«BakLift»dən şikayət- «150 manat verin» deyirlər!

Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadəyə

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova

Suraxanı rayon İcra Hakimiyyətinin başçısına

«BakLift» İstehsalat Birliyinin rəisinə

Hörmətli cənablar!

Bu məktubu sizlərə ünvanlamaqda məqsədim sadəcə vaxtınızı almaq deyil. Problem əlindən zara gəldim və axırda yazmaq qərarı verdim. Bilirəm ki, heç birinzdən bir haray olmayacaq. Odur ki, sadəcə, tarix üçün yazdım - nə vaxtsa soruşsalar, «xəbərim olmayıb» deyə bilməyəsiniz...

Suraxını rayonunun Yeni Günəşli qəsəbəsində yaşayıram. Məcburi köçkünəm - 1993-cü ildə məskunlaşmışam. Elə həmin vaxtdan günümüzə qədər lift problemi məni (və bütün qonşuları) zara gətirib! «Motor»un söküb satmışdılar. Neçə illər işləmədi, sonra qonşular danışıb pul yığdılar, verdilər «lift idarəsi»nə. Gəldilər «motor» qoydular. Bir qədər işlədi, yenə dayandı, yenə-yenə-yenə... dayandı. Hər dəfə də «lift idarəsi»nə pul yığıb verməli olduq. Sonuncu dəfə, bir neçə ay bundan əvvəl 150 manat verdik, yanmış «motor»un yerinə təmirdən çıxmış birini qoydular. Budur - o da yanıb. İndi lifttmiz işləmir və yayın bu isti çağında 9-cu mərtəbəyə piyada qalxmalı oluruq. Şəxsən mən, hər dəfə pilləkanlarla qalxarkən, bu «lift xidməti» və «lift problemi» ilə əlaqəli olan bütün səhlənkar vəzifəlilərin «yeddi arxa dönənini yağlayıram»!

Bu gün yerli lift idarəsinin rəisinə müraciət etdik, «150 manat verin, motrou dəyişdirək» - dedi. İndi iş bu yerdədir - bizim daha onlara verməyə pulumuz qalmayıb. Lift də düzəlməsə, yayın bu vaxtı işimiz fəna olar. Odur ki, bizə kömək əlinizi uzatmalı olacaqsınız. «Atışın», 150 manat düzəldib verin, biz də verək lift idarəsinə, onlar da gəlib bizim bu başabəla lifti düzəltsinlər. Nəhayət ki, ayıbdır, cənablar - daha bu şiddətdə rüsvayçılıq olmaz! Bir yandan Bakıda «İdman oyunları» keçiririk, o biri yandan liftlərimiz işləmir. Birdən, işdi-şayət, qonaqlarımız bizim bu «komfort»dan xəbər tutar, heç yaxşı olmaz. Yaxın-uzaq xalqlar arasında başıaşağı olarıq...

Bəs deyirdiniz ki, «BakLift»ə pul ayırmışıq ki, şəhərin bütün liftlərini təzələsin - hanı bəs?! Bir yenilik yoxdur. Pulu ayırmadınız, yoxsa ayırdınız, sonra it-bata saldınız?! Necə ki, bankların pullarını it-bata salırsınız. Sizdən soruşmaq istəyirəm: liftlərimiz işləmirsə, onda «BakLift» kimə və nəyə lazımdır - daha onu nə üçün saxlayırsınız?

Səbirsizliklə cavabınızı gözləyirəm, cənablar. Cavab verməsəniz, Azərbaycan Respublikasının Prezideniinə yazacam. Allaha pənah, düşünürəm ki, nə vaxtsa, sizlərə də bir «uprava» tapılar.

Şikayətçi: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar