Sədərək Gömrüyü rəisinin həbsinə dair ilginc iddialar
Mirməhəmməd Seyidovundan Azərbaycanda PKK-nın bağlantıları öyrənilir, odan “arzuolunmayan” ifadələrin, sirlərin alındığı istisna edilmir
Naxçıvanın Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun həbsindən 1 aydan artıq vaxt ötür. Bu günə qədər M. Seyidovun həbsi ilə bağlı 2 rəsmi məlumat yayılıb - Dövlət Gömrük Komitəsi (DGK) məsələni araşdırdığını, Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi isə M.Seyidovun məzuniyyətdə olduğu müddətdə həbs edildiyini açıqlayıb.
Sanki Türkiyənin Qars vilayətində tutulan Azərbaycanın rəsmi dövlət qurumunun deyil, hansısa bir özəl şirkətin rəhbəridir.
Hər iki rəsmi məlumat M.Seyidovun ötən ilin dekabrın 17-də İstanbul-Qars təyyarə reysilə ailəsi ilə birlikdə Azərbaycana gələrkən (Qarsdan Naxçıvana maşınla getməklə) Qars hava limanında polis tərəfindən saxlanılandan 1 gün sonra yayılmışdı. Bundan sonra isə Azərbaycanının Dövlət Gömrük Komitəsi başda olmaqla, müvafiq dövlət qurumları - Azərbaycan Baş Prokurorluğu, Azərbaycan Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti susqunluq nümayiş etdirirlər. Bu susqunluq bu gün də davam etməkdədir. Lakin mövzuya dair məlumat təzələnməsi və yorumlar bir neçə dəfə davam edib. Azərbaycan tərəfinin də əl altından öz məmurunu həbsdən çıxartmaq təşəbbüsləri göstərməsi məlumdur. Lakin görünən budur ki, buna nail olmaq imkanlar xaricindədir.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ərəstun Oruclu Mirməhəmməd Seyidovun həbsi ilə bağlı bir neçə dəfə özəl məlumatlarla çıxış edib. Məsələnin maraqlı tərəfi də budur ki, onun öz adından açıq mənbə kimi yaydığı məlumatlar dərc olunsa da, dövlət instansiyaları tərəfindən indiyə qədər də təkzib edilməyib.
Bizdə olan məlumata görə, hazırda bu məlumatların dəqiqləşdirilməsi, araşdırılması gedir. Bu işlərə Azərbaycanda kimlərin bağlılığının olması, kimlərin tapşırığı ilə həyata keçirilməsi aydınlaşdırılır".
Ə.Oruclu dedi ki, hazırkı PKK rəhbərliyinin Azərbaycana qanunsuz gəlib-getməsi də araşdırma epizodlarından biridir: “PKK rəhbəri Murad Qarayılanın Azərbaycana məxfi, başqa ad və kimliklə gediş-gəlişi olub. Bu haqda dəqiq məlumatlar var. Murad Qarayılanın Azərbaycana kimlərin dəvəti, kimlərin himayəsi ilə sərbəst gəliş-gedişi araşdırlır. Ehtimal olunur ki, Murad Qarayılan Azərbaycana Sədərək Gömrük-Keçid Məntəqəsindən keçməklə gəlib. Mirməhəmməd Seyidovun Türkiyədə həbsi təsadüfi deyil. Baxmayaraq ki, Azərbaycanın gömrük orqanları ondan məsafə saxlamağa cəhd edirlər və onun həbs edilərkən məzuniyyətdə olmasını fikrini irəli sürürlər. Amma bu uğursuz cəhddi və absurddur. Azərbaycanın böyük bir gömrük idarəsinin rəisi həbs edilib və ona qarşı çox ağır ittihamlar irəli sürülüb. Amma Azərbaycanın dövlət orqanları özlərini elə aparır ki, sanki Mirməhəmməd Seyidov fərdi fəaliyyətlə məşğul olub və həbs edilib. Əgər bu adam Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi olmasaydı, bu gün ittiham edildiyi cinayətlərdə heç bir halda iştirak edə bilməzdi. Bu adam həmin cinayətlərdə ona görə iştirak edə bilib ki, elə bir yüksək vəzifəni tutub. Bu məsələdə məsuliyyət təkcə Mirməhəmməd Seyidovun üzərində deyil, Azərbaycanın dövlət və hakimiyyət orqanlarının üzərinə düşür! Niyə bu fəaliyyət zamanında yoxlanılmayıb? Mirməhəmməd Seyidovun fəaliyyətinə kim göz yumub? Ona kim himayədarlıq edib?”
Ə.Oruclu M. Seyidovun azad edilə biləcəyi haqda dolaşan məlumatlara da münasibət bildirdi: “Tamamilə mümkündür ki, Mirməhəməd Seyidov müəyyən şərtlər çərçivəsində azad edilə bilər. Əgər şəxs istintaqla əməkdaşlığa gedirsə, onu azad edə bilərlər”.
Ə.Oruclu hesab edir ki, M.Seyidovun tapşırıqla azad edilməsi də mümkün deyil: “Elə olsaydı, Türkiyə baş nazirinin tapşırığı ilə məlum antikorrupsiya və rüşvət əməliyyatı zamanı tutulanların hamısını azad edərdilər”.
Ə.Orucov deyir ki, M.Seyidov Türkiyədə həbsə alınmasaydı, onun istintaqa cəlb edilməsi mümkün olmayacaqdı: “Deməli, o ifadəsində adını çəkdiyi şəxsləri də həbs etmək mümkün olmayacaq. Yəni Sədərək Gömrük Keçid Məntəqəsində fəaliyyətdə olan digər dövlət qurumlarının rəhbərləri, işçiləri istintaqdan kənarda qalacaqlar. Hər halda hazırda durum belədir. Azərbaycan hakimiyyəti də bunda maraqlı deyil. Azərbaycanın hüquq-mühafizə orqanlarının susması bunu deməyə əsas verir. Halbuki Azərbaycanın vəzifəcə böyük bir məmuru həbs edilib və nümayiş etdirilən mövqe normal deyil”.
Ə.Oruclu Azərbaycan hüquq-mühafizə orqanlarının susqunluğuna “hamı hər şeyi bilir və susurlar” şəklində şərh verib: “PKK-ya dəstəkdən tutmuş narkotiklərin qaçaqmalçılığına qədər, hər cinayətə batmış neçə-neçə Azərbaycan rəsmisinin gecələrdir ki, gözünə yuxu getmir”.(musavat.com)
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.