“ƏLİ HƏSƏNOV 11 DƏFƏ FRANSADAN ƏLİBOŞ QAYIDIB...” – Elşad Abdullayev

Sevinc Babayevanın “ölümqabağı etirafları” nəyə xidmət edir?

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev, məşhur “Mandat işi”nin əsas fiqurlarından olan və 2012-ci ilin dekabrında İstanbulda müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın bu günlərdə ortaya çıxan “məktubuna” münasibət bildirib.

İddiaya görə, S.Babayeva ölümündən öncə Bakı Şəhər Prokurorluğuna məktub göndərib və bütün “həqiqətləri” danışıb. “Yeni Müsavat” qəzetində silsilə dərc olunan məktubda Elşad Abdullayevin indiyədək yaydığı videolar montaj adlandırılır, deputat Gülər Əhmədovanın ABU rektorundan tələb etdiyi 500 min dollar hansısa şikayətçilərin ayağına yazılır. Guya bu pullar E.Abdullayevin aldatdığı adamlara qaytarılmalı imiş və Gülər Əhmədova Sevinc Babayevanın xahişi əsasında bu işə qarışıb və E.Abdullayevdən 500 mini tələb edib.

Qəzet yazır ki, məktubu ortaya çıxaran Gülər Əhmədovanın vəkili Əfsər Talıbovdur. Vəkil isə deyib ki, tanımadığı hansısa şəxs məktubu onun ofisinə gətirib…

Məktubun Sevinc Babayevanın özü tərəfindən yazılıb-yazılmadığı dəqiqləşməyib. Lakin bunun o qədər də əhəmiyyəti yoxdur. E.Abdullayev mandat alverinə dair ortaya elə tutarlı faktlar, dəlillər qoyub ki, S.Babayevanın 1 ildən sonra müəmmalı şəkildə üzə çıxan ziddiyyətlərlə dolu hansısa məktubu onları aradan qaldırmaq iqtidarında deyil.

Qondarma məktubdakı iddialara gəlincə, bunlar o qədər qeyri-ciddidirlər ki, onlara xüsusi olaraq diqqət ayırmağa ehtiyac yoxdur. Təkcə bir ziddiyyəti qeyd etməklə, məktubda yazılanların “ciddiliyini” görmək olar.

S.Babayeva məktubda “yazır” ki, ABU-ya tələbə qəbuluna görə E.Abdullayevə 210 min dollar verib və aldadılıb. Lakin daha sonra qeyd olunur ki, Gülər Əhmədova “şikayətçilərə” atılan 500 min dolları qaytarmaq üçün E.Abdullayevlə danışıqlar aparıb. Ən maraqlısı isə 210 min dollar alıb, 500 min dollar borcunu qaytarmayan E.Abdullayevin, Sevinc Babayevanı tutdurmaq üçün 5 nəfər şikayətçi tapması və onların hər birinə 200 min dollar verməsi haqda məktubdakı “daşdan keçən” iddiadır. Yəni belə çıxır ki, E.Abdullayev 500 min dollar borcunu qaytarmamaq üçün 1 milyon dollar xərcləyərək, Sevinc Babayevanı tutdurmaq istəyib.

Lakin bəllidir ki, belə bir məktubun ortaya çıxarılması və çoxtirajlı qəzetin manşetindən yayılmasının təşkil olunması təsadüfi deyil. İstintaq və məhkəmə, faktiki olaraq, “Mandat işi”ni ört-basdır etmiş kimidir. Mandat alverində vasitəçi olduğu, 1 milyon rüşvət aldığı videofaktlarla sübut olunan Gülər Əhmədovaya cəmi 3 il iş verilməsi bu əməliyyatın bir parçası idi. Lakin belə görünür ki, mandat alverinin əsl sahibləri onun heç 3 il də cəza çəkməsinə razı deyillər və tezliklə azadlığa çıxmasına zəmin hazırlayırlar. Bu məktub da, həmin prosesin bir elementi olaraq, ortaya atılıb.

Elə E.Abdullayev də belə hesab edir ki, S.Babayevanın adından yayılmış məktub qondarmadır. Sabiq rektor AzPolitika.info-ya göndərdiyi yeni məktubunda yazır:

“Əvvəla, mərhum Sevinc Babayevanın “məktubu” həqiqətə uyğun olmayan, zərərçəkmişi təhdid etməyə, böhtan atmağa və şərləməyə hesablanmış qondarma yazıdır, MTN zabiti Mahir Abdullayevin Azərbaycanda adam oğurlugu ilə məşğul olan paqonlu mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanmasını ört-basdır etməyə xidmət edir.

Ramiz Mehdiyevin vasitəçisi deputat Gülər Əhmədova ilə ilk görüşüm MTN zabiti Mahir Abdullayev oğurlanan günün səhərisi - 14 oktyabr 2003-cü il tarixində ABU rektorluğunda olmuşdur. Necə olur ki, 10 il sonra mən Ramiz Mehdiyevi, Gülər Əhmədovanı və Azərbaycanda adam oğurluğu ilə məşğul olan «paqonlu” mütəşəkkil cinayətkar təşkilatı ifşa edən gizli videogörüntüləri sosial şəbəkələrdə ictimailəşdirdikdən sonra Sevinc Babayeva ölümündən sonra həqiqətə uyğun olmayan qondarma məktub yazır???…”

E.Abdullayev yazır ki, belə qondarma məktublar Sevinc Babayevanın qətlə yetirildiyini bir daha sübut edir. Əsas şahid Sevinc Babayevanın qətli şübhə doğurmasın deyə, onu zorla İstanbula sürğün ediblər. “Ailə üzvlərinin məhkəmə ifadələrindən də məlum olur ki, o, Səlcuq Ağlayanın xüsusi rejimli ev dustağı olub, üstündə silah ğəzdirən Səlcuq Ağlayan tərəfindən bir necə dəfə döyülmüşdür.

Sevinc Babayevanın oğlu Ayxan Məmmədov 26 sentyabr 2012-ci il tarixli qondarma məktub (video) haqqında açıqlamasında bildirir ki, anamı Gülər Əhmədova zorla məcbur etdi ki, Elşad Abdullayevin əleyhinə ifadə ver və danış. Görünür Sevinc Babayeva İstanbula göndərilməzdən öncə döyülüb və bu məktubu məcbur edib yazdırıblar. Sevinc Babayevanın anası məhkəmədə dedi ki, Gülər Əhmədova qızımı bir neçə dəfə ayağının altına salıb döyüb. Rus dilində təhsil alan Sevinc belə məktub yaza bilməz, onu kimsə məcbur edib bunu yazdırıb.”

E.Abdullayevə görə, bütün bunlar Mahir Abdullayevi oğurlayan mütəşəkkil dəstənin işləridir: “10 ildir ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəni ifşa etmək olmur. Hətta, Prezident İlham Əliyev tərəfindən yaradılan MİK-da açıq-aşkar prezidentin sərəncamını yerinə yetirə bilmir və mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək iqtidarında deyildir.”

Sevinc Babayevanın “ölümqabağı məktubunun” yayılmasına görə, növbəti dəfə Ramiz Mehdiyevi ittiham edən E.Abdullayev sonda Əli Həsənovla bağlı maraqlı bir məlumatı da paylaşır:

“Prokurorluq-Məhkəmə sistemi cinayəti acmaq əvəzinə, zərərçəkmişi qorxutmaqla məşğuldur. Təsadüfi deyil ki, Əli Həsənov 11 dəfə məndən ötrü Fransadan əliboş qayıtmışdır...”

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar