Dünyanın ən gəlirli şirkətlərinin reytinqi açıqlandı

"Fortune" jurnalı dünyanın 500 ən böyük şirkətinin illik reytinqini dərc edib. Reytinqdə şirkətlər ötən maliyyə ili ərzində əldə etdikləri mədaxilin həcminə görə bölünür. "Fortune Global 500" siyahısında "Apple" şirkəti 15-ci yeri tutaraq Cənubi Koreyanın "Samsung" istehsalçısından iki pillə geri qalıb.

"Samsung" il ərzində 195 milyard, "Apple" 183 milyard dollar qazanc əldə edib. Lakin reytinqdə xalis gəlirə görə ABŞ istehsalçısı həm Cənubi Koreya şirkətindən, həm də reytinqin digər iştirakçılarından xeyli yüksəkdə qərarlaşıb. 39,5 milyard dollarlıq xalis gəlirlə "Apple" 500 şirkət arasında ikinci, "Samsung" doqquzuncu yerlə (21,9 milyard dollar) kifayətlənib.

Maraqlıdır ki, "Microsoft" korporasiyası 22 milyard dollar xalis gəlir əldə etməklə "Samsung"u bir pillə geridə qoyub. Reytinqdə gəlirə görə ABŞ-ın proqram təminatı istehsalçısı 95-ci yeri tutub.

"Fortune Global 500" siyahısında lider dünyanın ən böyük pərakəndə satış şirkəti "Wal-Mart" supermarketlər şəbəkəsidir. Şirkətinin illik mədaxili 485,6 milyard, xalis gəliri 16,3 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, "Apple"ın ümumi mədaxili 39,5 milyard dollar məbləğində xalis gəlirlə 182,7 milyard dollara bərabər olub. Hesabat dövrünün yekunlarına görə "Apple"ın satışı təxminən 7 faiz artıb.

Siyahıda ikinci yerdə Çinin neft-kimya şirkəti "Sinopec Group" qərarlaşıb. Şirkət il ərzində 446,8 milyard dollar qazanıb ki, bu da 2014-cü ildən 2 faiz azdır". (fins.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar