“TƏK KƏMALƏDDİN HEYDƏROV MÜXALİFƏTDƏN GÜCLÜDÜR” – Rəsul Quliyev

Eks-spiker sıravi müxalifətçiləri təhqir etdi: ”Səthi ağıla malik işsiz-gücsüz insanlardılar”

Azərbaycandakı indiki rejiminin fundamenti bataqlıq üzərində qurulduğu üçün sürüşmək, yıxılmaq təhlükəsi həmişə mövcuddur. Söhbət bu günkü vəziyyətdə ölkədə dəyişikliyin qonşu ölkələrdə gedə biləcək proseslərdən asılı olmasından gedir. Mən burada velosiped kəşf etmirəm. Hər şey göz qabağındadır.”

Bunları ACP-nin keçmiş lideri Rəsul Quliyev “Feysbuk”da siyasi vəziyyətə dair müzakirələr zamanı yazıb. Eks-spiker hər zaman olduğu kimi, fikirlərini ifadə edərkən, bu dəfə də emosional tərzə üstünlük verib və hazırki müxalifət liderlərinin (Əli Kərimli, İsa Qəmbər və digərləri) ətrafında toplaşan insanları təhqir edib. Sitat:

“Bu dəqiqə ölkədə Milli Şura (yəni AXCP), Müsavat partiyaları var (azdan- çoxdan təşkilatlanmış) EL hərəkatı və ADP öz təşkilatlarını yaratmaq istəyirlər. KXCP, AMİP kiçik qüvvələrdir. Bunların hamısı bir yerdə olsa belə, ümumi gücləri 5 min adamdan yuxarı çıxmır. Ölkə əhalisinin 99 faizi ya bu təşkilatları tanımır, ya da müxalifət olduqlarını bilmirlər. Hökumətin total gücünü qoyaq bir tərəfə, hətta bütün müxalifət bir yerdə olsa belə, tək bir nazirin gücündən (məsələn, K.Heydərov, Z.Məmmədov) belə zəifdir. Məgər bu belə deyilmi? Ona görə partiya və qurumların “yeni mərhələyə qədəm qoyduq, rejimin sonu çatıb” kimi bəyanatları xalqa söylənilən ağ yalandır. Ətraflarında olanları (azı 70 faizi səthi ağıla malik olan, heç bir işi- gücü olmayan ) qaçıb dağılışmağa qoymamağa qulluq edən bu şüarlar əslində bu rejimin ömrünü uzatmağa xidmət edir. Yaxın tarixə nəzər salaq. 2003-cü ildə 70-80 min adam mitinqlərdə iştirak edirdi və onlar kifayət qədər qətiyyətli idilər. 2005-ci ildə 40-50 min adam dəyişikliyə inanırdı və mitinqlərə çıxırdı. İndi prezident seçkisi ərəfəsində maksimum 5000, qiymətlərin qaldırılması ilə əlaqədar cəmi 1000 nəfər mitinqlərə çıxdılar. Bu rəqəmlər müxalifətin total deqradasiya etməsindən xəbər vermirmi?”

Prinsipcə, R.Quliyevin dediklərində müəyyən həqiqət olsa da, bunları onun dilə gətirməsi anormallıqdır. Məgər 2003, 2005, hətta 2013-cü ildə insanların ümidlərinin qırılmasının ən böyük günahkarlarından biri, hətta birincisi elə Rəsul Quliyev deyilmi?

Müxalifətə öldürücü zərbə olan 2005 hadisələrinin baş qəhrəmanı, məgər R.Quliyevdən bir başqası idi?

Bütün bunlardan sonra indi sıravi müxalifətçiləri “səthi ağıla malik olan avara insanlar” adlandırmağın adı nədir, buna qoy dəyərli Oxucularımız qiymət versinlər.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar