AYDIN ƏLİYEV DEPUTATIN QARDAŞINI İŞDƏN QOVDU! - Eldar İbrahimov 2 gün əvvəl gömrüyü tənqid etmişdi - YENİLƏNDİ

Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi Nizami İbrahimov bu gün tutduğu vəzifədən azad olunub. Bu barədə "Azərtaym.az" saytı məlumat verir.

Məlumatda bildirilir ki, Nizami İbrahimovun vəzifəsindən azad olunması gözlənilməz olub. O, günün birinci hissəsində iş yerinə gəlib və idarənin kollektivini yığaraq onlarla vidalaşıb.

Nizami İbrahimov Milli Məclisin üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun qardaşıdır.

AzPolitika.info xatırladır ki, Eldar İbrahimov cəmi 2 gün əvvəl – iyulun 27-də aznews.az saytına müsahibəsində genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı danışarkən, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin bu məsələdəki fəaliyyətsizliyinə diqqəti çəkmiş, bu dövlət qurumlarını sərt tənqid etmişdi. Sitat: “Geni dəyişdirilən məhsulların ölkəyə buraxılması, onların insanlar satılması dəhşətli cinayətdir. Gərək aidiyyəti qurumlar, şəxslər məhsuliyyətli olsunlar”.

Bundan dərhal sonra Dövlət Gömrük Komitəsi açıqlama yayaraq deputatı təkzib etmişdi.“Dövlət Gömrük Komitəsi bəzi elektron kütləvi informasiya vasitələrində genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı yanlış məlumatların yayıldığını nəzərə alaraq diqqətə çatdırır ki, Azərbaycan Respublikasında geni dəyişdirilən məhsullarla əlaqədar qəbul edilmiş qanunlardan irəli gələn və gömrük orqanlarına aid edilmiş səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər həyata keçirilir və geni dəyişdirilmiş malların ölkə ərazisinə daxil olmasına yol verilmir.” Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin “AzPolitika.info”ya daxil olan bugünkü məlumatında belə deyilirdi.

Gömrük Komitəsinin açıqlamasında daha sonra deyilirdi:  “Kənd təsərrüfatı məhsullarının, o cümlədən toxumların, əkin materiallarının ölkə ərazisinə gətirilməsi zamanı məhsulların növünə və xarakterinə uyğun olaraq mütləq qaydada zəruri olan sertifikatlar, icazə sənədləri, dövlət qeydiyyatında olmasını təsdiq edən sənədlər tələb edilir. Eyni zamanda, bitki nümunələri “GMO bitkilərinin beynəlxalq miqyasda tanınan siyahısı” ilə tutuşdurulur və qablaşdırılan taranın üzərindəki etiketlərə baxış keçirilir.

Malların genetik modifikasiya olmasına dair şübhə yarandıqda dərhal müvafiq rəylərin alınması üçün əlavə yoxlama prosedurları aparılır və laborator müayinələr keçirilməsi nəzərdə tutulur.

Hazırda geni modifikasiya olunmuş məhsulların ölkə ərazisinə buraxılmaması sahəsində müvafiq tədbirlər davam etdirilməklə yanaşı, gömrük orqanları səmərəli yoxlamaların aparılması üçün daha müasir stasionar laborator avadanlıqlarla, eləcə də ekspress PCR laborator cihazlarla təchiz olunur, bu sahədə səlahiyyəti olan digər qurumlarla əlaqələndirilmiş fəaliyyət həyata keçirilir”.

Eldar İbrahimovun Gömrük Komitəsini tənqid etməsindən 2 gün sonra Gömrük Komitəsinin sədri Aydın Əliyevin deputatın qardaşını işdən çıxarması təsadüf ola bilərmi?

Fikrimizcə, bu barədə geniş şərhə ehtiyac yoxdur.

*****

Onu da qeyd edək ki, millət vəkili Eldar İbrahimov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qardaşı həqiqətən də işdən çıxarılıb. Deputat qeyd edib ki, bu xəbər qardaşının “vurulması” kimi qiymətləndirilməməlidir.

Çünki Nizami İbrahimovun artıq 63 yaşı var və o, məhz yaş həddi ilə əlaqədar olaraq işindən uzaqlaşdırılıb.

Eldar İbrahimov qardaşının uzun illər bu sistemdə qüsursuz işlədiyini də vurğulayıb.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar