“Bank Technique”nin 45 milyonu kimin himayəsilə ələ keçirilib... - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində “İnteralyans” MMC-nin təsisçisi Cavidan Hacıyev və “Meridian Company” MMC-nin təsisiçisi və direktoru Rauf Kərimovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, adıçəkilən şəxslər müxtəlif vaxtlarda “Bank Technique” ASC-yə qarşı üst-üstə 45 milyon manata yaxın dələduzluq əməli törədiblər. Amma uzun illər törətdikləri cinayətlərə rəğmən kimin və ya kimlərinsə dəstəyi ilə məsuliyyətdən yayına biliblər.

Baş Prokurorluğun mətbuat xidmətinin 28 mart, 2014-cü ildə yaydığı rəsmi açıqlamada bildirilirdi ki, “Bank Technique” ASC-dən (keçmiş “Texnikabank”) qanunsuz yolla 45 milyon manata yaxın kredit götürən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib: ““Bank Technique” ASC-dən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı “İnteralyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”.

İstintaqla müəyyən edilib ki, Rauf Kərimov özgənin külli miqdarda əmlakını ələ keçirib, dələduzluq edib. Belə ki, o, 2007-ci ildə “Meridian Company” MMC-nin direktoru işləyərkən tanışı Azər Əmiraslanovu birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlarına inandırıb. Sonuncunun ona olan inamından istifadə edərək onun 1 milyon dollar pulunu alıb və özünün şəxsi ehtiyaclarına sərf edib.

Bundan başqa Rauf Kərimov şəriki Cavidan Hacıyevlə əlbir olub cinayət əlaqəsinə girərək “Texnikabank” ASC-dən 25 dekabr, 2008-ci il tarixli kredit müqavilələri əsasında “Faktum”, “Bəzz” və “Sağlam Rəqabət”, o cümlədən Cavidan Hacıyevin rəhbərlik etdiyi “Transalyans” və “İnteralyans LTD” MMC-lərin adına 30 milyon manat vəsait götürüb. Həmin vəsaitlərin üzərində qanunsuz sahiblik, istifadə və sərəncamvermə hüquqları əldə edib. Bank hesablarına köçürülmüş göstərilən vəsaitləri nağd alıb və aralarında 26 dekabr, 2008-ci il tarixdə bağlanmış sazişə əsasən məbləğin 13 milyonu R.Kərimovun, 12 milyonu isə C.Hacıyevin götürməsi müvafiq qaydada razılaşdırılıb.

Digər təqsirləndirilən Cavidan Hacıyev özgənin əmlakını ələ keçirmək məqsədilə Muşdabə Mövsümxaniyə məxsus Xətai rayonu, Gəncə prospekti, 27 saylı evdə yerləşən mənzili guya rəhbərlik etdiyi “İnteralyans LTD” MMC-yə girov qoymaqla ona aşağı faizlə kredit verəcəyini vəd edərək aldadıb. Həmin mənzili “Atrabank” ASC-də girov kimi rəsmiləşdirməklə “İnteralyans LTD” MMC-nin adına götürdüyü 88 min manat pulun 22200 dollarını 36 ay müddətinə qaytarmaq şərtilə Müşdəba Mövsümxaniyə verib.

M.Mövsümxanlı tərəfindən kreditin ödənilməsi üçün ona verilmiş 32200 dolları, eyni zamanda kredit müqaviləsi zamanı özünün əldə etdiyi 40 min manatı banka ödəməyərək qanunsuz sahibkarlıqla məşğul olub, zərərçəkmişə külli miqdarda ziyan vurub.

Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədilə “Transalyans” MMC-dən Tiflisə Həsənovaya ipoteka ilə 50 min manat məbləğində kredit verəcəyini vəd edərək aldadıb.

Həmin cəmiyyətin təsisiçisi İlyas Qılıcovla “Kredobank” ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi məqsədilə götürdüyü 1.740.000 dolları məbləğində kreditin və ona hesablanacaq faizlərin təminatı kimi Tiflisə Həsənovaya məxsus Yasamal rayonu, Ə.Haqverdiyev küçəsindəki mənzili ipoteka müqaviləsinə əsasən banka girov qoyub, pul alıb. T.Həsənova bununla bağlı müraciət etdikdə yalandan ona kredit götürülməsinin mümkün olmadığını deyib.

Təqsirləndirilən şəxs qismində dindirilən Rauf Kərimov ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib.

O, ifadəsində Azər Əmiraslanovla aralarında biznes münasibətləri olduğunu, işbirliyi nəticəsində sonuncunun ona Moskva şəhərində 1 milyon dollar verdiyini, həmin vəsaitin qarşılığında 2007-ci ildən başlayaraq 2010-cu ilə qədər ona 1 milyon 600 min dollar ödədiyini, ona borcunun olmadığını göstərib: “Azərin anasının çoxsaylı müraciətlərindən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma başlandı. Həmin dövrdə Azər özü etiraf etdi ki, məndən alacağı yoxdur, özünün problemləri var və 1 milyon pul lazımdır.

Mənə dedilər ki, Azərlə aramızda olan münasibətləri mülkiləşdirmək üçün ona borcum olması barədə sənəd təqdim edim, bunun əsasında material üzrə rədd qərarı qəbul olunsun və müvəqqəti saxlama təcridxanasından buraxılım. Məcbur qalıb Azərə borcum olması barədə sənəd təqdim etdim. Həmin sənəddə guya Azərə 2 milyon 157 min 408  manat dollar borcumun olmasını qeyd etdim. Borcun etirafı ilə bağlı sənədi notarius elə idarədə təsdiq elədi. Azər Əmiraslanova borcum yoxdur. Həmin sənədi təzyiq altında məcbur qalıb imzalamışam”.

Təqsirləndirilən şəxs ifadəsində bizneslə məşğul olduğuna görə ölkə ərazisində fəaliyyət göstərən banklarla işlədiyini, işlə əlaqədar banklardan kredit götürdüyünü və vaxtlı-vaxtında qaytardığını göstərib: “Cavidan Hacıyevi 2008-ci ildə tanımışam. Həmin dövrlərdə Cavidan Azərbaycana sement hazırlanması üçün xammal gətirilməsini həyata keçirirdi. Eyni işlə məşğul olduğuma görə aramızda münasibət yarandı və birgə biznes fəaliyyəti ilə məşğul olduq.

Cavidan əsasən “İnteralyans LTD”-nin təsisiçisi olub. Digər MMC-lər mənim işimlə əlaqədar təsis etdiyim şirkətlərdir. 2008-ci ildə “Texnikabank”a 16 milyon borcum olub. Elə həmin ildə sırf sement və sement istehsalı üçün MMC-lərin adına “Texnikabank”dan 25 milyon kredit götürmüşük.

Cavidanın gətirdiyi sementi satsaq da şirkətlərin borcu qaldığına görə banka krediti ödəyə bilmirdik. Nə Cavidan, nə də mən başqa yerə pul xərcləməmişik, işimizlə bağlı sərf etmişik. Bankın o vaxtkı rəhbəri Eibar Əliyev görüşdüm, girov kimi bir neçə əmlak təqdim etdim. Etibar Əliyev isə onların içərisində “Bakı” mehmanxanasını seçdi, həmin əmlakı girov qoymağımı istədi. Ona həmin əmlakın üzərində Mərkəzi Bankın və “Atrabank” ASC-in yüklülüyü olduğunu dedim. Etibar Əliyev dərhal “Atrabank” ASC İdarə Heyətinin sədri Elmixan Nəbiyevlə danışdı və bu məsələni özü həll edəcəyini dedi.

Elmixan Nəbiyev Etibar Əliyevə əmlakı yenidən yüklü edəcəyi təqdirdə “Atrabank” ASC-də olan 3 milyon manat borcu ödəməsini bildirdi. O da 10 gün ərzində ödəyəcəyini dedi. Amma söz verdiyi pulu ödəmədi. 2011-ci ildə Etibar Əliyev yenidən icazə alaraq əmlakı “Qarant Ko” MMC-nin götürdüyü kreditin təminatı kimi təkrar girova qoydu. “Akkord” şirkətinin bizə məxsus şirkətlərə ödədiyi 12 milyon 500 min manat Mərkəzi Banka ödənilmədi. Həmin vəsait Etibar Əliyevin Cavidan Hacıyevə verdiyi başqa kreditlərin hesabına ödənildi.

“Bakı Mehmanxanası” ASC-nin səhmləri lazımi sənədləşmə əsasında girov qoyulub, heç bir qanun pozuntusuna yol verilməyib”.

Təqsirləndirlən şəxs qismində dindirilən Cavidan Hacıyev ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, buna görə də banklardan kredit götürdüyünü, vəsaitləri vaxtlı-vaxtında ödədiyini göstərib: “Sahibkarlığı həyata keçirmək üçün müxtəlif MMC-lər təsis etmişdim. Onlar mənim təşəbbüsümlə yaradılsa da yalnız “İnteralyans” MMC-nin təsisçisi özüm idim. Digər MMC-lər isə İlqar Abbasov və Baba Babayevin adlarına sənədləşdirilmişdi. “Qarant Ko” MMC-nin təsisçisi əvvəllər Rauf Kərimov olsa da sonradan şirkəti özüm aldım. Rauf Kərimovu 2008-ci ildə Nurəhməd Əhmədovun vasitəsilə tanımışam. O, Raufu yanıma gətirib dedi ki, sement alqı-satqısı ilə məşğul olur, bizdən sement almaq istəyir.

Ondan sementi kimə və hara satacağını soruşanda dedi ki, “Akkord” ASC ilə işləyirəm. Həmin şirkətin bizə 3 milyon manatdan çox borcunun olduğunu, onlara sement verilişinin dayandırıldığını bildirdim. Rauf böyük adamlarla işlədiyini, onlara sement veriləcəyi təqdirdə pulun ödəniləcəyini deyirdi. Bu söhbətlər qış aylarında olmuşdu. Həmin vaxt anbarda 30 min tondan çox sement var idi.

Raufa inandım və “Akkord” şirkətinə sement verməyə başladım. Alınan sementin pulu və köhnə borcun bir hissəsi ödənildi. Amma sonradan ödəmə aparılmadığına görə malın verilişi dayandırıldı. Rauf bunun səbəbini soruşanda borc çoxaldığına görə malın verilişinin dayandırıldığını dedim. Həmin ərəfədə Rauf kredit götürməyi təklif etdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, ümumi işin xatirinə Rauf Kərimov Mərkəzi Bankdan 25 milyon manat kreditin verilməsini təşkil edib. Pulun götürülməsi ilə bağlı aralarında imzalanan protokola əsasən 25 milyon manatın 13 milyonunu Rauf Kərimov götürüb əvəzində Türkiyədən sement idxal etməli imiş: “12 milyonu isə “Akkord”un ödəməsi kimi qəbul edilməsini istədi. Pulun 8 milyonu Raufun Türkiyədəki firmasına sement alınması üçün köçürüldü, 5 milyon manat isə nağd şəkildə verildi. Pulu götürəndən sonra “Akkord”a sement verməyə başlanılsa da sonradan “Akkord”un borcu 15 milyon manatı keçdiyi üçün sement verilişi dayandırıldı. Eyni zamanda bank faizləri şirkətləri məhvə doğru aparırdı. Öz götürdüyüm pulun faizi ilə yanaşı Raufun da faizlərini ödəyirdim.

Raufu çağırıb bizi aldatdığını dedim, pulları qaytarmağını tələb etdim. Rauf işləri yoluna qoyacağını desə də heç bir iş görmədi.

2009-cu ilin may ayında Raufun dələduz olduğunu, məni və firma direktorlarını aldatdığını öyrəndik. Firma müdirləri ondan şikayət etmək istəyirdi. Rauf möhlət istədi, hər şeyi özünün həll edəcəyini dedi.

2009-cu ilin may ayının ortalarında Rauf məni Tekin Coşkunerlə tanış etdi, onun böyük iş adamı olduğunu, birlikdə işlədiklərini, Türkiyədə böyük sement zavodu alacaqlarını bildirdi. İşi alındıqdan sonra mənə olan sement borcunu və başqa borcları bu zavod vasitəsilə ödəyəcəyini, onlara köməklik göstərməyimi xahiş etdi. Dedim ki, mənim vəsaitim yoxdur, sizə necə kömək edə bilərəm ki... Rauf cavabında sadəcə onlara zamin durmağımı istədi, çünki “AS Cimento” şirkətinin məni tanıdığını və sözümə inanacağını bildirdi.

Mən də razılaşdım. Həmin ərəfədə Raufu 3 aylıq həbs etdikləri üçün məndən Tekin Coşkunərin hesabına pul ödəməyimi xahiş etdi. Ona pulumun olmadığını dedim. Rauf 7 milyon dollar göndərəcəyini dedi. Həmin məbləği mənə məxsus olan “Bast” MMC-nin adından Tekin Coşkunerin hesabına ödədim.

Rauf həbsdə olduğuna görə Tekinlə məcburən Türkiyəyə getdim, 4 ay orada qaldıqdan onun da Rauf kimi dələduz olduğunu görüb geri qayıtdım. Bir ildən sonra Raufla Tekin məhkəmə vasitəsilə məndən 15 milyon pul tələb etməyə başladılar. Mübahisələr məhkəmə müstəvisinə keçdikdən sonra Rauf Tekinə olan borcun özünə aid olmasını etiraf etdiyindən barışıq sazişi bağlandı”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində Rauf Kərimovun ona qarşı dələduzluq etdiyini, həm onu, həm də başqalarını aldatdığını göstərib: “Rauf bankdan götürdüyü 13 milyon manatı və faizləri qaytarmadığına görə firmaları borcları ilə birlikdə ona satmaq qərarına gəldim. Rəsmi şəkildə alqı-satqı oldu. “Bəzz”, “Faktum” və “Sağlam Rəqabət” MMC-lər Rauf Kərimovun adına keçirildi. Bankda alqı-satqı qəbul olundu, Raufdan öz kreditlərinin altına girovlarını qoymasını tələb olundu. Rauf səhmlərinin çox hissəsi mənə məxsus olan “Bakı” mehmanxanasının səhmlərini öz kreditləri üçün girov qoydu. Sonradan həmin səhmləri girovda ola-ola satdığına görə belə bir mübahisə yarandı.

Onun dələduzluğunun şahidi olduğuma görə başqa şirkətlərlə üzləşmə apardım. Məlum oldu ki, bu adam hər yerə birlikdə işlədiyimizi deyərək həm məni, həm də başqalarını aldadıb. Onun nə bir iş yeri, nə də ofisi olmayıb. Raufun tam dələduz olduğunu bildim”.

amay abdullaTəqsirləndirilən şəxslərin hazırda həbsdə olan “AMAY Abdulla” ilə də ortaq biznes əlaqələri ortaya çıxıb. Belə ki, 2009-cu ilin əvvəllərində A.Abdullayevə məxsus olan “Qaradağ Tikinti” ASC-nin direktoru Əmirağa Xəlilovun Cavidan Hacıyevə sement üçün 350 min manat borcu yaranıb.

C.Hacıyevlə A.Abdullayev arasında razılaşma olub ki, sonuncu “AMAY” MMC-nin Bakı şəhəri, Nobel prospekti, 23-də yerləşən obyektindən “Texnikabank” ASC-yə girov qoyaraq 25 milyon manat məbləğində kredit götürmək üçün əmlak verməli, C.Hacıyev götürülmüş puldan A.Abdullayevin 6 milyon manat borcunu silməli, əlavə 6 milyon manat isə nağd pul verməlidir.

Şahid ifadələrinə görə, bu səbəbdən A.Abdullayev AMAY-ın 13 min kv.m əmlakının “Texnikabank” ASC-yə, 1699 kv.m əmlakını “Atrabank” ASC-yə girov qoyulmasına razılıq verib. C.Hacıyev “AMAY”-ın əmlaklarını girov qoyaraq “Texnikabank” dan 25 milyon kredit götürüb. Amma götürülən kreditdən A.Abdullayevə bir qəpik də verilməyib. A.Abdullayev pullarını C.Hacıyev və R.Kərimovdan dəfələrlə tələb etsə də nəticəsi olmayıb.

Xatırladaq ki,  hələ 2011-2012-ci illərdə mətbuatda Rauf Kərimovun “Texnikabank”a “atması” haqda kifayət qədər məlumatlar yayılmışdı. Həmin məlumatlarda deyilirdi ki, illərlə fəaliyyətsiz qalmış, paytaxtın gözəgəlimli ərazilərindən birində yerləşən “Bakı” mehmanxanasını bu şəxs Azərbaycanın ən məşhur soyadlarından birinin sayəsində “Texnikabank”a girov qoyaraq oradan 15 milyon manat kredit götürüb. Lakin R.Kərimovun sonradan həmin  məşhur soyada da “atıb” və 12 milyonu götürərək aradan çıxıb.

Hazırda mühakimə olunan şəxslərin 2008-ci ildə Türkiyədə də müəyyən şəxslərə “atmaları” haqda həmin dövrdə mətbuatda daha ətraflı yazılıb.

Mətbuatda yazılanlara görə, hər iki şəxs Türkiyədə bu dövlətin vətəndaşı Atif Fərmandalı, Hollandiya vətəndaşı Ronald Rudolfu və əslən türk olan Hollandiya vətəndaşı Ərcan Canı da aldadıblar. Bir neçə il öncə yerli KİV-lərdə yayılmış materiallarda qeyd olunurdu ki, 2008-ci ildə A.Fərmandal və R.Rudolf ortaq biznes layihəsi tərtib edərək Bodrumda istirahət evləri tikməyi planlaşdırırlar.

Bodrumdakı ərazi Atif Fərmandalın olmaqla burada tikiləcək evləri satmaq üçün avropalı müştəriləri tapmaq da Rudolfun üzərinə düşür. Layihə qocalar evi tipli 600 evin tikilməsini nəzərdə tutur. Şəriklər maliyyə çatışmazlığı üzündən əslən türk olan Hollandiya vətəndaşı Ərcan Can adlı iş adamını da özlərinə şərik edirlər. Hər iki həmyerlimiz özlərini əcnəbi ortaqlarına nəqliyyat naziri Ziya Məmmədovun ortaqları və partnyorları kimi tanıdırlar. Danışıqlar baş tutub, Cavidan Hacıyev və Rauf Kərimov Bodrum təsisatının həlledici - 77 faizlik payla əsas sahiblərinə çevriliblər.

Amma az sonra C.Hacıyev və R.Kərimov bizneslərində “fors-major” yaşandığını türkiyəli şəriklərinə çatdırıblar. Durumu belə izah ediblər ki, İrandan Azərbaycana sement komponenti idxal edirmişlər. Bunların növbəti çox böyük idxal partiyasının üzərinə gömrük “əl qoyub”, 40 faiz rüşvət tələb edib. Onlar da bu məbləği ödəməyə məcbur olublar. Ona görə də dövriyyədə nağd pul çatışmazlığı var və s. bu kimi bəhanələr gətirərək şəriklərini sakitləşdirməyə çalışıblar.

Elə həmin zamanlarda hər iki şəxs “Bank Melli İran” və onun Türkiyədəki şöbəsini dövriyyəyə soxublar. Bankın ekspertləri Bodruma gəlib, inşaatı 100 milyon avroya dəyərləndirib 30 milyon avroluq kredit tranşı aça biləcəklərini söyləyiblər. Amma bunun üçün Ərcan Canın razılığı tələb olunub. O isə Azərbaycandan olan şəriklərə güvənmədiyini deyib və müxtəlif bəhanələrlə razılıq verməkdən imtina edib. Sonda isə onu Türkiyədə “razborka”lar aparmaqla ad çıxaran Babataşlar nəslinin nümayəndəsi Yaşar Babataş razı salıb - özünün bir-iki yaxın adamını da götürüb gecə saat 3-4 radələrində Ərcan Canın evinə hücum edib, onu “inandırıb” ki, bu sənədə imza atmamağın çox pis nəticələri ola bilər. Can canının qorxusundan sənədləri imzalayıb. Cavidan Hacıyev və Rauf Kərimov sənədləri İran Milli Bankına verərək ilkin olaraq 3 milyon 608 min avroluq kredit tranşını öz hesablarına köçürtdürür və İrandan Azərbaycana sement komponentinin ixracı əməliyyatını davam etdirirlər.

Sonradan Türkiyə məhkəməsinin qərarına əsasən Atif Fərmandal həbs edilib, Ərcan Cana Türkiyədən çıxmaq yasaq olunub. Cavidan Hacıyev və Rauf Kərimov haqda isə axtarış elan olunub.

Ziya-MammedovBelə məlumatlar da var ki, Z.Məmmədov adının iki dələduz tərəfindən partnyor kimi hallanmasından xəbər tutanda artıq onlar digər bir nüfuzlu nazirin adından istifadə etməyə başlayıblarmış. Ziya Məmmədov Türkiyədəki ortaqlarını inandırmağa çalışıb ki, Cavidan Hacıyev və Rauf Kərimov onunla heç bir əlaqəsi olmayan adamlardır. Həmin ərəfədə isə bu şəxslər Türkiyənin biznes çevrələrinə soraq yayıblar ki, onlar Ziya Məmmədovun yox, başqa bir nazirin qardaşının ortaqlarıdır...

Məhkəmə prosesi iyulun 28-də davam etdiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar