AZAL-dan noutbuk qadağasına cavab

"Təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır"

Son günlərdə AZAL-ın Naxçıvana uçan təyyarələrdə noutbuk aparmağı qadağan etməsi barədə məlumatlar yayılıb. İddiaya görə, qeydiyyatdan keçən sərnişinlər aviaşirkət işçiləri öz noutbuklarını aeroportda qoyub getmək tələbi ilə üzləşiblər. Bu qadağaya isə hər hansı məntiqi izah verilməyib və bunun AZAL prezidenti Cahangir Əsgərovun şəxsi əmri ilə qoyulduğu deyilib.

ANS PRESS bu məsələni dəqiqiləşdirmək üçün Azərbaycan Hava Yolları - AZAL-la əlaqə saxlayıb. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır. Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır:"Bildiririk ki, noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb. Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır".

Xatırladaq ki, virtualaz.org saytına şikayət edən və Naxçıvana yola salan Bakı şəhər sakini Müşfiq Mədətov bu barədə məlumat verib. “İnsident saat 19:20-yə nəzərdə tutulan Bakı-Naxçıvan reysinə minik zamanı baş verib. Aeroport əməkdaşları sərnişinlərə xəbərdarlıq etdilər ki, təyyarəyə noutbukla minmək olmaz. Mübahisə yarandı. Bunlar videomüşahidə kameralarına da düşüb. Ona görə də oğlum noutbukunu Bakıda saxlamalı oldu”.

AZAL son günlər ölkə rəhbərliyi ilə yanaşı, ictimaiyyətin də diqqət mərkəzində olan əsas məsələdir. Belə ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında da AZAL biletlərinin baha olmasına iradını bildirib. “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?”.

Dövlət başçısının kəskin tənqidindən sonra AZAL bilet qiymətləri ilə bağlı addım atsa da, bu addımlar qənaətbəxş olmayıb.

İyulun 21-də qapalı kollegiya iclası keçirən "Azərbaycan Hava Yolları" QSC aşağı büdcəli sərnişindaşıma xəttinə avqustun 1-dən Bakı - Antalya - Bakı, sentyabrın 1-dən isə Bakı-İstanbul-Bakı reyslərini daxil edib. Oktyabr ayından isə bu sıraya Moskva və Dubay reysləri də daxil olacaq. Aviaşirkət iddia edir ki, yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq. AZAL-ın büdcəli uçuşları "Embraer" təyyarələri ilə həyata keçiriləcək.Həmçinin aşağı büdcəli sərnişindaşıma xəttində hər bir baqaj 50 manat məbləğində olacaq. bu reyslərdə yalnız 5 kq-dan artıq olmayan əl baqajı təyyarə bileti ilə birgə hesablanacaq. Halbuki, standart biletlər 23 kiloqram yük götürməyə imkan verir. İstənilən əl baqajı 10 kiloqramı keçir. Dubay və İstanbula Azərbaycan sakinlərinin həm turizm, həm də alış-veriş məqsədi uçün getdiyi də heç kimdən gizli deyil. Beləliklə, aşağı büdcəli sərnişindaşıma xəttində qiymətlər avtomatik 100 manat bahalaşır. Çantaların sayı artıqca, bilet daha da bahalaşır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar