Azərbaycan nefti Fars körfəzi bölgəsinə də daxil olacaq

İran Azərbaycan neftinin Fars körfəzi regionuna "svop" şərtlərlə tədarükünü həyata keçirməyə hazırdır.

Trend-in verdiyi məlumata əsasən, bu barədə Tehranda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşən İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

O bildirib ki, nefti Tehran NEZ-ə İranın Xəzər dənizində yerləşən Neka limanından nəql etmək olar: "Əvəzində Azərbaycan İranın cənub sərhədlərindəki nefti əldə edəcək".

B.N.Zəngənə qeyd edib ki, artıq danışıqlara başlamaq, İrana qarşı tətbiq edilən sanksiyalar ləğv edildikdən sonra isə saziş imzalamaq və işlərə başlamaq olar.

Nazirin sözlərinə görə, İran Xəzərdə neft-qaz sahəsində Azərbaycanla əməkdaşlıq edə bilər: “Biz Xəzərdə əməkdaşlıq üzrə konkret təkliflər irəli sürmüşük və Azərbaycan tərəfindən cavab gözləyirik. Əgər razılaşma əldə edilsə, dövlət başçılarının görüşündə müvafiq sənədi imzalamaq mümkün olacaq”.

O, əlavə edib ki, bunu texniki baxımdan etmək çətin olmayacaq: “Şirkətlərimizin neft-qaz sahəsində böyük təcrübəsi var. Azərbaycan hökuməti onları dəstəkləsə və həmin şirkətlərin ölkədə işləməsi üçün şərait yaratsa, şad olardıq. Sizin şirkətlər də İranda işləyə bilər”.

B.N.Zəngənə diqqətə çatdırıb ki, İran neft avadanlığının istehsalı sahəsində böyük təcrübəyə malikdir: “İran “Siemens” turbinlərini istehsal edir. Biz neft avadanlığının birgə istehsalı sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırıq. İran neft avadanlığını Azərbaycanda istehsal etməyə hazırdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar