Gömrük Komitəsinin “müvafiq tədbirləri” – “Çil toyuğun balta dişi?”

Xəbər verdiyimiz kimi, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı danışarkən, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətini tənqid edib. Deputat, bu qurumları genetik modifikasiya olunmuş məhsulları ölkəyə buraxmaqda ittiham edərkən deyib:

“Geni dəyişdirilən məhsulların ölkəyə buraxılması, onların insanlar satılması dəhşətli cinayətdir. Gərək aidiyyəti qurumlar, şəxslər məhsuliyyətli olsunlar”.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin yaydığı açıqlamada isə deyilirdi: “Dövlət Gömrük Komitəsi bəzi elektron kütləvi informasiya vasitələrində genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı yanlış məlumatların yayıldığını nəzərə alaraq diqqətə çatdırır ki, Azərbaycan Respublikasında geni dəyişdirilən məhsullarla əlaqədar qəbul edilmiş qanunlardan irəli gələn və gömrük orqanlarına aid edilmiş səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər həyata keçirilir və geni dəyişdirilmiş malların ölkə ərazisinə daxil olmasına yol verilmir.”

Belədə, AzPolitika.info sual etmişdi: Gömrük Komitəsi genetik modifikasiya olunmuş məhsulları, həqiqətən də, ölkə ərazisinə buraxmırsa, bəs bu məhsullar ölkə bazarlarında necə “at oynadır”?

Belə görünür ki, Gömrük Komitəsi bu suala aydınlıq gətirməyi zəruri bildiyindən, bu gün AzPolitika.info-ya yeni tövsiyyə-açıqlama göndərib. Qısa açıqlamada deyilir: “Müvafiq qanunlar və səlahiyyətlər çərçivəsində ölkə ərazisinə genetik modifikasiya olunmuş məhsulların daxil olmasına yol verilmədiyi Dövlət Gömrük Komitəsinin rəsmi məlumatında qeyd edilmiş və buna qarşı davamlı surətdə müvafiq tədbirlərin həyata keçirildiyi bildirilmişdir.

AzPolitika-onlayn siyasi-ictimai qəzetinə, ölkə bazarlarında genetik modifikasiya olunmuş məhsulların mövcudluğunu, internet səhifəsində yanlış şərh edən tərəflərdən öyrənilməsi tövsiyə edilir.”

Dövlət Gömrük Komitəsinin bu məlumatını oxuduqdan sonra anladıq ki, o, nə isə bir söz demək xatirinə yazılıb və mahiyyət etibarilə, «çil toyuğun balta dişi» deməkdir.

Nə üçün bu qərara gəldik?

Birincisi: Məlumatın əvvəlində qeyd olunur ki, guya DGK «müvafiq qanunlar və səlahiyyətlər çərçivəsində ölkə ərazisinə genetik modifikasiya olunmuş məhsulların daxil olmasına yol verilmədiyi DGK-nin rəsmi məlumatlarında QEYD OLUNMUŞ və BUNA QARŞI davamlı surətdə MÜVAFİQ TƏDBİRLƏRİN həyata keçirildiyi bildirilmişdir».

Amma nədənsə, QEYD OLUNMUŞ həmin məlumatların tək bircəciyinə də istinad olunmayıb! Yəni ki, konkret nə vaxt, harada və məhz hansı GMO məhsulların ölkə ərazisinə daxil olmasının qarşısının alındığı barədə bircə kəlmə də deyilmir. Odur ki, bu, ən azı, boşsözçülüyün əyani nümunəsindən başqa bir şey deyil. Üstəlik, DGK məhz hansı qanunlardan çıxış edərək, bu istiqamətdə öz fəaliyyətini qurduğu barədə də susmağa üstünlük verib. Maraqlıdır, niyə?

DGK «BUNA QARŞI davamlı surətdə MÜVAFİQ TƏDBİRLƏRİN həyata keçirildiyini» bəyan edir, amma həmin tədbirlərin nə vaxt, harada, kimlərin iştirakı ilə və kimlər tərəfindən həyata keçirildiyi, tədbirlərin özlərinin məzmunu-təyinatı, məhz hansı kokret nəticələrin əldə olunduğu barədə də söhbət açmır. Görəsən, nə üçün?

İkincisi: DGK bizə (AzPoitika.info-ya) ölkə bazarlarında GMO məhsulların mövcudluğunu guya, internet səhifəsində yanlış şərh edən tərəflərdən öyrənməyi «tövsiyyə edir». Buna ehtiyac görmürük. Əvvəla, ona görə ki, əsas cavabdeh hökumət strukturlarından biri olan Dövlət Gömrük Komitəsi dura-dura, nə üçün hansısa «yanlış şərhçi»dən soruşmalıyıq?! İkincisi, kimdənsə soruşmağa heç ehtiyac da yoxdur - bazar var, biz varıq, bircə dəfə gözucu baxmaq kifayətdir ki, gerçək mənzərə barədə konkret təsəvvürün yaransın. Başqa sözlə, «görünən dağa, nə bələdçi?..».

Beləliklə, əgər bazarda GMO məhsullar meydan sulayırsa və DGK də deyirsə ki, onları ölkə ərazisinə buraxmayıb, deməli istehlak bazarında satılanlar sadəcə, «qaçaq maldır». Belədə, başqa bir sual boy verir: bəs, həmin qaçaqmal bazara necə yol tapıb? Buradan da belə nəticə çıxır ki, DGK ya qaçaqmalçılığın öhdəsindən gələ bilmir, ya da bilərəkdən-məqsədli şəkildə qaçaqmalçılığa meydan verir!

Bir başqa istiqamət də var. İbarətdir ondan ki, hal-hazırda Azərbaycan Respublikasında hər-hansı özəl və ya hökumət qurumunun GMO orqanizmləri, istehsalında belə orqanizmlərdən istifadə olunmuş qida məhsullarını aşkarlamaq imkanında olduğu barədə günümüzə qədər rəsmi informasiyaya rast gəlinməyib. Yəni ki, DGK istəsə belə, Azərbaycana gətirilən belə məhsulları aşkarlamaq qüdrətində deyil. DGK özü də bu günlərdə yaydığı bir açıqlamada bu qənaəti dolayısı ilə təsdiqləmiş olub. Məsələn, açıqlamada deyilir ki, DGK Azərbaycana gətirilən belə məhsulların müvafiq sənədlərini, o cümlədən, uyğunluq sertifikatını yoxlayır. Buna biz də şübhə etmirik - DGK formal sənəd yoxlanışı məsələsində hamını geridə qoyur. Fəqət bu, formal çalışmadır və GMO məhsulların aşkarlanması istiqamətində heç bir nəticə verə bilməz. Nədən ki, məhsul gətirən kəslər onun sənədlərində durub yazası deyillər ki, eheyyy, bu, GMO məhsuldur!

Digər tərəfdən, GMO məhsulların mənşəyini nə üçün DGK yoxlamalıdır ki? Bunun üçün ölkədə çoxsaylı «müftəxor» qurumlar var. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Səhiyyə Nazirliyinin Karantin Xidməti, Standartlaşdırma və Metrologiya Komitəsi bəs nə üçün yaradılıb? O da maraqlıdır ki, məhz nə üçün DGK sözügedən dövlət (hökumət) qurumlarının əvəzinə öz sinəsini qabağa verir?

Düşünürük ki, bu da öz səlahiyyət dairəsini bilməzlikdən irəli gəlir...

Bir maraqlı-ibrətamiz məqamı da önə çəkmək istərdik. Hələ 2006-cı ildə parlamentdə «Geni dəyişdirilmiş (genetik modifikasiya olunmuş) orqanizmlərin...» haqqında Qanun layihəsinin hazırlanması-müzakirəsi mərhələsində onun tərkibinə belə məhsulların ölkə ərazisinə gətirilməsini, ölkə ərazisində becərilməsini, belə məhsullardın istifadə etməklə qida məhsulları istehsalının qadağan olunmasını nəzərdə tutan ayrıca maddə daxil edilmişdi. Təssüf ki, parlamentdə müzakirələr zamanı həmin maddəni Qanun layihəsinin mətnindən çıxartdılar. İndi məlum maddəni Qanunun mətnindən çıxaranlar, «Ay haray, qoymayın, GMO «bizi yedi!»» - deyə, haray çəkirlər...

Sözümüzün canı odur ki, GMO məhsullarla mübarizə tək bir quprumun, bir nəfərin bacaracağı iş deyil! O, kompleks yanaşma və siyasi iradə tələb edir!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar