“...Bu gün artıq gülə bilmirəm...” - Emin Milli

“Hər şey gün kimi aydındır, kimin kim olduğu bəllidir...”

Meydan TV-nin direktoru Emin Millinin qohumlarının Azərbaycan prezidentinə müraciət etməsi barədə yazmışdıq. E.Millinin 23 qohumu onun anti-Azərbaycan siyasətini dəstəkləmədiklərini və onu Azərbaycana xəyanət etdiyinə görə qohumluqdan çıxardıqlarını bəyan edirlər.

Bəyanatın yayıldığı ilk gün E.Milli qohumlarının bu addımını “kreativ” adlandırmışdı. Amma Meydan TV-nin direktoru dünən gecə saatlarında sosial şəbəkədə paylaşdığı son statusda bu duruma geniş reaksiya verib. E.Milli öncə qeyd edib ki, dünən (xəbər yayıldığı gün-S.T) gülməkdən başqa heç nəyə gücü çatmayıb: “Bu gün artıq gülə bilmirəm.

Faciə gülüşə qalib gəldi. Sözsuz ki, baş verənlər böyük bir faciədir. Bunlar bir insanın ailəsinə bu qədər zərbələr endirirlər. Sadə və günahsız insanları tam məhv etmək istəyirlər. Bunların etdikləri mənə heç təsir də etmir, amma ətrafımda olan insanları qorxudurlar, alçaldırlar, qohumlarından imtina etməyə məcbur edirlər, ləyaqətlərini əllərindən almaq istəyirlər, insanları həbslərlə və ölümlə hədələyirlər.

Bu mübarizədə ölüm mənim üçün növbəti bir mərhələdir və mən buna çoxdan hazıram. Şərlə xeyirin tarixi mübarizəsi gedir, hər şey gün kimi aydındır. Kimin kim olduğu bəllidir. Amma ətrafdakılar bu faciə haqqında yazmağa və ciddi danışmağa belə qorxurlar, yazanda da belə mənasız mövqelər və şit zarafatlar belə yazılarda və şərhlərdə bol olur”.

“Mənim sözüm mövqesizlərə, qorxanlara, hökumətə, ümümiyyətlə, ölülərə deyil” deyən E.Milli daha sonra aşağıdakıları deyib: “Onlara deyəcəklərimi gülərək dünən dedim. Mənim sözüm dirilərədir. Son iki il ərzində Meydan Tv çox böyük bir yol keçib. İşimiz barəsində, onun təsiri və gücü haqqında indi esse yazmaq fikrim, həvəsim və vaxtım yoxdur. Bilən bilir və görən görür.

Amma hesab edirəm ki, görülən işlər hələ istənilən səviyyədə deyil. Nöqsanlar və problemlər çoxdur. Bu həm də bizimlə əməkdaşlıqdan qaçan, çəkinən ictimai fiqurların, jurnalistlərin, dostların, ekspertlərin, vətəndaşların günahıdır. Mənə bu gün Sizin dəstəyiniz lazımdır.

Meydan TV-ni yeni mərhələyə qaldırmaq üçün mənə Sizin cəsarətiniz, dəstəyiniz, vaxtınız, istedadınız, intellektiniz, pulunuz və enerjiniz lazımdır.

Mən 2005-ci ildə özümün və Sizin azadlığınız uğrunda mübarizəyə qoşulanda, Elmar Hüseynovun öldürülməsinə görə qoşuldum. Mən gecikdim və o zaman Elmara kömək edə bilmədim. Çox gec ayıldım. Buna görə, bu gün çox peşmanam. Amma illər sonra onun ruhunu şad edən bir iş qurmaq mənə qismət oldu. Sİzdən isə indi bu işi yalnız dəstəkləmək və inkişaf etdirmək xahiş olunur. Biz indi on minlərlə insana dəqiq informasiya çatdıra bilirik, amma istəyirik ki, bizi milyonlarla insan izləsin. Mənə vurulan bütün zərbələr də buna görədir.

Müstəqil mediası olmayan millət köləliyə və cəhalətə məhkümdur. Müstəqil medianızı dəstəkləyin ki, bu milləti köləlikdən xilas edək.

Sizin və bizim azadlığımız uğrunda!”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar