GÖMRÜK KOMİTƏSİ DEPUTATA CAVAB VERDİ – KİM HAQLIDIR?

“Dövlət Gömrük Komitəsi bəzi elektron kütləvi informasiya vasitələrində genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı yanlış məlumatların yayıldığını nəzərə alaraq diqqətə çatdırır ki, Azərbaycan Respublikasında geni dəyişdirilən məhsullarla əlaqədar qəbul edilmiş qanunlardan irəli gələn və gömrük orqanlarına aid edilmiş səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər həyata keçirilir və geni dəyişdirilmiş malların ölkə ərazisinə daxil olmasına yol verilmir.” Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin “AzPolitika.info”ya daxil olan bugünkü məlumatında belə deyilir.

Xatırladaq ki, Gömrük Komitəsinin məlumatında adı çəkilməsə də, genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı məsələni Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov qaldıraraq, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin bu məsələdəki roluna diqqəti çəkmişdi. Deputat aznews.az saytına müsahibəsində demişdi: “Geni dəyişdirilən məhsulların ölkəyə buraxılması, onların insanlar satılması dəhşətli cinayətdir. Gərək aidiyyəti qurumlar, şəxslər məhsuliyyətli olsunlar”.

Gömrük Komitəsinin açıqlamasında daha sonra deyilir:  “Kənd təsərrüfatı məhsullarının, o cümlədən toxumların, əkin materiallarının ölkə ərazisinə gətirilməsi zamanı məhsulların növünə və xarakterinə uyğun olaraq mütləq qaydada zəruri olan sertifikatlar, icazə sənədləri, dövlət qeydiyyatında olmasını təsdiq edən sənədlər tələb edilir. Eyni zamanda, bitki nümunələri “GMO bitkilərinin beynəlxalq miqyasda tanınan siyahısı” ilə tutuşdurulur və qablaşdırılan taranın üzərindəki etiketlərə baxış keçirilir.

Malların genetik modifikasiya olmasına dair şübhə yarandıqda dərhal müvafiq rəylərin alınması üçün əlavə yoxlama prosedurları aparılır və laborator müayinələr keçirilməsi nəzərdə tutulur.

Hazırda geni modifikasiya olunmuş məhsulların ölkə ərazisinə buraxılmaması sahəsində müvafiq tədbirlər davam etdirilməklə yanaşı, gömrük orqanları səmərəli yoxlamaların aparılması üçün daha müasir stasionar laborator avadanlıqlarla, eləcə də ekspress PCR laborator cihazlarla təchiz olunur, bu sahədə səlahiyyəti olan digər qurumlarla əlaqələndirilmiş fəaliyyət həyata keçirilir”.

Sual olunur: Gömrük Komitəsi genetic modifikasiya olunmuş məhsulları həqiqətən də ölkə ərazisinə buraxmırsa, bəs bu məhsullar ölkə bazarlarında necə “at oynadır”? Bu sual açıq qalır.

V.NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar