Abid Şərifov işçilərə maaş vermir - 4 aydır

Abid S“Evrascon” ASC-nin işçiləri dörd aydır maaş ala bilmirlər. Onlar əməkhaqlarını ala bilməməklə bərabər, işdən qanunsuz olaraq çıxarılmaqla da hədələnirlər. Şirkətin Qazaxıstanda çalışan işçiləri musavat.com-a bildiriblər ki, aylardır ki, maaş üzünə həsrətdirlər: “Artıq 4 aydır maaş ala bilmirik. Maaşların gecikməsi nəticəsində banklara olan kredit borclarımız gecikir. Nəticədə kredit faizləri çoxalır və biz kredit borclarını verə bilmirik”.

Həmçinin işçilər bildirirlər ki, “Evrascon” ASC-də işçilərin hüquqları kütləvi şəkildə pozulur: “On iki saat iş rejimi, ezamiyyət və məzuniyyət hüquqları pozulur. İşçilər bayramlarda da işlədilir. Ayda 26-28 iş günümüz var. Dəfələrlə rəhbərliyə müraciət etməyimizə baxmayaraq, problemlərimiz həll edilmir. Əksinə, bizi işdən qovmaqla hədələyirlər”.

Bildirilir ki, Qazaxıstanda maaş ala bilməyən işçilərin sayı 500 nəfərə yaxındır: “Səbəb kimi pulun olmadığını göstərirlər. Maaşların nə zaman veriləcəyi də məlum deyil, heç bir dəqiq vaxt demirlər”.

Bu ilin fevralında işçilər kütləvi şəkildə ixtisar da edilib: “Beş min nəfərin tən yarısı ixtisara düşdü. Biz Azərbaycanın dövlət başçısı İlham Əliyevə müraciət hazırlayırıq”.

Qeyd edək ki, tikini şirkəti olan “Evrascon”un böhran keçirdiyi bildirilir. İşçilərin tətilə başlayacağı da verilən məlumatlar arasındadır. Bu firma Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-dir, adını dəyişib. Bildirilir ki, ASC-nin fəaliyyətində ciddi maliyyə maxinasiyalarına yol verilib, milyonlarla vəsait təyinatı üzrə xərclənməyib. Şirkətin baş nazirin müavini Abid Şərifovun dəstəyi ilə fəaliyyət göstərməsi barədə məlumatlar da var. Şirkətin fəaliyyəti Azərbaycanla məhdudlaşmır və ölkə hüdudlarından kənarda da, məsələn, Rusiya, Qazaxıstan, Özbəkistan və sair kimi ölkələrdə infrastruktur obyektlərinin inşası ilə məşğuldur. Şirkət 2013-cü ildə adını dəyişərək, “Avro-Asiya İnşaat Korporasiyası” “Evrascon” ASC olub.

“Evrascon” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də “EVRASCON” ASC-nin 16,89 faizinə nəzarət edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar