İsraildən İrana böyük ittiham

İsrail baş naziri Benyamin Netanyahu İran və Livan şiələrinin "Hizbullah" hərəkatını beş qitədə "terror şəbəkəsinin" yaradılmasında ittiham edib.

Bu barədə o Kiprə səfəri zamanı bəyan edib.

May ayında Kipr polisi partlayıcı maddələrin hazırlanması üçün yararlı olan 2 ton kimyəvi maddə aşkar edib. Bununla əlaqədar aparılmış istintaq çərçivəsində 26 yaşlı livanlı saxlanılıb. Onun "Hizbullah" təşkilati ilə əlaqəli olması ehtimal edilir.

"İran və "Hizbullah" beş qitədə 30-dan çox ölkəni əhatə edən terror şəbəkəsi yaradıb. Bu şəbəkəyə demək olar ki, bütün Avropa ölkələri daxildir", -deyə İsrail hökumətinin başçısı Kipr prezidenti Nikos Anastasiadislə keçirdiyi görüş zamanı bildirib.

Kipr prezidenti Nikos Anastasiadis

Netanyahu dünya birliyi və İran arasında nüvə sazişinin bağlanmasının ən qatı əleyhdarı kimi tanınır. İsrailin baş naziri bu anlaşmanı "tarixi səhv" adlandırıb. Onun sözlərinə görə, İslam Respublikası və "altılıq" ölkələri arasında əldə edilmiş razılaşma İrana nüvə silahına sahib olmaq üçün yol açır. Benyamin Netanyahu həmçinin hesab edir ki, sanksiyaların aradan qaldırılması nəticəsində İran Livan, Suriya və Yəməndəki hərbiləşdirilmiş qruplaşmalar da daxil olmaqla Yaxın Şərqdəki müttəfiqlərinə yardımını genişləndirə biləcək.

İran və "altılıq" ölkələrinin nümayəndələri 14 iyulda uzun illər ərzində davam edən danışıqlardan sonra İran atomuna dair tarixi razılaşma əldə ediblər.

Danışıqların nəticəsinə əsasən qəbul edilmiş geniş əhatəli planın İran tərəfindən yerinə yetirilməsi müqabilində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən İslam Respublikasına qarşı tətbiq edilmiş maliyyə və iqtisadi sanksiyalar tamamilə aradan qaldırılmalıdır.

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar