Azərbaycan da "İran fürsətini" qaçırmaq istəmir
Qərb ilə İranın razılaşmasından sonra bir çox dövlətlər investisiya və əməkdaşlıq fürsətlərindən faydalanmağa cəhd göstərirlər. Azərbaycan da İrana üz tutan ölkələr karvanına qoşulur.
3-4 avqust tarixlərində iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olacaq. Bu barədə "Marja"ya İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib.
Bununla əlaqədar iyulun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul etmişdir. Görüşdə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə dair müzakirələr aparılmışdır.
Qeyd edək ki, İrana səfər edəcək Azərbaycan nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, SOCAR-ın, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərenerji” ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələri və iş adamları daxildir.
Səfər çərçivəsində Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə ediləcək, bir sıra görüşlər keçiriləcəkdir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.