Nazir dərmanların qiymətindən danışdı

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Bunu İqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev vahid qiymətlərlə bağlı “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində deyib.

Azərbaycanda 4 min 500-dən çox dövlət qeydiyyatına alınmış dərman vasitəsinin olduğunu deyən nazir bildirib ki, hər bir dərman vasitəsi üçün ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsi aparılıb: “Buna görə də bu iş vaxt və məsuliyyət baxımından uzun proses tələb edir. Qeyd olunan məsələlər nəzərə alınaraq, qiymət tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmış və dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur”.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Tarif (qiymət) Şurasının bu məsələ ilə bağlı ilk qərarı ilə dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb: “20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enmişdir. Ümumilikdə isə hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90 faizinin qiymətləri enmiş, qalan hissəsinin qiyməti isə dəyişməmişdir”.

Qiymətlərin tənzimlənməsi ilə şəffaflığın təmin ediləcəyini bildirən nazir vurğulayıb ki, bununla da süni qiymət artımının qarşısı alınacaq: “Pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcəkdir ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcəkdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar