“NAXÇIVAN KLANI”NDAN “PAŞAYEVLƏR”Ə “KORRUPSİYA HÜCUMU”- İç savaş

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi niyə böyük korrupsiya əməliyyatlarına göz yumaraq, kiçik rüşvət alıb-vermə faktlarını araşdırmaqla məşğuldur?

Məlum olduğu kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2013-cü il üçün yekun korrupsiya hesabatını açıqlayıb. Daha dəqiqi, İdarənin rəisi Kamran Əliyev mediaya 2013-cü ildə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olan şikayətlərn statistikasını açıqlayıb.

İdarə rəisi bildirib ki, 2013-cü il ərzində istintaq şöbəsi 367 şəxs barəsində 201 cinayət işinin araşdırılmasını tamamlayaraq, baxılması üçün aidiyyəti məhkəmələrə göndərib.

Səhiyyə sahəsində 22 şəxs barəsində 14 cinayət işi, təhsil sahəsində 25 şəxs barəsində 14 cinayət işi, sosial təminat sahəsində 16 şəxs barəsində 4 cinayət işi, əmlak məsələləri üzrə 2 şəxs barəsində 1 cinayət işi, yerli icra hakimiyyəti orqanlarının 8 əməkdaşı barəsində 6 cinayət işi, Mədəniyyət və Turizm Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Nəqliyyat Nazirliyinin 5 əməkdaşı barəsində 2 cinayət işi, “Azərenerji” ASC-nin 5 əməkdaşı barəsində 5 cinayət işi, bank və bank fəaliyyəti ilə məşğul olan qurumların 38 əməkdaşı barəsində 10 cinayət işi, təbiəti mühafizə sahəsində 6 cinayət işi, Kənd Təsərrüfatı Nazirliyinin 3 əməkdaşı barəsində 2 cinayət işi, ticarətlə məşğul olan 18 şəxs barəsində 17 cinayət işi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 3 əməkdaşı barəsində 2 cinayət işi, iqtisadi fəaliyyətlə məşğul olan 10 şəxs barəsində 7 cinayət işi, prokurorluq orqanlarının 1 əməkdaşı barəsində 1 cinayət işi, polis əməkdaşları barəsində 1 cinayət işi, Ədliyyə Nazirliyinin 2 əməkdaşı barəsində 2 cinayət işi, Fövqəladə Hallar Nazirliyinin 6 əməkdaşı barəsində 4 cinayət işi və özəl sahədə fəaliyyət göstərən 93 vəzifəli şəxs barədə 39 cinayət işi açılıb.

Hesabatdan göründüyü kimi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ən çox şikayət səhiyyə və təhsil sahəsindən daxil olub. Elə bu fakta əsaslanan K.Əliyev də respublikada korrupsiya cinayətlərinə daha çox təhsil, səhiyyə və sosial təminat sahəsində rast gəlindiyini bəyan edib. Yəni, dolayısıyla, ötən il Səhiyyə, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin korrupsiyaya daha çox bulaşdığına işarə vurub.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu hesabatı, reallıqla üst-üstə düşməsə də təəcüblü deyil. Qurumun 2012-ci illə bağlı hesabatında da səhiyyə, təhsil və sosial təminat sahələri ən çox korrupsiya şikayətlərinin daxil olduğu sahələr kimi qeyd olunmuşdu.

Ötən ilin iyul ayında mətbuata açıqlama verən Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov da şikayətlərdən danşarkən, ilk olaraq yuxarıda qeyd olunan sahələrin adlarını çəkmidi. Vətəndaşları bu sahələrdəki problemlərin narahat etdiyini bəyan etmişdi.

Bu və digər faktlar belə bir təəssürat yaradır ki, Azərbaycanda korrupsiyanı ən çox yayıldığı qurumlar Səhiyyə, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləridir.

Əlbəttə, əhalinin böyük hissəsinin hər gün müraciət etdiyi bu sahələrdən şikayətlərin daha çox olduğuna şübhə yoxdur. Amma bu, həmin qurumların daha çox korrupsiyaya uğradığı anlamına gələ bilməz. Azərbaycanda, hətta ölkədən kənarda da ən cox korrupsiyalaşmış struktular kimi nəqliyyat, əmlak, vergi və gömrük orqanları tanınır.

Ancaq maraqlısı və qəribəsi odur ki, həm Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hesabatlarında, həm də Prezident Administrasiyasından verilən açıqlamalarda bu qurumların adları ya ümumiyyətlə çəkilmir,ya da epizodik xatırlanır. Məsələn, K.Əliyevin son hesabatından belə çıxır ki, vergi və gömrük orqanlarında ötən il, ümumiyyətlə korrupsiya faktı qeydə alınmayıb. Təəccüblüdür, deyilmi?

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi bunu həmin qurumlardan şikayətlərin daxil olmaması ilə izah etdir: “İdarə konkret şikayətlər əsasında araşdırma aparır. Bu qurumlardan şikayətlər olsa araşdırarıq”.

Ancaq birincisi, adı beynəlxalq hesabatlarda belə ən cox korrupsiyalaşmış strukturlar kimi hallanan vergi və gömrük orqanlarında ötən il korrupsiya ilə bağlı bircə şikayətin belə olmaması inandırıcı görünmür. Ən azı ona görə ki, vaxtaşırı mətbuatda sahibkarların bu qurumlar tərəfindən rüşvət tələbilə üzləşdiklərinə dair konkret şikayətlər dərc olunub. Qanuna görə KİV-də gedən məlumatlar əsasında prokurorluğun araşdırma aparmaq səlahiyyəti var. Yəni, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin oturub gözləməsinə ehtiyac yoxdur ki, mətbuata şikayət edən sahibkarlar mütləq onlara da rəsmi müraciət ünvanlasınlar.

İkincisi, bir qurumdan konkret imza ilə şikayətin olmaması orda korrupsiyanın olmadığı anlamına gəlmir. Əvvala, hamıya məlumdur ki, Azərbaycanda rüşvət tələbilə üzləşən insanlar, xüsusən də iş adamları əksər hallarda şikayət etməkdən çəkinirlər. Çünki nəticəsi olaçağına inanmırlar.

Digər tərəfdən də, bir qurum daxılində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı baş verən korrupsiyadan məhdud sayda insanın xəbəri olur. Onlar bu və ya digər şəkildə bu korrupsiya əməliyyatında iştirak etdiyindən kimsə şikayətçi olmur. Məsələn, Nəqliyyat Nazirliyinin həyata keçirdiyi yol-körpü layihələrinə ayrılan 100 mılyonlarla manat vəsaitin korrupsiyanın qurbanı olduğuna dair əsaslı iddialar var. Ançaq kimsə konkret şikayət etmədiyindən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu iddiaları araşdırmaq zəhmətinə qatlaşmır. Halbuki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin başlıca fəaliyyət istiqaməti dövlət qurumları daxilində baş verən korrupsiya əməliyyatlarının araşdırılması olmalıdır. Hansısa məktəbdə və xəstəxanada rüşvət alınmasına dair şıkayətləri polis də araşdırıb tədbir görə bilər. Bunun üçün xüsusi idarəyə ehtiyac yoxdur.

Ancaq nə yazıq ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ayrı-ayrı dövlət qurumlarında baş verən böyük korrupsiya əməliyyatlarına göz yumaraq, kiçik rüşvət alıb-vermə faktlarını araşdırmaqla məşğuldur.

Diqqəti cəlb edən digər bir fakt isə, həm Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hesabatlarında, həm də Prezident Administrasiyasından verilən açıqlamalarda daha çox korupsiyalaşmış dövlət qurumları kimi eyni nazirliklərin adını çəkilməsidir. Bunu bəlkə də təsadüfi hesab etmək olardı. Ancaq məsələ ondadır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həm də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədridir. Eyni zamanda, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinın də onun kurasiyasında olduğu bildirilir.

Diqqəti çəkən məqam isə ondan ibarətdir ki, adı ötən il daha çox korrupsiyalaşmış dövlət qurumları kimi hallanan nazirliklərin rəhbərləri Mehdiyevə rəqib düşərgədə yer alırlar. Daha konkret desək, həm səhiyyə naziri Oqtay Şirəliyev, həm də təhsil naziri Mikayıl Cabbarov Paşayevlərin kadrı sayılır. Hətta birincinin Paşayevlərlə yaxın qohumluq əlaqələri də var.

Ötən il prezident seçkilərindən az sonraya qədər əmək və əhalinin sosial müdafiəsi naziri olan Fizuli Ələkbərovun da Mehdiyevə asi olaraq Paşayevlərə sığındığını hamı bilirdi.

Bu baxımdan, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hesabatlarında hər dəfə korrupsiya cinayətlərinə daha çox təhsil, səhiyyə və sosial təminat sahəsində rast gəlindiyinin bəyan olunmasını təsadüf hesab etmək çətindir. Bəziləri bunu Mehdiyevin rəqib düşərgəyə “korrupsiya hücumu” kimi xarakterizə edir ki, haqzız da sayılmazlar. Bununla bir tərəfdən ictimai rəydə rəqib qruplaşmanın nüfuzuna zərbə vurulur, onların siyasi baxımdan möhkəmlənməsinin qarşısı alınır, digər tərəfdən isə Paşayevlərin himayəsinə sığınanlar təzyiq altında saxlanılır. Və fürsət düşəndə ictimai rəyə yeridilən bu faktordan istifadə edilərək onlara həlledici zərbə vurulur.

Hər halda, Mehdiyevin üzünə “ağ olan” və Paşayevlərin himayəsinə keçən Fizuli Ələkbərovun vəzifədən götürülməsi bunu söyləməyə əsas verir.

Yeri gəlmişkən qeyd edək ki, Fizuli Ələkbərovun yerinə gətirilən Səlim Müslümov Mehdiyevin başçılıq etdiyi “Naxçıvan klanı”nın təmsilçisidir. Odur ki, bu ildən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hesabatlarında ən çox korrupsiya şikayətlərinin gəldiyi qurumların siyahısında Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına rast gəlməsəniz, təəcüblənməyin!...

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar