“Kimin hansı çeşmədən su içdiyini yaxşı bilirik”- Cəmil Həsənlilə MÜSAHİBƏ

“Milli Şuraya Rusiya proyekti deyənlərin özləri Azərbaycanın korrupsioner hakimiyyətinin proyektləridir”

«Azərbaycan xalqı dəyişiklik istəyirsə, məhz özü tarixin səhnəsində olmalıdır»

Milli Şuranın son sessiyası ərəfəsində qurumun gələcək fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səslənirdi. Amma bu qeyri-müəyyənlik sessiyadan sonra tam aradan qalxdı. Təşkilatın strukturlaşmasıyla bağlı mühüm addımların atılması Milli Şuranın gələcəyinə nikbin baxmağa əsas verir. Milli Şuranın sədri Cəmil Həsənli ilə müsahibəmizin ilk sualı elə son sessiyanın nəticələrini necə qiymətləndirməsiylə bağlı oldu. Eyni zamanda C.Həsənliyə gündəmdə olan digər sualları da ünvanladıq:

- Milli Şuranın son sessiyası kifayət qədər mütəşşəkil qaydada keçdi. Milli Şura üzvlərinin böyük əksəriyyəti sessiyada iştirak etdi. Əksəriyyətin də fikri ondan ibarət idi ki, Milli Şura fəaliyyətini davam etdirsin. Əslində sessiyaya qədər də bu fikir bəlli idi. Istər mətbuatda, istərsə də ictimai müzakirələrdə Milli Şura üzvlərinin əksəriyyəti təşkilatın fəaliyətini davam etdirməyə qərarlı olduqlarını müxtəlif formalarda bildirmişdilər. Sessiya sadəcə olaraq buna hüquqi məzmun verdi. Bu işdə AXCP-nin, KXCP-nin, gənclərin və partiya üzvü olmayan Şura üzvlərinin, ziyalıların mövqeyi həlledici rol oynadı. Son sessiyada eyni zamanda Milli Şuranın ən mühüm strukturlarından biri kimi qurumun Koordinasiya Şurası formalaşdı, ora seçkilər keçirildi. Əslində Milli Şuranın idarə edilməsiylə bağlı müəyyən boşluqlar var idi. Məhz həmin boşluqlar aradan qaldırıldı. Milli Şura üzvləri sessiyada yekdillik nümayiş etdirdilər. Bu mühüm amil idi. Onların narahatçılığı başa düşülən idi. Sessiyanın yüksək fəallıq şəraitində keçməsi insanların MŞ-nın taleyinə məsuliyyət hissindən irəli gəlirdi. Həm ictimai-siyasi vəziyyətin, həm 2014-cü il üçün təşkilatın fəaliyyət proqramının müzakirəsində, həm də strukturların formalaşmasında Milli Şura üzvlərinin böyük əksəriyyəti eyni mövqedən çıxış etdilər. Bu sessiya Milli Şuranın həyat qabiliyyətli olduğunu nümayiş etdirdi. Azərbaycan cəmiyyətində siyasi və qeyri-siyasi kəsimin birliyinə daxili bir tələbat vardır. Ölkədə dəyişiklik istəyənlərin böyük bir hissəsi partiyalarda birləşməyiblər. Onların siyasi, sosial, mənəvi və milli proseslərə yaxından cəlb edilməsi, bütövlükdə dəyişikliklərdə maraqlı olan qüvvələrin fəaliyyətinin uzlaşan məqamlarının kordinasiya edilməsi, cəmiyyətdə öz gücünə inamı, sosial ədalətsizliyə müqavimət hissini stimullaşdırmaq üçün Milli Şura kimi bir quruma ehtiyac vardır. Ötən dövr göstərdi ki, dağınıq qüvvələrin hər birinin öz yağında qovrulması ilə zülm tükənməz, ədalət payidar olmaz, istibdad getməz.

Milli Şuranın qarşısında duran hədəflər

- Hazırda Milli Şuradan böyük gözləntilər var. Təşkilatın bəzi üzvləri Milli Şuranın fəaliyyətindən, ortada olan nəticələrdən razı deyillər. Qarşıda hansı planlarınız var?

- Azərbaycan cəmiyyətinin qarşısında çox ciddi sosial, siyasi, mənəvi və milli məsələlər var. Bütövlükdə Milli Şuranın vəzifəsi avtoritarizmdən demokratiyaya keçidə öz töhvəsini verməkdir. Bu istiqamətdə Milli Şuranın edə biləcəyi çox şeylər var. Süstlük cəmiyyətin zülmə adaptasiya olmasının birinci şərtidir. Vətəndaşlıq mövqeyi ictimai müzakirələrdə ortaya qoyula bilər. Milli Şura məhz bu ictimai müzakirələrin mərkəzində dayanmalı, insanlarda öz gücünə inamı cilalamalı, Azərbaycan cəmiyyətində dəyişiklik istiqamətində yaranmış ümidləri sönməyə qoymamalıdır. Milli Şuranın 2013-cü ildəki fəaliyyəti göstərdi ki, müxalif siyasi qüvvələrin birliyi və onun müxtəlif sivil vətəndaş təşkilatları ilə vahid istiqamətdə hərəkət etməsi dəyişikliklərə olan ümidləri daha da artırır, hakimiyyətə qarşı güc mərkəzinin formalaşması prosesinə kömək edir. Dağınıq cəmiyyət siyasi hədəflərə yetişə bilməz. Məhəlli medodlarla milli probleməlin həlli mümkünsüzdür. Ona görə də müzakirə etməli çox məsələlər var. Qarşıda “Azərbaycan bu gün” adlı beynəlxalq bir forumun keçirilməsi planlaşdırılır. Xəstə cəmiyyətin müalicəsi düzgün diaqnozdan keçməlidir. “Azərbaycanın güclü ordusu var” deməklə işğal altında olan torpaqlar azad olmayacaq. Ötən hər gün bizi Qarabağdan daha da uzaqlaşdırır. Indi Qarabağdan kənar ikinci nəsil qarabağlılar doğulur. Hakimiyyət Qarabağ məsuliyyətindən qurtarmaq üçün onu ictimai fikirdə arxa plana keçirir, unutdurmağa çalışır. Bu gün Azərbaycan hakimiyyətinin işğal altında olan ərazilərin qaytarılması, Qarabağda suverenliyin bərpası ilə bağlı aydın bir fəaliyyət proqramı yoxdur. Korrupsiyalaşmış hakimiyyət və məzlumlaşdırılmış əhali ilə qələbə modelinin nümunəsi tarixdə mövcud deyil. Ona görə işğal olunmuş ərazilərə münasibətdə fərdin və millətin məsuliyyəti ortada olmalı, mürgü döyən cəmiyyət qəflət yuxusundan ayılmalı, yatmış vicdanlar oyanmalıdır. Bu istiqamətdə Milli Şuranın üzərinə də böyük məsuliyyət düşür. Korrupsiyaya, inhisarçılığa qarşı mübarizə, siyasi məhbus problemi, insan hüquqları ilə bağlı məsələlər, əhalinin sosial müdafiəsi, cəmiyyətin maarifləndirilməsi, mənəvi irsin qorunması və təbliği, nəhayət bizi gözləyən avrointeqrasiya kimi məsələlər Milli Şuranın qarşısında duran ciddi hədəflərdir. Yanvarın 28-də Rəsulzadənin 130-cu doğum gününü keçirməklə bağlı geniş bir tədbir nəzərdə tutmuşuq. Burada həm Milli Şuranın üzvləri, ziyalılar, cəmiyyətin müxtəlif kəsimlərinin nümayəndələri, həm də vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edəcək.

- Milli Şuranı bir neçə nəfər tərk etdi. Bəs təşkilata üzvlüklə bağlı yeni müraciətlər varmı? Bu istiqamətdə durum necədir?

- Milli Şuradan ayrı-ayrı üzvlərin getməsindən narahat olmaq lazım deyil. Milli Şura demokratik bir təşkilatdır və fəaliyyət istiqamətində də demokratik dəyərlər mühüm yer tutur. Milli Şuraya adamlar öz qərarı ilə gəlmişdilər və indi kimsə oradan öz qərarları ilə gedirlərsə, arzuolunmaz olsa da bundan narahat olmağa dəyməz. Amma nəzərə almaq lazımdır ki, Milli Şuraya çoxlu müraciətlər də var. Lakin burada başlıca istiqamət kəmiyyət göstəriciləri deyil, keyfiyyət göstəriciləri olmalıdır. Siyasi proseslərdə gənclərin önəmi artmaqdadır. Əlbəttə, Milli Şurada da bu nəzərə alınmalıdır. Biz 2014-cü ildə Azərbaycan ziyalıları ilə Milli Şura arasında bir körpü salmağı düşünürük. Hesab edirik ki, Milli Şurada maarifçilik, milli-mənəvi irsin qaldırılması, təbliğ olunması prosesində Azərbaycan ziyalılarının gücündən və imkanlarından səmərəli istifadə olunmalıdır. Hazırda Milli Şuranın doxsana yaxın üzvü var. Bir neçə nəfərin Milli Şuradan getməsini faciə kimi qəbul etmək lazım deyil. Əlbəttə, biz bunu arzulamazdıq. Çünki gedən adamların bəziləri doğurdan da Milli Şuraya yaxından köməklik etmişdilər. Xüsusilə ideya, nəzəri istiqamətlərin müəyyən olunması, müxtəlif təhlil və analizlərin verilməsi baxımından o adamlar içərisində qiymətli dostlarımız olub. Məsələn, Zəfər Quliyevin bir sıra təhlil xarakterli yazıları indi də öz əhəmiyyətini saxlayır. Biz əlbəttə, belə adamların Milli Şuradan çıxmasına təəssüflənirik. Amma insanların seçim haqqına da hörmətlə yanaşmaq lazımdır. Əgər bu adamlar öz fəaliyyətlərini Milli Şura çərçivəsində görmürlərsə, onları burada saxlamaq nə məqsədəuyğun, nə də mümkündür. Bu canlı bir prosesdir. Gedənlər də olacaq, gələnlər də. Amma biz bu yolu getməyə qərarlıyıq və kim bu prosesi getməyə qərarlıdırsa, biz onlarla Milli Şuranın siyasi bəyannaməsində, digər proqram sənədlərində təsbit olunmuş prinsiplərin, ilk növbədə Azərbaycan cəmiyyətinin irəli sürdüyü sosial, siyasi, iqtisadi, mədəni, milli və mənəvi məsələrin həllində mümkün olan bütün addımları atmağa hazırıq.

“Birgə fəaliyyətimizə, birgə mübarizəmizə hörmətlə yanaşaq”

- Son sessiyadan sonra Milli Şuranın fəxri sədri Rüstəm Ibrahimbəyovla danışmısınızmı?

- Bəli, bizim Rüstəm bəylə danışıqlarımız olub. Həm sessiyanın gedişatını müzakirə etmişik, həm də qəbul olunan qərarları, Milli Şuranın rəhbər strukturlarının formalaşdırılmasıyla bağlı fikir mübadiləsi aparmışıq. O, sessiyanın gedişatından çox razı qaldığını bildirib. Eyni zamanda Rüstəm bəy 16 yanvar sessiyasında Milli Şuranın xüsusi iradə, böyük fəallıq nümayiş etdirməsini yüksək qiymətləndirir. Rüstəm də, mən də Milli Şuranın gələcəyinə böyük ümidlə baxırıq. Bizim üçün bu siyasi anlamdan daha çox Azərbaycan cəmiyyəti qarşısında öz vətəndaş, ziyalı borcumuzu ifadə etmək məqamıdır.

- “Azadlıq” qəzetində çap olunmuş məqaləsində Rüstəm bəy vurğulayıb ki, hakimiyyət üçün seçkidəki uğursuzluğundan sonra çox vacib idi ki, demokrtik düşərgəni iki hissəyə parçalasın. Radikallar və rejim üçün zəruri olan kompromislərə gedə bilən konstruktiv düşünənlərə. Sizcə, hakimiyyət bu niyyətinə nail oldumu?

- Bu Rüstəm bəyin fikridir və mən onun fikirlərini şərh etmək istəmirəm. Amma biz Milli Şurada 2013-cü il çərçivəsində beş ay yol gəlmişik. Burda uğurlarımız da olub, uğursuzluqlarımız da. Bütövlükdə mən keçilmiş yola hörmətlə yanaşılmasının tərəfdarıyam. Hesab edirəm ki, ötən il tarixin çox da uzun olmayan bir məsafəsində tale bizi milli birlik çətirinin altına toplaya bildi və şübhəsiz ki, baş verənlər izsiz keçmədi. Ən azından bu birlik hakimiyyətin uzun müddət adaptasiya olduğu rahatlığı bir qədər poza bildi. Ölkənin içərisində gerçək müxalifətin imkanlarını qiymətləndirmək mümkün oldu. Əslində, birgə fəaliyyətimiz, birgə mübarizəmiz, birgə məsuliyyətimizdən çıxarılası dərslər çoxdur. Bunu bir tərəfə qoyub bir-birimizi ittiham etməkdən çəkinməliyik. Məsələn son sessiyadan sonra professor Hacıbaba Əzimovun “Publika.az” saytına “MTN Milli Şura ilə bağlı tədbir görməlidir” adlı açıqlaması məndə ciddi narahatçılıq doğurdu. Milli Şurada guya xaricə işləyən admların olması və onları Şuraya guya Eldar Namazovun gətirməsi ittihamı ilə heç cürə razılaşmaq olmaz. Xüsusilə Milli Şuranın rəhbərliyində təmsil olunan bir adamın Milli Şura üzvü haqqında tədbir görmək üçün MTN-ə müraciət etməsi qəbuledilməzdir və bununla heç cürə razılaşmaq olmaz. Milli Şura milli kimliyindən və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqlara eyni hörmət və məhəbbətlə yanaşır. Ona görə də Milli Şuranın daxilində belə söhbətlər və mübahisələr arzuolunan deyildir.

- Bu arada yenidən Milli Şuranı Rusiya proyekti kimi təqdim etmək cəhdləri edilir. Maraqlıdır ki, bu cəhdlər əgər seçkidən əvvəl hakimiyyət düşərgəsi tərəfindən edilirdisə, hazırda bir sıra müxalifət qəzetləri bu tezisi manşetlərinə daşıyırlar. Bu tendensiyanı necə qiymətləndirirsiniz?

- Milli Şuranı Rusiyanın proyekti hesab edənlər, məhz özləri Azərbaycanın korrupsioner hakimiyyətinin proyektləridir. Bunun ayrı adı yoxdur. Kimin hansı çeşmədən su içdiyini biz yaxşı bilirik. Hələ ilk dövrlərdə belə fikirlər səsləndiriləndə öz mövqeyimi bildirmişəm, indi də həmin mövqeydə qalıram ki, belə yanaşmanın heç bir obyektiv əsası yoxdur. Milli Şura Azərbaycan hadisəsidir, Azərbaycanın daxilindəki proseslərdən qaynaqlanır və cəmiyyətimizin sosial-siyasi, milli-mənəvi təlabatından yaranmışdır. Milli Şura Azərbaycan cəmiyyətində ilk nüfuzlu qurumdur ki, məhz onun proqram sənədlərində, toplantılarında, rəhbərliyinin açıqlamalarında məsələ belə qoyulur ki, biz xalqımızın gözünü xaricdən çəkməliyik. Azərbaycan xalqı özü öz taleyini həll etməlidir. Azərbaycan xalqı dəyişiklik istəyirsə, məhz özü tarixin səhnəsində olmalıdır. Rusiya layihəsi və sairə fikirlər hamısı mənasız işlərdir. Bunlar bir qayda olaraq ictimai fikri azdırmaq üçün hakimiyyət tərəfindən ortaya atılmış qara piar kampaniyasıdır və biz bu hakimiyyət piarının ləpirlərin bir sıra mətbuat orqanlarına necə gəlib çıxdığından məlumatlıyıq. Ona görə də, Milli Şura Azərbaycanın öz içindən, öz problemlərindən, xalqın istək və arzularından yaranan bir təşkilatdır. Milli Şuranın fəaliyyəti də bilavasitə Azərbaycan xalqının ləyaqətli həyat, demokratik cəmiyyət arzularından qaynaqlanır. Əgər kimsə gercəkdən ölkəmizdə xarici proyekt axtarırsa, bunun jurnalist araşdırmalarına ehtiyacı olan nümunələri çoxdur

“Yeni Müsavat”ın Milli Şuraya qarşı kampaniyasını görürəm"

- Cəmil bəy, “Yeni Müsavat” qəzeti Milli Şuraya qarşı dağıdıcılıq işi aparır" fikrinizdən sonra tərəf tutmaqda ittiham olundunuz...

- İcazənizlə, mən bu məsələyə bir qədər aydınlıq gətirmək istəyirəm. Tərəf tutmaq ittihamı bu açıqlamadan xeyli əvvəl “Yeni Müsavat”ın səhifələridə görünməyə başlamışdı. Amma bu “tərəf tutmağın” nədən ibarət olması yalnız mücərrəd formada təqdim edilirdi. Tərəf olmadığı üçün bütün yazılanlar da mənə əhəmiyyətsiz görünürdü. Lakin heç bir arzuolunmaz şərait insanı obyektiv dəyərləndirmədən uzaqlaşdırmamalıdır. Bu istiqamətdə birinci məqam ondan ibarətdir ki, Milli Şuraya münasibətdə neqativ mövqe tutan “Yeni Müsavat” qəzeti həqiqətən seçki kampaniyasında faydalı addımları atıb. Həm təbliğati işlərdə, həm seçki kampaniyasına dəstək vermək baxımından qəzetin əməyi, zəhməti var. Seçki dövründə mənim bu qəzetdə müsahibələrim, cəmiyyətə mesajlarım dərc olunubdur. Onlar bunu böyük məmnuniyyətlə ediblər. Qəzetin əməkdaşları haqqımda çox maraqlı köşə yazıları yazıblar. Bütün bunları mən yüksək qiymətləndirirəm. Bu, məsələnin birinci tərəfidir. Amma eyni zamanda mən “Yeni Müsavat” qəzetinin xüsusilə son bir ayda Milli Şuraya qarşı apardığı dağıdıcılıq kampaniyanı da görürəm. Bunu da qiymətləndirmək lazımdır. Söhbət ondan getmir ki, yanvarın 16-da iki nəfər Milli Şuradan çıxmaqla bağlı bəyanat verib və onların bəyanatları “Yeni Müsavat” qəzetində və qəzetin saytında yer alıb. Məsələyə qətiyyən o meyardan yanaşmaq olmaz. Söhbət bütövlükdə “Yeni Müsavat” qəzetinin Milli Şuraya olan münasibətindən gedir. Mən necə “Yeni Müsavat” qəzetinin seçki kampaniyamdakı müsbət rolunu etiraf edirəmsə, bunu müsbət proses sayıramsa, eyni zamanda qəzetinin son bir ayda Milli Şuraya münasibətdə dağıdıcılıq funksiyasını da görürəm. Istənilən təhlilçi buyursun, baxsın və dəyərləndirsin. “Qaz vurulub” qəsdən şişirdilmiş xəbərlərin, yalan məzmununu gerçək məlumatları üstələməsi, qərəzli informasiyaların, qarşı tərəfdə ümidsizlik aşlayan təhlillərin hədəfin düşkünləşdirilməsinə hesablanması soyuq müharibə hadisəsi idi və mən bir az bu şeyləri bilirəm. Və əgər Rauf bəy mənim “haqsız olmağımı” onun telefon zənginə cavab verməməyimlə izah edirsə, onun zəng etdiyi 14:08-də mən Yasamal məzarlığında əziz müəllimimiz professor Süleyman Əliyarlının dəfnində olmuşam, bu babətdən heç bir zəngə cavab vermək imkanım olmayıb. Cavab verməyə imkanımız olanda isə bizə qarşı baş redaktorun yazısı artıq qəzetin saytında qoyulmuşdu və nəyisə izah etməyin elə bir mənası yox idi.

“Azərbaycan bu gün” forumu qonşu dövlətlərin birində olacaq"

- Rüstəm Ibrahimbəyov qəzetimizdəki məqaləsində “Azərbaycan bu gün” beynəlxalq forumunun keçirilməsini təklif edib. Qeyd olunub ki, bu forumda Azərbaycanın hazırkı durumu, seçkilərin nəticələri, beynəlxalq rəy və yaranmış durumdan çıxış yollarının müzakirəsi nəzərdə tutulub. Forumdan hansı gözləntiləriniz var? Tədbir nə zaman keçiriləcək?

- Biz bu forumun artıq hazırlıq prosesinə başlamışıq. Bir sıra danışıqlar aparmışıq. Ola bilsin ki, forum Azərbaycanda deyil, demokratik dəyərlərə söykənən qonşu dövlətlərin birində keçirilsin. Çünki burada yalnız azərbaycanlı mütəxəssislərin deyil, Azərbaycanla bağlı təhlillər aparan, araşdırmalar yazan xarici mütəxəssislərin də iştirakı planlaşdırılır. Ona görə də indidən konkret nəsə demək olmaz. Amma bu ideya maraqlı yanaşmadır və bu forumda Azərbaycandakı proseslərin, demokratiyanın, insan haqlarının vəziyyətinin, hakimiyyətin yürütdüyü siyasətin mahiyyətinin qiymətləndirilməsinin geniş yer tutacağı gözlənilir. Foruma ciddi hazırlaşırıq. Yəqin bir qədər zaman alacaq.

- Budəfəki parlament seçkiləri zamanı proporsional seçki sisteminin bərpa olunacağı gözlənilir. Bu dəyişiklik Azərbaycana nə verə bilər?

- Mən ümumiyyətlə proporsional seçki sisteminin ləğvinin əleyhinə olmuşam. Hesab edirəm ki, ölkədə siyasi partiyalar varsa və onların fəaliyyətini stimullaşdırmaq zəruridirsə, bu zaman proporsional seçki sistemi olmalıdır. Eyni zamanda proporsional seçki sistemi üzrə seçilənlərin sayı artırılmalıdır. Ya parlamentdəki yerlərin 50 faizi proporsional siyahı üzrə müəyyənləşməlidir, ya da biz ümumiyyətlə bu sistemə keçməliyik. Tarixi təcrübə göstərir ki, proporsional sistemin üstünlükləri daha böyükdür. Cəmiyyət öz demokratik potensialını proporsional sisitemdə daha aydın və açıq formada ifadə edə bilir.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar