MİQRASİYA XİDMƏTİNDƏN ŞİKAYƏT - "Xaricilərdən aldıqları pullarla..."

Lənkəran rayonu Veravul kənd sakini Qulamov Fərid Cümşüd oğlu “Azpolitika.info”saytı vasitəsilə ölkə prezidenti İlham Əliyevə Açıq Məktub ünvanlayıb. O, məktubda Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxslərinin qanunsuzluğundan şikayətlənir. Həmin məktubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:

“Mən bütün azərbaycanlıların prezidentiyəm” söyləyən, Əsas Qanunumuzda məhkəmə müstəqilliyinin təminatçısı kimi göstərilən Azərbaycan Respublikasının Prezidentinə pozulmuş hüquqlarımın bərpası üçün mətbuat vasitəsi ilə müraciət edirəm. Siz, həm mənim hüquqlarımı kobudcasına pozan Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxslərinin, həm də mənim prezidentimsiniz. Ağdam rayonunda müşavirə zamanı idarə, müəssisələrdə müharibə veteranlarına olan qanunsuz hərəkətlərə son qoyulmasını şəxsən tələb etmisiniz və bunu dövlət siyasəti elan etmisiniz. Ancaq Sizin bu göstərişinizdən Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxsləri və onların qanunsuz əməllərini qanunsuz qərarları ilə ört-basdır edən məhkəmə hakimləri nəticə çıxarmır.

18 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla keçirilən attestasiya nəticəsində qeyri-qanuni olaraq, xidməti fəaliyyətimə xitam verilib və daimi qulluğa qəbul edilməmişəm. Məni özlərinin şəxsi qanunları ilə zorakı üsullarla xidmətdən uzaqlaşdırıblar.

Attestasiya komissiyası səlahiyyət həddini aşaraq, məni işdən azad edib. DMX rəisi məzuniyyətdə olan gün-19 iyul 2013-cü il tarixində onun adından üzərində heç bir qanunvericilik norması və attestasiya sənədinə istinad edilməyən əmrdən çıxarış verilmişdir. Bu vəzifəli şəxslər 2 il müddətində mənim DMX rəisinin qəbulunda iştirakıma imkan verməmişdir. Bu barədə DMX rəisinə yanlış məlumat verilir.

DMX-də bir neçə Qarabağ müharibəsi veteranının işdən azad edildiyini nəzərə alsaq, deyə bilərik ki, Qarabağ veteranlarına bir xoş olmayan münasibət var. Bu, DMX rəsmilərinin Qarabağ həqiqətlərinə olan gerçək münasibətidir. 2 il müddətində faktlar əsasında etdiyim çoxsaylı poçt və elektron formada müraciətlərimə bu qurumda baxılmır.

37 yaşımda müəllim işləyərkən, testlə həmin quruma qulluğa qəbul edilmişdim. Mənim xidməti fəaliyyətimə qərəzli və qanunsuz olaraq xitam verilməsinin əsl səbəbi, rəis vəzifəsi 5 ildir vakant olan Lənkəran Regional Miqrasiya İdarəsinə 2012-ci ildə qeyri-qanuni vasitələrlə kiçik miqrasiya xidməti müşaviri rütbəsi ərməğan edilərək, rəis müavini təyin edilmiş Səmədağa Abdullayevin mənə qarşı şəxsən illər öncədən olan qərəzi, kinli münasibəti dayanır.

Mən tarix müəllimi işlədiyim dövrdə ixtisasca riyaziyyatçı S.Abdullayev Lənkəran Təhsil Şöbəsinin müdiri olub. Təhsildə müxtəlif qanunsuz yollarla böyük pullar qazanan S.Abdullayevin himayədarı qardaşı Cavid Abdullayev Dövlət Sərhəd Xidmətində məsul vəzifədədir. Bu sonuncu amil DMX-də vəzifə sahibi olmaq üçün yetərlidir. Mənim qanunsuz qulluğuma xitam verilməsinə 2012-ci ildə prokurorluq orqanında son yaş həddi ilə təqaüdə çıxaraq, digər inzibati orqan Dövlət Miqrasiya Xidmətində Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini (əvəzi) və attestasiya komissiyasına üzv təyin ediilən Siyasət Alıyev yardım etmişdir. S.Alıyev həm də yeni yaradılmış İctimai Şura üzrə kuratordur.

Qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla keçirilən attestasiyaya müvəqqəti sədrliyi isə DMX rəis müavini Elman Əliyev etmişdir.

Ötən il DMX-yə 98 nəfər işə qəbul edilib. Hətta, mənimlə bir gündə qulluq fəaliyyətinə xitam verilən 3 nəfər müxtəlif formada yenidən xidmətə qəbul ediliblər. Lənkəran Regional Miqrasiya İdarəsində anormal idarəçiliyə son qoyulmur və cəza tədbirləri həyata keçirilmir. Əvəzində şəxsi maraqların girovuna çevrilən vəzifəli şəxslər, mənim məhkəmə vasitəsi ilə daimi qulluğa qəbul olunmağıma məhkəmə hakimlərinə qanunazidd təsir göstərərək imkan verilməmişlər. Mənim xidmətə uyğun olmadığımla bağlı hər hansı sübut və ya videoçəkiliş təqdim edə bilmirlər. Qanunsuz işdən çıxarıldığımı sübut edən sənədləri Qəbul günlərində məni qəbul edən PA Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin gənc əməkdaşına təqdim etsəm də, müraciətimə baxılmamışdır. DMX-də qanunvericiliyin icra mexanizmi və kadr seçiminə nəzarət olunmur.

Bir “qüdrətli əl” məhkəmə hakimlərini istiqamətləndirərək, müstəqilliyini əllərindən alıb. Hakimlərin qəbul etdikləri qərarları oxuyanda onların hüquqşünas olmaqlarına adam şübhə edir.

Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Hakim Rəşad Əliyev ilk gündən DMX-nin tərəfini saxlayaraq, maddi və prossesual normaları kobud şəkildə pozaraq, iddiamı təmin etməmişdir.

Bakı Apellyasiya Məhkəməsi həmin hakim tərəfindən məhkəmə aidiyyətini müəyyən edə bilmədiyi üçün qətnaməni ləğv edərək, iş materiallarını baxılmaq üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir. 1 saylı İnzibati-İqtisad Məhkəməsi də iddiama Şirvan İnzibati-İqtisad Məhkəməsində baxılması barədə nəticəyə gəlmişdir. Şirvan İnzibati-İqtisad Məhkəməsi və Şirvan Apellyasiya Məhkəmələrində hakimlər ilk dövrlərdə obyektiv araşdırmağa cəhd göstərsələr də, sonda qanunazidd təsir göstərilməsi səbəbindən qanunvericiliyin tələbləri pozulmaqla, işə bərpa tələbim təmin edilməmişdir.

Bu hakimlər Şirvan İnzibati-İqtisad Məhkəməsinin hakimi Zaur Allahyarov, Şirvan Apellyasiya Məhkəməsi İnzibati-İqtisad Kollegiyasının hakimləri Zeynal Zeynalov (sədr), hüquq elmləri namizədi Qəzənfər Kərimov və Rafael Eyvazovdur. DMX nümayəndəsi çox vaxt məhkəmə proseslərinə gəlmirdi. Mən isə 7 dəfə işsiz vətəndaş borc-xərc edərək Şirvan şəhərinə getmişəm.

01 iyul 2015-ci ildə Ali Məhkəmənin İnzibati-İqtisad Kollegiyası hakimləri Xəqani Məmmədov (sədr), hakimlər Zakir Quliyev, Sevda Hüseynova heç bir əsas göstərmədən şikayətimi təmin etmədi. DMX-nin vəkili və nümayəndəsi məhkəmədə iştirak etmirdi. Halbuki, öz qərarının qanuniliyini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Ali Məhkəmənin qərarı sifarişli və ədalətsizdir. İş materiallarında olan sübutlar qərarda əksini tapmamışdır. Ali Məhkəmənin 2-1(102)-492/15 saylı qərarı əmək hüquqları ilə bağlı son dövrlərə aid ən ədalətsiz və biabırçı qərardır.

Bu qanun pozuntularına hüquqi qiymət verilməsi üçün hüquqşünas olmağa ehtiyac yoxdur. Hüquq elmləri namizədinin də daxil olduğu hakimlər isə kobud,  gözəsataşan qanun pozuntuları olduğu halda hesab edir ki, əməli yazı nümunəsi və qaydalara uyğun olmayan şəkildə yazılmış qərəzli xasiyyətnamə, əmək müqaviləsi bitdikdən 11 gün sonra attestasiya keçirilməsi, komissiyanın üzvlərinin sayının 6 (cütrəqəmli) olması, attestasiya zamanı mənə işimlə bağlı yox, qədim dünya tarixindən suallar verilməsi, attestasiya vərəqəsində sualların, katibin və mənim imzamın olmaması, rəis məzuniyyətdə olduğu müddətdə əmr imzalaması, çıxarış formasında əmrin üzərində heç bir qanunvericiyin normasına və attestasiya sənədinə istinad olunmaması, attestasiya komissiyası qərarı tövsiyyə xarakterli olduğu halda, komissiyanın məni işdən azad etməsi, işlədiyim şöbədə vakant vəzifələr müsabiqəyə çıxarıldığı halda, mənə boş iş yeri təklif etmədən ezamiyyətdə olduğum müddətdə qulluq fəaliyyətimə xitam verilməsi və s. kobud qanun pozuntularını qanuni hesab edir.

Çünki DMX-nin yüksək vəzifəli şəxsləri həmin pozuntulara yol veriblər. Mən isə sadə vətəndaşam. Sonuncu amil isə məhkəmələrdə qərarların qəbul edilməsi üçün həlledicidir.

Qanunların aliliyinə, mənim Qarabağ müharibəsi veteranı olduğuma, məhkəmə hakimiyyətinə, nə öz qərarlarına hörmət edilmədən 3-5 vəzifəli şəxsin maraqlarına, qanunsuz göstərişlərinə xidmət edərək qanunları tapdayırlar. Adi işə bərpa tələbini “Qordi düyünü”nə çeviriblər. Cinayət qanunvericiliyində bilə-bilə qanunsuz qərar verilməsi ilə bağlı 295-ci maddədə məsuliyyət nəzərdə tutulsa da, hakimlər cəzasız qalır.

Məhkəmə-Hüquq Şurasına çoxsaylı müraciətlərim heç bir nəticə verməmişdir. Hətta 12 sentyabr 2014-cü ildə bölgələrdə keçirilən qəbul çərçivəsində Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun qəbulunda iştirak edərkən şikayətimin nəzarətə götürüləcəyi bildirilsə də, nəticəsi olmamışdır.

Ali Məhkəmənin Azərbaycan dövləti adından çıxardığı hüquq elminə utanc gətirən qərarı ilə xidmətə bərpa oluna bilmədim. Məhkəmələrdən ədalətsiz mövqe və qərarlar məni məcbur edir ki, ədalətli araşdırma hüququm pozulduğu üçün Avropa İnsan Haqları Məhkəməsinə şikayət edim. Məhkəmə-Hüquq Şurası araşdırmalıdır ki, 4 məhkəmədə hakimlərinə hansı formada təsir göstərilərək bu qədər qanun pozuntularına göz yumulub. Hakimlər müstəqil qərar versəydilər mən çoxdan işimə bərpa olunmuşdum. Məhkəmələr hansı haqqa üstünlük verirlər?!

2 ildir işsizəm. Peşəkar kadr və müharibə veteranına DMX rəsmiləri “layiqli həyat səviyyəsi” yaşatdılar. LRMİ rəis müavini, bir vaxtlar müəllimlərin əmək haqlarından pullar yığdıran Səmədağa Abdullayev hazırda əcnəbilərdən yığdığı pullar hesabına dəbdəbəli həyat tərzi sürür. Mən dövlətin qanunları ilə xidmətə qəbul edilən peşəkar kadr isə DMX rəsmilərinin “məqsədyönlü”, uğursuz kadr siyasəti nəticəsində yoxsul vəziyyətə salınmışam. Mən peşəkar kadr DMX rəisinin qəbulunda iştirak edə bilmədiyim halda, 19 martda peşə bayramı günü miqrasiyanın əlifbasını bilməyən və barəsində yerli və əcnəbilərdən ən çox şikayət olunan S.Abdullayevə hansı xidmətlərinə görə DMX rəisi “miqrasiya orqanlarında fərqlənməyə görə” medalı verir?

Artıq DMX–də qərarlar məni təəcübləndirmir. DMX-də qanunsuz vasitələrlə çalışanlar olduğu halda, mən dövlətin qayda-qanunu ilə DMX-yə xidmətə qəbul edilən Qarabağ müharibəsi veteranına bu qurumda öz savadımla, bacarığımla yer yoxdur. Vəzifələr DMX-də təqaüdçülərə məhkum, mən isə işsiz vəziyyətə salınaraq təqaüdçülərlə bir skamyada əyləşib onların xatirələrinə qulaq asmağa məhkumam.

2 il əvvəl Mübarək Ramazanda qanunsuz xidmətimə xitam verilərək daimi qulluğa qəbul edilmədim. Bu il isə bütün güclərini səfərbər edərək Mübarək Ramazanda Ali Məhkəmə hakimləri sayəsində qanunsuz qərarla haqqıma qovuşmağa imkan verilmədi. Karyeramın üzərində xətt çəkildiyi və ailəmin çörəyinin kəsildiyi bədxah əməllərə görə Uca Allah qarşısında bir gün cavab verəcəklər.

Hörmətli Cənab Prezident!

Daimi qulluğa qəbul edilməyimlə bağlı araşdırma aparılaraq xidmətə bərpa olunmağıma kömək etməyinizi və təqsirkar vəzifəli şəxslər və məhkəmə hakimlərinin cəzalandırılmasını xahiş edirəm.

Hörmətlə: Fərid Qulamov”

P.S. Məktubda adları keçən şəslərin, o cümlədən Dövlət Miqrasiya Xidmətinin mövqeyini də işıqlandırmağ hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar