Kadr dəyişiklikləri qaçılmazdır

Nurəddin ismayıl

Korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, monopoliyanın hökm sürməsi, vergi və gömrük orqanlarında azad sahibkarlığa qarşı sərt rəftarlar dünənə qədər mxalifətin hakimiyyət ünvanına səsləndirdiyi əsas ittihamlar idisə, artıq bu problemlər ölkənin birinci şəxsinin diqqət mərkəzinə çevrilib. Dövlət başçısı öz komandasına vəziyyətin bu cür davam edəcəyi halda onlarla vidalaşmaq zorunda qaldığını dilə gətirir.

Doğrudan da dövlətin varlığını sarsıdan, tərəqqi yolarını bağlayan bu neqativlərin aradan qaldırılması kimliyindən, hansı düşərgəyə məxsus olmasından asılı olmayaraq hər kəsi düşündürməlidir. Prezidentin sahibkarlara haqq qoyulması, vergi orqanlarının sərt inzibati üsullarla azad sahibkarlığn inkişafına əngəllər yaratması faktını vətənə xəyanət kimi dəyərləndirməsi, məmur özbaşınalığı, məmur övladlarının qudurğan hərəkətləri, icra başçılarını vəzifəsindən sui-istifadə etməsi hallarının dözülməz həddə çatması barədə etdiyi xəbərdarlıq problemin ciddiliyindən xəbər verir.

Görünən odur ki, son vaxtlar dövlətin ayrı-ayrı sferalarında kadr dəyişiklilərinin edilməsi ilə bağlı mövzunun gündəmə gətirilməsi məhz bu yaramazlıqların qarşısını almaq istəyindən qaynaqlanır. Gerçəkdən dəyişiklilərə ehtiyac duyulur. Yerini, həddini bilməyən, təşəbbüskarlıqdan, mükəmməl idarə etmədən uzaq olan, yuxarıdan buyruq, hazır reseptlər gözləyən, savadı, dünya görüşü çağımızla uyğunlaşmayan, soyqunçu rəftarı, qeyri etik davranışı əhalidə nifrət yaradan, işi-gücü ancaq dəllalcasına ərazisindəki obyektləri saxta sərəncamlarla satmaq olan icra başçılarının getmək zamanı çoxdan çatıb.

Eyni təyinatlı, oxşar strukturlu nazirlik və komitələrin birləşdirilməsi, o strukturlarda qocalı-qarıyan, süstləşən kadrların, çevik idarə etməyə, müasir biliyə, təşəbbükarlığa malik olan, ölkə və xaricdə mükəmməl təhsil alan, mədəni səviyyəsi ilə seçilən kadrlarla əvəzlənməsi haqqında düşünməyin vaxtı çatıb.

Gömrük orqanlarında fəaliyyət göstərən əməkdaşları bilik və bacarıq üzrə, gömrük işinin təşkili ilə bağlı, fiziki sağlamlığı, vətəndaşlarla necə rəftar etməsi barədə testlər keçirilsə, sırasında saysız-hesabsız generallar olan bu strukturda baş girləyən əməkdaşların fərsizliyi ortaya çıxar. Adam ilk təinatla bu vacib sahənin vacib postunu necə tuta bilər? Yerinə çatmamış mayor, polkovnik rütbəsini necə ala bilər? Məgər sərhəd gömrükxanalarında yaşanan rəzalətlər, yol kəsmələr, zəruri əşyalara haqq qoymalar, xarici vətəndaşlardan pul tələb etmək dövlət adına utanc deyilmi?

Götürək polis orqanlarını. Çəkisi, bədən quruluşu əndazəyə sığmayan, hər kəsə potensial cinayətkar kimi baxan, ictimai asayişin qoruyucusu olmaqdan çox ictimai zorakılıqların aktiv iştirakçısına çevrilən polis əməkdaşları təmsil etdiyi sahənin şərəfini qorumursa, onda görəvlilərin borcudur ki, əli əyri, rüşvətxor, yol kəsən bu cür əməkdaşları polis orqanlarından xaric etsin.

Ordumuzun gücləndirilməsi, hərbi potensialının, döyüş qabiliyyətinin artırılması, düşmənə qarşı ayıq sayıq vəziyyətə gətirilməsi nə qədər sevindiricidirsə, orduda baş verən korrupsiya və rüşvətxorluq halları, komandirlərin hərbi heyət üzərində, zabitlərin əsgələr üzərində hegomonluq etməsi, əsgərlərlə hərbi nizamnamə tələblərinə zidd rəftar edilməsi faktları bir o qədər də narahatlıq törədən xoşa gəlməz faktlardır. Müharibə vəziyyətində yaşayan, ərazisi işğal altında olan ölkənin hərbi nizamı müharibə dövrü qanunlarına uuğun qurulmalı, ordunun birliyinə, əsgərin sədaqətinə xələl gətirən hərbiçilər məhz ən ağır cəzalar verilməklə, ordu sıralarından xaric edilməli, bacarıqlı, ləyaqətli, hərbi peşəyə yiyələnən kadrlarla əvəzlənməlidir.

Hər kəs azad sahibkarların, iş adamlarının qanını soran, onlara haqq qoyan, qapısına kilid vuran vergi orqanlarının, əsassız, rüşvətə hesablanmış yoxlamalar aparan prokurorluq orqanlarının təzyiqləri altında fəaliyyət göstərməsinin canlı şahididir. Kimdir bu orqanlara yüzlərlə insana iş verən, ölkə iqtisadiyyatının diqçəlməsində, bazar iqtisadiyyatının formalaşmasında fəal iştirak edən, xeyriyyəçilik göstərən iş adamları əzmək, sıradan çıxarmaq səlahiyyəti verən? Nədən bu yırtıcılar cəzasız qalmalı, nədən üz qarası olan bu yaramaz kadrlar, millətin üzünü ağardan, peşəsinə hörmətlə yanaşan, qanunun aliliyinə sadiqlik nümayiş etdirən yeni kadrlarla əvəzlənməməlidir? Bəlkə bu cür yaramazlar kadr qıtlığı haqda düşünüb də əvəzolunmazlıq iddiasına düşüblər? Hər halda bu qədər təhsil ocaqlarımız, xarici ölkələrdə təhsil alan övladlarımız varsa kadr qıtlığından danışmağa dəyməz.

Avropalıların demokratik dəyişilmələrin zəruriliyi haqda dillərində əzbər etdiyi bir misal var. Deyirlər ki, dəyişiklik ona görə lazım deyil ki, sən pis işləyirsən, dəyşiklik ona görə lazımdır ki, dəyişiklik lazımdır. Biz də dəyişməli, ölkəmizin iqtisadi-siyasi inkişafında əngələ çevrilən, sosial nizamımızı pozan neqativlərlə vidalaşmalı, hərəkətləri, davranışı, biliyi, qabiliyyəti, mənəvi keyfiyyətləri tutduğu vəzifə ilə uyğunlaşmayan rüşvətxor, harın və başa bəla kadrlardan can qurtarmalıyıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar