İran neft ixracatını dəfələrlə artıracaq - VİDEO

Tehrana qarşı beynəlxalq sanksiyalar aradan qaldırıldıqdan sonra İran dünya neft bazarındakı seqmentini geri qaytarmaq niyyəti barədə açıqlama verib. Bu ara, İranın prezidenti Həsən Ruhani bazar günü verdiyi açıqlamada ötən ay “altılıq” ölkələrilə əldə olunmuş nüvə proqramı ilə bağlı razılaşmada İranın əsas hədəflərinə nail olduğunu vurğulayıb. ANS TV-nin Tehran bürosunun məlumatına görə, “altılıq” qrupu ölkələrilə bağlanan tarixi nüvə sazişindən sonra İran iqtisadi sferada addımlarını genişləndirməyə çalışır.

Ölkəyə qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra İran xüsusən neft bazarındakı yerini tutmaq niyyətindədir.

Artıq bu sahədə işlərə start verildiyini açıqlayan İranın neft naziri Bican Zəngənə sanksiyalar ləğv olunduqdan sonra ixracatın həcmini bir neçə dəfə qaldırmağ planlarını da söyləyib:“Proqnozlarımıza görə, noyabrın sonu və ya dekabrın əvvəlinə kimi bütün sanksiyalar geri götürüləcək. Görəcəyimiz ilk iş itirdiyimizi - bazardakı yerimizi, bazar seqmentini bərpa etmək olacaq. Söhbət günə 1 milyon barrelə yaxın xam neftdən gedir. Allah qoysa, bu bazar seqmentini dirçəltməliyik”.

Bu arada İran prezidenti Həsən Ruhani də Vyana nüvə razılaşmasını uduşlu saziş adlandıraraq onun ölkə üçün yaxın gələcəkdəki perspektivlərindən danışıb:“Bu danışıqların nəticəsi olaraq bizim üçün dünya qapıları açılmalıdır. O qapılar ki, bizə öz məhsullarımızı dünyaya ixrac etmək imkanı versin. Xarici investisiyanı ölkəyə cəlb edə bilək. Bu razılaşma icra olan gün bütün sanksiyalar ləğv olunacaq, yəni maliyyə, iqtisadi, sığorta, nəqliyyat sahəsində olan bütün sanksiyalar qaldırılacaq”.

İran prezidenti nüvə razılaşmasının həyata keçməsi üçün mümkün olan bütün addımların atılacağını bəyan edib.

Ruhani həmçinin bildirb ki, İran nüvə bombası yaratmağa çalışmır və Tehranın atom bombası hazırlaması haqqında olan söhbətlər sadəcə fantaziyadır.

O ki, qaldı beynəlxalq müfəttişlərin nüvə obyektlərinə nəzarətinə, Ruhani bu barədə deyib ki, dünyada heç bir ölkə öz hərbi sirlərini açıqlamaz və başqasına da bunu etməyə icazə verməz.

İran da istər hərbi, istər elmi-texniki sahədəki hansısa, sirrini yaymağa imkan verməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar