Fuad Qəhrəmanlı Müsavat mövzusunu qapatmağa çağırdı- "...cəmiyyət hər şeyi bildi"

"İqbal Ağazadənin, Qüdrət Həsənquliyevin və bu qəbildən olan başqalarının nə demələrinə əhəmiyyət verilmədiyi kimi, daha onların da nə demələrinə əhəmiyyət verən olmayacaq

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı facebook səhifəsində Müsavatın Milli Şuradan ayrılması ilə bağlı gedən müzakirələrin dayandırılması təşəbbüsü ilə çıxış edib. O, artıq bir mərhələnin arxada qaldığını və indi irəli baxmağın lazım gəldiyini yazıb: “İqtidarın Müsavat partiyasını Milli Şuradan ayırmaqla MŞ-nı iflasa uğratmaq cəhdi alınmadı. Bu prosesi Rüstəm İbrahimbəyov, Cəmil Həsənli başda olmaqla, ölkənin tanınmış ziyalıları, MŞ üzvləri və AXCP qınadı. Demək olar ki, demokratik düşərgə bu məsələdə siyasi yetkinlik və təqdir olunası birlik nümayiş etdirdi.

Bu mərhələdə prinsipiallıq göstərərək hakimiyyətin Müsavat partiyası vasitəsi ilə həyata keçirdiyi oyunları açıq və birmənalı tənqid edən bütün dəyərli ziyalılarımıza, siyasətçilər və yazarlara təşəkkür edirik.

Artıq bu məsələyə diqqət ayırmağa gərək yoxdur, cəmiyyət hər şeyi bildi. İndi irəliyə baxmaq gərəkdir.

Bizim hədəfimiz iqtidardır. AXCP olaraq biz 2014-cü ildə təşkilatımızı gücləndirmək və bu rejimə qarşı mübarizəni daha da genişləndirmək üçün fəaliyyət planı qəbul etmişik. Bütün güc və potensiyalımızla ölkəmizin kriminal-avtoritar rejimdən azad olunması yönündə mübarizəni davam etdirəcəyik”.

“Yeni Müsavat” qəzeti F.Qəhrəmanlının bu təşəbbüsünü AXCP-nin qərarı kimi təqdim edib. Qəzetin saytında yer alan məlumatda deyilir ki, AXCP Rəyasət Heyətinin iclasında məsələ nəzərdən keçirilib və Müsavatla bağlı müzakirələrin AXCP-yə, onun sədri Əli Kərimliyə zərbə vurduğu qeyd olunub. Buna görə də bu müzakirələrin dayandırılmasına qərar verilib. Qəzetin iddiasına görə, “AXCP-nin əsas “qırğısı” F.Qəhrəmanlı” bu qərarı olduğu kimi açıqlamaq əvəzinə belə bir rəy paylaşıb.

AXCP Rəyasət Heyətinin iclası yanvarın 21-də olub.

İclas barədə “Yeni Müsavat”ın yazdıqlarını və facebook-da paylaşdığı rəyin məqsədini dəqiqləşdirmək üçün F.Qəhrəmanlı ilə əlaqə saxladıq.

F.Qəhrəmanlı “Yeni Müsavat”ın yalan yazdığını dedi. Bildirdi ki, AXCP Rəyasət Heyətinin iclasında Müsavatla bağlı heç bir məsələ müzakirə olunmayıb. O, xatırladıb ki, Müsavatla bağlı məsələnin gündəliklərində olmadığını hələ iclasdan qabaq yerli saytlardan birinə deyib.

Paylaşdığı rəyin AXCP Rəyasət Heyətinin iclası ilə əlaqələndirilməsini absurd adlandıran F.Qəhrəmanlı sadəcə öz fikirlərini təmsil etdiyi partiyanın və Milli Şuranın üzvlərinə çatdırmaq istədiyini dedi.

“Görünür, “Yeni Müsavat” belə uydurmalarla AXCP-nin, Milli Şuranın diqqətini yayındırmağa, başını qatmağa çalışır. Amma anlamırlar ki, İqbal Ağazadənin, Qüdrət Həsənquliyevin və bu qəbildən olan başqalarının nə demələrinə əhəmiyyət verilmədiyi kimi, daha onların da nə demələrinə əhəmiyyət verən olmayacaq”, - deyə F.Qəhrəmanlı bildirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar