə tamamlanardı.

Rauf Arifoğlunun İlham Əliyevdən mükafat alması (İlham Əliyevin Rauf Arifoğluna mükafat verməsi) bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. Şəxslərin barışına bir söz deyilməz, amma İlham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir.

Və bu şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir. Müsavatçılar üçün bu mümkün deyil”.

Rauf Arifoğlunun İsa Qəmbərə cavabı belə olub: “İsa Qəmbərin mənimlə bağlı "Facebook"da yazdığı statusa xüsusi bir iradım yoxdur. Sadəcə olaraq İsa bəyin gəldiyi bir sıra qənaətlər var. Mənim fəaliyyət prioritetlərimdən biri də o olacaq ki, bu cür qənaətlərlə bağlı yaxın gələcəkdə İsa bəy əvvəlki fikrindən növbəti dəfə daşınacaq. Mən çalışacağam ki, bu belə olsun”.

R. Arifoğlu APA-ya açıqlamasında Müsavat Partiyasının sabiq başqanının ona qarşı heç bir ittiham irəli sürmədiyini bildirib: “Orada İsa bəy heç bir ittiham səsləndirməyib. Sadəcə, fikirlərini söyləyib. Mən də o fikirlərə hörmət edirəm. Amma dediyim kimi, mənim fəaliyyətim şəffafdır. Başqa bir sahədə yox, media sahəsindəyəm. Mənim fəaliyyətimi hər kəs görəcək, o cümlədən də İsa bəy... Yəqin ki, İsa bəy çox diqqətli, keyfiyyətli oxucu kimi bizim fəaliyyətimizi bundan sonra da izləyəcək və görəcək ki, narahatlığa heç bir əsas yoxdur”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru qeyd edib ki, “Əməkdar jurnalist” fəxri adı alması münasibətilə İ. Qəmbər onu təbrik etməyib: “Təbrik gözləyirdim, amma etmədi. Bu statusdan sonra isə heç gözləmirəm”.

Baş redaktor daha sonra isə Feysbukda bunları yazıb:

"Müsavat Partiyasının 5-ci başqanı hörmətli İsa bəy prezident İlham Əliyevin mənə "Əməkdar jurnalist" adı verməsini və bu mükafatı şəxsən təqdim etməsini yorumlayıb. Onun bu yorumunu ölkə mediası içərisində ilk olaraq musavat.com saytı yayınlayıb. Yəni orada bizə problem ola biləcək hər hansı məqam görməmişik. Görsəydik belə, yenə də yayımlayardıq. Mənim də verdiyim mesaj elə budur - media hər hansı bir xəbəri özünə nisbətləndirib, münasibət sərgiləməz...

Lakin görürəm ki, bəziləri aranı qızışdırmaq və məndən İsa bəyə qarşı neqativ cavablar almaq istəyirlər. Bəzi suallara cavab verdim, lakin aydın olur ki, müəyyən təhriflər edilir. Ona görə də düşüncələrimi burada yazıram ki, istəyən hər kəs bundan istifadə etsin.

Əsas mesajım budur: İsa bəyə qarşı, hətta mənə münasibətdə haqsızlığa yol verdiyini düşünsəm belə, heç bir neqativ cavab verməyəcəm, yazı yazmayacam. Bu, mənim əxlaqıma, törəmə, prinsiplərimə ziddir. Sözüm, etirazım, cavabım olsa, özü ilə görüşüb, özünə deyəcəm. Görüşə bilməsək də, gedib çaya, dənizə danışaram...

Digər bir mesajımsa bundan ibarətdir: Hörmətli İsa bəyin bu illər ərzində mənimlə bağlı bir sıra təsbit və qənaətləri olub. Hər biri üçün ona minnətdaram. Neqativ xarakterli bir sıra qənaətlərini də zamanında bəzən dəyişmişəm, bəzənsə unudulub gedib. İndi də , son təsbit və qənaətlərindəki narahatlıqları anlayıram. Görünür, bundan sonrakı fəaliyyət prioritetlərimdən biri də o narahatlıqlara əsas olmadığını sübut etmək olacaq".

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar