Həbsdəki 8 gənc iğtişaşların təşkilində ittiham olunur

Onlara Cinayət Məcəlləsinin 220.1 maddəsi ilə əlavə ittiham irəli sürülüb

Həbsdə olan 8 gəncə əlavə ittiham irəli sürülüb. «Nida» Vətəndaş Hərəkatının üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və «Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadə iğtişaşların təşkilində günahlandırır. Onlara Cinayət Məcəlləsinin 220.1 maddəsi ilə əlavə ittiham irəli sürülüb. Bu maddə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etməni nəzərdə tutur.

NİDA-çılar bu ilin mart-aprel aylarında saxlanıblar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onları qanunsuz partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə günahlandırır. İstintaqın iddiasına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşıblar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib.

İlkin Rüstəmzadə isə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq ona xuliqanlıq ittihamı irəli sürüb. İlkin Rüstəmzadə və Zaur Qurbanlının vəkili Xalid Bağırov AzadlıqRadiosuna müsahibəsində bu ittihamı gözlənilməz saymır. Belə ki, onun sözlərinə görə, gəncləri Molotov kokteyli hazırlamaqda ittiham edən hakimiyyət həmin hazırlamanın da iğtişaş üçün olduğunu iddia etməliydi. Vəkil sadəcə bu ittihamın gecikməsinə təəccübləndiyini söyləyir və bunu istintaqın aparılmaması ilə bağlayır: «Zaur Qurbanlının yanına aprelin 1-dən bəri əvvəl bir dəfə gəliblər. Bir dəfə də ekspert rəyinə görə gəliblər. Vəssalam. Bir neçə aydan sonra yadlarına düşüb ki, Zaur Qurbanlı ordadır, əlavə ittiham verək».

Xalid Bağırov İlkin Rüstəmzadəyə həmin ittihamın irəli sürülməsini anlamadığını deyir. Çünki «Azad Gənclik» Təşkilatının üzvü bulvarda Harlem Shake rəqsinə görə saxlanıb:«Hakimiyyət iddia edirdi ki, NİDA-çılar Molotov kokteyli hazırlayıblar və iğtişaşa hazırlıq görüblər. İlkin Rüstəmzadənin NİDA-ya nə aidiyyatı var? Ona belə ittiham verilməyib axı».

Yeni ittiham 12 ilədək həbs nəzərdə tutur. Ancaq 220.1-cü maddə tam verilmədiyi, yəni iğtişaş baş vermədiyi halda, maksimum cəza həddinin yarısı verilir. Gənclər Bakının mərkəzində və sosial şəbəkələrdə «Əsgər ölümlərinə yox» aksiyasında fəallıq etdiklərinə görə, həbs edildiklərini deyirlər.

Amnesty İnternational təşkilatı bu gəncləri vicdan məhbusu sayır. Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatı sentyabrın 2-də «Azərbaycanda Vintlərin Bərkidilməsi Dövrü: Vətəndaş Cəmiyyəti və Müxaliflərə Qarşı Hücumlar» adlı 100 səhifədən ibarət hesabat yaymışdı. Hesabatda həbs edilən gənclərin siyasi fəaliyyətinə görə həbs edildiyi vurğulanırdı. Hakimiyyət nümayəndələri hesabatı qərəzli, reallığı təhrif edən kimi qiymətləndiriblər.(Azadlıq Radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar