«Qəbahət, müxalifətdə olduğunu deyib, hakimiyyətə işləməkdir»- Gültəkin Hacıbəyli

Sabiq millət vəkili onu bir vaxtlar YAP-ı dəstəkləməkdə ittiham edənlərə sərt cavab verdi: "İlham Əliyevdən islahatlar gözləmişəm"

"Milli Şuraya qarşı kampaniyanın hakimiyyətin sifarişi əsasında həyata keçirildiyinə zərrə qədər də şübhəm yoxdur"

“Mən keçmişimdən heç bir halda imtina etmək fikrində deyiləm. Həyatımın hər günü mənim üçün dəyərlidir. Düşünürəm ki, utandıracaq, xəcalət hissi yaşadacaq heç bir əməlin sahibi deyiləm. Bəli, mən inanmışam. Uzun müddət inanmışam ki, Azərbaycanda demokratik islahatları hakimiyyət həyata keçirə bilər. Əslində Azərbaycan hakimiyyətinin bunun üçün çox gözəl imkanları, şansları vardı. Və yaxın tarix sübut etdi ki, mən haqlı idim.

Azərbaycan onsuz da yaxın bir neçə ildə demokratik dəyişikliklərə məhkumdur. Hakimiyyət bunu vaxtında anlasaydı, həm öz maraqları, həm də ölkənin və xalqın maraqları baxımından daha faydalı olardı. Azərbaycanda Gürcüstan modelinin inkişafını görürdüm. Istəyirdim ki, Saakaşvilinin həyata keçirdiyi yuxarıdan-aşağıya, dinc, sivil islahatları Azərbaycan hökuməti həyata keçirsin və buna görə, heç vaxt YAP üzvü olmasam da, prezident İlham Əliyevi dəstəkləmişəm və təbliğ etmişəm. Bu islahatları ondan gözləmişəm. Əslində, İlham Əliyevin buna yetəcək potensialı və intellekti var idi. Ancaq təəssüflər olsun ki, o,fərqli seçim etdi və bu islahatlar baş tutmadı. Bu gerçəyi anlayandan sonra mən Azərbaycanda demokratiyanın inkişafını fərqli bir modelləri barədə düşünməyə başladım. Bu baxımdan düşünürəm ki, 2008-ci ildə Ilham Əliyevi dəstəkləməyimdə heç bir qəbahətli iş yoxdur və buna görə heç bir kompleksim və ya narahatlığım yoxdur”. Bu sözləri “Azadlıq”a keçmiş deputat, Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli onun 2008-ci il prezident seçkilərində Ilham Əliyevin təbliğatı zamanı etdiyi çıxışın videosunun son günlər sosial şəbəkələrdə daha çox müsavatçı fəallar tərəfindən paylaşılmasına münasibət bildirərkən deyib.

Gültəkin Hacıbəyli bildirib ki, bəzi keçmiş müsavatçılar kimi öz keçmişindən imtina etmək niyyətində deyil: “İnsanın kiməsə inanması, kiminsə yanında olması qəbahət deyil. Qəbahət insanın bir cinahda olarkən, əslində, qarşı cinahla gizlin əməkdaşlıq etməsidir. Mən Azərbaycan hakimiyyətinin yanında olarkən yüz faiz orada olmuşam. Bütün varlığımla Ilham Əliyevin 2003 və 2008-ci illərdəki qələbəsi üçün çalışmışam. O zaman müxalifətlə mənim heç bir işbirliyim, əlaqəm olmayıb. Baxmayaraq ki, hakimiyyət daxilində hər zaman islahatların tərəfdarı olmuşam, nöqsanları sərt şəkildə tənqid etmişəm, buna görə bir çoxları ilə münasibətlərim gərgin olub və hətta məni hakimiyyətin bəzi yüksək rəsmiləri müsavatçılıqda da ittiham ediblər. Hər zaman korrupsiya faktları ilə, məhkəmə özbaşınalıqları ilə gücüm çatan səviyyədə mübarizə aparmışam, sifariş icra etməmişəm, öz mövqeyim olub, öz sözümü demişəm. Təmsil etdiyim bölgədə qanunsuzluqlarla açıq şəkildə mübarizə aparmışam və bu geniş ictimaiyyətə, xüsusilə də, seçicilərimə yaxşı bəllidir. Hakimiyyət düşərgəsində bu ideyaların gerçəkləşməyəcəyini, çəmbərin genişlənmək əvəzinə daha da daraldığını, demokratik yox, avtoritar meyllərin gücləndiyini görəndə anladım ki, bu düşərgədə qalmaqla mən artıq özümə və öz dəyərlərimə, prinsiplərimə xəyanət etmiş oluram. Bundan başqa hakimiyyətdəki konkret insanlar mənə, ailəmə, yaxınlarıma qarşı çox qanunsuzluqlar törədiblər. Mən və ailə üzvlərim təhdid edilmişik. Mənə, ailə üzvlərimə qarşı dövlət əleyhinə iğtişaşdan tutmuş ölümlə təhdidədək cinayətlər ”tikməyə" çalışıblar. Zamanı gələndə bu qanunsuzluqların, hətta silsilə cinayətlərin üstü açılacaq. Əminəm ki, o zaman, çoxları məndən üzr istəyəcək. Bu gün mən Milli Şuradayam. Vaxtı ilə yüz faiz hakimiyyətin yanında olduğum kimi, indi də yüz faiz, bütün varlığımla Milli Şuradayam. Hakimiyyətə yaxın olduğum vaxtlardakı kimi, yenə də səhvləri, nöqsanları birbaşa, açıq şəkildə üzə deyirəm. Milli Şuranın ən kritik dönəmlərində keçən qapalı iclaslarda məndən sərt və tənqidi çıxışlar edən olmayıb. Qurumun üzvləri bunu yaxşı xatırlamalıdırlar. Ancaq bu evin içinin söhbətləri olduğu üçün, keçmişimə münasibətdə etdiyim kimi, heç vaxt tərəfimdən ictimailəşdirilməyib. Necə ki, hakimiyyət mətbəxinə aid, o cümlədən, hakimiyyət-müxalifət əlaqələrinə aid bir çox gizlinlər elə gizlin olaraq qalır. Ancaq, mənim hakimiyyətin ən üst qatı ilə keçmiş əlaqələrimi nəzərə alaraq, çox məlumatlı biri olduğumla, yəqin ki, razılaşarsınız".

Milli Şura üzvü onun dəyərlər sistemimdə xəyanət anlayışı olmadığını diqqətə çatdırıb: “Sonadək dostlarımın, prinsiplərimin yanındayam. Ancaq mənə xəyanət edənləri də bağışlamıram. Düşünürəm ki, qəbahət insanın əvvəl hakimiyyəti, sonra müxalifəti dəstəkləməsində və ya bunun əksinə olmasında deyil. Bu siyasi plüralizmdir, sərbəst seçim imkanıdır və bütün dünyada yayılmış bir praktikadır. Qəbahət insanın istər hakimiyyətdə, istər müxalifətdə olduğu zaman ləyaqətini qoruya bilməməsindədir. Qəbahət insanın hakimiyyətdə ikən bir ayağının müxalifətin yanında olması, yaxud əksinə, müxalifətdə olduğunu deyib, əslində hakimiyyətin maraqlarına işləməsidir. Qəbahət insanın olduğu kimi görünməməsindədir. Mənə qarşı aparılan bu kampaniya əbəsdir. Rüstəm Ibrahimbəyova, Cəmil Həsənliyə, mənə və ümumiyyətlə, Milli Şuraya qarşı kampaniyanın hakimiyyətin sifarişi əsasında həyata keçirildiyinə zərrə qədər də şübhəm yoxdur”.

Gültəkin Hacıbəyli sonda onu da qeyd edib ki, ona qarşı aparılan bütün kampaniyaların tezisləri Prezident Administrasiyasından verilir: “Əminəm ki, Prezident Administrasiyasından istiqamətləndirilən bütün başqa kampaniyalar kimi, bu kampaniya da iflasa uğrayacaq. Məni bu üsullarla gözdən salmaq cəhdləri çox cılız və uğursuz cəhdlərdir və kimlərinsə Milli Şuranı dağıtmağa gücü çatmamasının etirafıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar