ARİF ƏSGƏROVUN OĞLU 48 MİLYONLUQ YEYİNTİDƏ İTTİHAM OLUNDU- "Bandotdel" əməliyyat keçirib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dəmir Yolları ASC-nin marketinq şöbəsinin rəisini həbs edib

Təxminən iki həftə əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Dəmir Yolları ASC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynov həbs edilib. Bu barədə virtualaz.org saytına mötəbər məlumatlı qaynaqlar bildirib. R.Hüseynov 48 milon manatlıq yeyintidə ittiham olunur.

İri maliyyə fırıldağında əli olan Rahib Hüseynov Azərbaycan Dövlət Dəmir Yolları ASC-nin sədri Arif Əsgərovun yaxın qohumudur. Rahib Hüseynovdan başqa bu maliyyə fırıldağına onun qardaşı Emin Hüseynov da qoşulub. Lakin hüquq-mühafizə orqanları hələlik onun qardaşına qarşı hansısa addım atmayıblar. E.Hüseynov dəmir yollarının təchizat sistemində yer alır.

O da məlum olub ki, Arif Əsgərovun və Rahib Hüseynovun qurduğu iri maliyyə fırıldağında 50-yə yaxın sahibkar zərər çəkib. Bu fırıldaqda bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib. 28 yaşlı sahibkar Elnar Əsgərov dəmiryolları şəbəkəsinin təchizatını inhisar altına alıb və məlumata görə o öz atasının idarəsinin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir.

Bildirilir ki, E.Əsgərov, həmçinin Rahib və Emin Hüseynov qardaşları sahibkarlara cəmi 48 milyon manat borclu qalıb. Dəfələrlə müraciət etmələrinə və dəmir yollarının rəhbərliyi ilə danışıqlar aparmalarına baxmayaraq onların pullarını qaytaran olmayıb.

“Biz o uşaqlarla neçə ildir işləyirdik və aramızda etibarlı tərəfdaşlıq münasibətləri yaranmışdı. Çünki biri Asif Əsgərovun oğlu, digəri onun bacısı uşaqları idi. Biz təsəvvürümüzə də gətirməzdik ki, günlərin birində onlar bizi bu cür aldadacaqlar” - deyə oliqarx oğlunun fırıldağının güdazına gedən, lakin hələlik adını açıqlamaq istəməyən naxçıvanlı sahibkar bildirir.

“Deyirlər ki, onlar pulların böyük hissəsini Las Veqasda qumara qoyublar” redaksiyamıza müraciət edən digər sahibkar danışır. Sahibkarlar ehtiyat edir ki, öz qohumlarından birini qurban verməklə oliqarx Arif Əsgərov öz oğlunu-Elnarı qalmaqaldan kənarda saxlamaq istəyir. Xatırladaq ki, bir neçə il əvvəl Arif Əsgərovun oğlunun adı Britaniya mətbuatında qalmaqalla gündəmə gəlmişdi. Məlum olmuşdu ki, o imtahana öz əvəzindən pulla başqasını salıb.

DİN və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi hələlik saxlanılanlarla bağlı açıqlama vermir. Sahibkarlar isə dövlət başçısına müraciət edərək ondan bu məsələyə müdaxilə etməsini xahiş etməyə hazırlaşırlar.

“Azərbaycan Dövlət Dəmir Yolları” ASC mətbuat xidmətinin rəhbəri bu qurumun sədri Arif Əsgərovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuş bacısı oğlu ilə bağlı xəbərə münasibət bildirib.

Nadir Əzməmmədov virtualaz.org-a açıqlamasında bildirib ki, idarənin marketinq şöbəsinin rəhbəri olmuş Rahib Hüseynov həbsindən xeyli qabaq işdən azad edilmişdi. “Biz onun işdən azad ediləndən sonra nə işlə məşğul olduğunu bilmirik. Və bu, bizi qəti maraqlandırmır” - deyə Əzməmmədov bildirib.

Mətbuat xidmətinin rəhbəri R.Hüseynovun idarənin rəisi Arif Əsgərovun qohumu olması faktına şərh vermək istəməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar