"Böyük yanğın təhlükəsi var" - Coğrafiya İnstitutu

Direktor müavini: "Xırda qığılcımdan yanğın törəyə bilər”

“Ərazidə rütubət çatışmazlığı həddən artıq az olduğundan, havalar isti və quraq keçdiyindən, meşələrdə və meşə-çöl zonasındakı birillik ot bitkiləri quruduğundan hazırda çox böyük yanğın təhlükəsi mövcuddur. Xırda qığılcımdan yanğın törəyə bilər”.

Bunu APA-ya AMEA Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib. O bildirib ki, sinoptiklərin və Coğrafiya İnstitutunun mütəxəssislərinin proqnozlaşdırıldığı kimi yay fəsli ölkədə çox isti və quraq keçir: “Baxmayaraq ki, bir ara qısamüddətli leysan yağışlar yağdı. Ancaq bu, ərazinin rütubətlik dərəcəsinin artmasına o qədər də güclü təsir göstərmir. Bu da özünü bir çox dağ çaylarının sularının azalmasında, hətta bəzilərinin qurumasında göstərir”.

E. Əlizadənin sözlərinə görə, rayonlarda taxıl biçinindən sonra sahələrin yandırılması ilə torpaq strukturuna böyük ziyan dəyir: “Fermerlərimiz taxıl biçini qurtarandan sonra sahələri yandırırlar. Bu həmin ərazinin torpaq strukturuna ziyandır. Həmçinin xeyirli həşərat növləri məhv olur ki, bu da gələcəkdə məhsuldarlığa mənfi təsir göstərir. Digər tərəfdən, fermerlər kifayət qədər tədbirlər görmədiklərindən yağınlar ətraf ərazilərə keçə bilir. Həm təbii, həm də insan amilinin təsiri ilə son dövrlərdə dağlıq rayonlarda baş verən yanğınlar sözsüz ki, ətraf mühitə çox böyük ziyan verir”.

Direktor müavini qeyd edib ki, yanğınlara qarşı fermerlər arasında maarifləndirmə tədbirləri aparılmalıdır: “Xüsusilə, əhali arasında, fermerlər arasında təşviqat işləri aparmaq lazımdır. Onların biçilmiş sahələri yandırmaqları həm onların özünə, həm ətraf mühitə, həm də bizim həyat mənbəyimiz olan meşələrə çox böyük ziyan verir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar