“TÜRKİYƏ SURİYAYA HÜCUM EDƏCƏK, ƏSƏD QAÇACAQ” – Rəsul Quliyev

“AKP hakimiyyəti çıxdığı səhv yoldan geri qayıtmağa məhkum idi və bunu da etdi”

AzPolitika.info Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyevlə müsahibəni təqdim edir.

- Rəsmi Ankaranın çağırışıyla toplanan NATO-nun iclasından sonra qurumun rəhbəri Türkiyəni müdafiə edən bəyanat verib. Bir çox müşahidəçilər bunun Suriyanın işğalı üçün zəmin ola biləcəyini düşünürlər. Sizcə, bu mülahizə nə qədər doğrudur?

- NATO-nun iclasının toplanmasında heç bir qeyri adilik yoxdur. Hansısa bir üzvün tələbi ilə iclasın keçirilməsi nizamnamədə öz əksini tapıb. Bu toplantısız da NATO ölkələri, xüsusilə ABŞ artıq yarım ildir İŞID-lə müharibə aparır və İraqın işğal olunmuş torpaqlarının 20 faizi artıq azad edilib. Yəni İŞİD-lə müharibə Türkiyəli və ya Türkiyəsiz, davam etdiriləcəkdi. Türkiyənin bu əməliyyatlarda yer alması həmin coğrafiyada qurulacaq yeni siyasi sistemin onun əleyhinə çevrilməsinin qarşısını ala bilərdi. Fikrimcə, Türkiyənin bu addımı onun öz dövlət maraqlarının ortaya qoyduğu zərurətlərdən irəli gəlir.

- Belə bir fikir də var ki, son zamanlar Türkiyə sərhədlərində baş verənlər, əslində qardaş ölkəni Suriyaya çəkmək üçün qurulmuş ssenari idi və buna nail olundu. Bundan sonra kürd separatizmini dəstəkləyən qüvvələr onun arxasından çəkiləcək. Bu hadisələr ABŞ-dan necə görünür?

- Türkiyə istəsə də, istəməsə də qonşu ölkələrdəki mövcud proseslər baş verdiyi andan etibarən bu proseslərin içinə çəkilmişdi. Ortaq tarixi keçmiş və müştərək mənəvi-mədəni dəyərlər yaxın qonşularında yaşanan hadisələrin ona təsir göstərməsini şərtləndirir. Türkiyə bu proseslərə laqeyid qala bilməzdi və qalmırdı da. Odur ki, xüsusilə son zamanlar baş verənlərin Türkiyəni Yaxın Şərq probleminin mərkəzinə çəkmək məqsədi daşıdığı mülahizəsiylə razılaşmıram. Bilirsiniz ki, bölgə dövlətləri üçün artıq təhdid halına çevrilmiş “xilafət” iki ölkədə - İraq və Suriyada yerləşir və təbii ki, onları bu ölkələrdən təmizləmək lazımdır. NATO-nun üzvü olan Türkiyə hər iki ölkə ilə sərhəddədir və özünün strateji məqsədləri vardır. Türkiyə İraqdakı şiələrin hökumətinə alternativ, Suriyada sünnü höküməti yaratmaq istəyir - şiələrlə, ələviləri qıraqda qoymaq istəyir. Qərb bu siyasətin işləməyəcəyinə əmindir. Suriyada yaşayan kürdlər isə hadisələrin inkişafına sünnülük-şiəlik müstəvisindən yox, müstəqil dövlət qurmaq, heç olmazsa muxtariyyatlıq almaq şərtilə Əsəd rejimi ilə vuruşmağa hazırdır. Bu isə Türkiyə üçün ən böyük təhlükədir, ona görə indi Ankara İŞID-dan çox kürd separatizmindən qorxur. Çox ehtimal ki, HATO silahlı qüvvələri, Liviyadakı kimi, hava hucumları ilə Türk quru qoşunlarının irəliləməsinə şərait yaradacaq. Bəşər Əsədin istefa verib ölkədən qaçması reallaşan kimi, (Onun qaçmağa ancaq bir yeri var – Rusiya!) Türk qoşunları hucumu dayandıracaq. Ölkədə sünnü, şiə və kürd nümayəndələrindən müvəqqəti hökumət yaradılacaq, ölkəni İŞID-çılərdən təmizləyənə qədər müvəqqəti hökumət işini davam etdirəcək. Yeni konstitusiyada şiə və kürdlər üçün kabinetdə vəzifələr nəzərdə tutulacaq. Belə bir ssenari ilə hadisələr davam edəcək. Türklər məqsədlərinə nail olmasalar da, təhlükəli İŞİD-çilərdən canlarını müvəqqəti qurtara biləcəklər. Kürd məsələsini isə uzun sürən danışıqlarla uzatmaq mümkün olacaq.

- Kürd separatçılarının mənafeyindən çıxış edən HDP lideri Səlahəddin Dəmirtaş, iyulun 29-dakı açıqlamasında PKK-nın silahları buraxması məsələsində tam razılığa gəldikləri zamanda Ankaradan sərt açıqlamalar gəldiyini deyib. Onun fikrincə, AKP hakimiyyətinin özü problemin sülh yoluyla həllində maraqlı deyil. Niyə bu problemin həllini heç kimsə arzulamır?

- AKP hakimiyyətinin kürd separatçıları ilə danışıqlar aparıb, onlara istər Suriyada, istərsədə Türkiyədə muxtariyyat verilməsiylə razılaşması “Böyük Kürdüstan”ın yaranmasında mühüm rol oynaya bilərdi. Bu da Türkiyənin torpaq bütünlüyünü təhdid edirdi. Ankaranın bu mövqedən gec və ya tez geri çəkilməsi lazım idi. HDP liderinin çıxışına nəzər salsanız, görərsiniz ki, o da danışıqların son anında hakimiyyətin geri çəkildiyini, PKK-nin artıq bütün məsələlərdə razılığa gəldiyi və silahları buraxmaq istədiyi zaman hər şeyin tərsinə çevrildiyini etiraf edir. Dəmirtaş bildirib ki, Türkiyənin bu mövqeyi PKK liderlərini belə təəccübləndirdi. Əslində burda təəccüblü heç nə yox idi. Rəsmi Ankaranın Suriyada vətəndaş müharibəsi başlananda - 4 il öncə tutduğu mövqe, atdığı addım tələsik verilmiş qərar idi və Türkiyənin dövlət maraqlarına cavab vermirdi. AKP hakimiyyəti çıxdığı səhv yoldan geri qayıtmağa məhkum idi və bunu da etdi. Amma bu səhvlərin ağır nəticələri də olacaq. Türkiyə AKP-nin böyütdüyü problemləri ortadan qaldırmaq üçün xeyli əziyyət çəkəcək.

- Səlahəddin Dəmirtaş bu hadisələrin arxasında Türkiyə “dərin dövləti”nin dayandığını bildirib. Doğrudanmı “dərin dövlət” əfsanələri həqiqətdir? Dövlətləri idarə edən “gözəgörünməz” qüvvələr var?

- Mən dünyanı idarə edən ilahi qüvvə, masonizm, “dərin dövlət” və sair fantaziyalara, miflərə, əfsanələrə inanmadığım üçün bu sualınızı qeyri-ciddi hesab edirəm.

- Amma bunu biz yox, kürd separatçılarının siyasi təşkilatının-HDP-nin lideri Səlahəddin Dəmirtaş deyir...

- Olsun. Səlahəddin Dəmirtaşın hər sözü doğrudur, deyə bir şey yoxdur ki. Dövlətlər hansısa qüvvələr tərəfindən deyil, öz maraqları ilə idarə olunurlar. Bəzi addımları atmaq o maraqlar baxımından vacib şərtə çevrilir və hakimiyyətdə kimin olmasından asılı olmayaraq, o addım atılır. Dövlət maraqlarını isə onun geopolitik mövqeyi, iqtisadi, hərbi gücü və bu komponentlərin tələbləri, əhalinin sosial-mənəvi xarakteri, ittifaqda olduğu blokların tələbləri və sairə kimi bir sıra amillər müəyyənləşdirir. Bəzən biz bu amilləri bilmədiyimizə görə miflər uydururuq. Ümumiyyətlə insan anlamadığı proseslərlə qarşı-qarşıya qalanda əfsanə uydurmaq qabiliyyətini ortaya qoyur. Bütün miflərin yaranma səbəbi məlumatsızlıqdır. İnsan oğlu hər şeyin rahatına qaçır. Anlaya bilmədiyi hadisələrin gerçək səbəbini araşdırmaq çətin olduğundan daha rahat yola baş vurur və əfsanələr yaradır. Hesab edirəm ki, “dərin dövlət” “masonçuluq” və sairə kimi miflər də bu cür bilgisizlikdən törəyən əfsanədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar